Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11816/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X2, Üçüncü şəxs X2 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X19, X10, X7 və X11) “xüsusi mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X19 və X10 üçüncü şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh tərəfindən Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1371 saylı Sərəncamı ilə X8 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsində 5/107 saylı sahədə (indiki Şağan qəsəbəsi ərazisində) yerləşən 1200 kv.m torpaq sahəsinin 0.0572 ha hissəsinin Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 235K saylı sənədlə X4 adına, qalan 0.06 ha hissəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 185R saylı sənədlə X12 adına apardığı xüsusi mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində 5/107 saylı sahədə (indiki Şağan qəsəbəsi ərazisində) yerləşən 1200 kv.m torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1371 saylı Sərəncamı ilə X8 ayrılmışdır. 1995-ci il tarixədək Şağan qəsəbə nümayəndəliyi olmadığı üçün Şağan qəsəbəsi Mərdəkan qəsəbə nümayəndəliyinin tabeçiliyində olub, bu səbəbdən verilmiş sərəncamda ərazi Mərdəkan qəsəbəsi kimi qeyd olunmuşdur. Torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Rafiq Kərimov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, Rafiq Kərimovun nəvəsidir. Ailəsi ilə birgə R.Kərimova ayrılmış torpaq sahəsində inşa olunmuş evdə 2001-ci ildən yaşayırlar. Bu fakt xx.xx.2022-ci il tarixdə notariat qaydasında verilmiş **********44 saylı ərizə ilə də təsdiqini tapmışdır. İstifadədə olan X6 Cəmiyyəti tərəfindən tərtib olunmuş elektrik enerjisindən istifadəyə görə tərtib olunmuş sayğac göstəricilərindən də məlum olur ki, onun ailəsi bu ünvanda uzun illərdir ki, yaşayır, sayğac da bu günədək mərhum X5 adınadır. Onun atası Namik Kərimov 2017-ci ildə vəfat etmişdir. O, İddiaçı 5 saylı “ASAN Xidmət” mərkəzinin notariat ofisində açılmış vərəsəlik işi üzrə X5 vərəsəsi kimi qeydə alınmışdır. Ona məlum olmuşdur ki, uzun illər cəza çəkən əmisi X15 İddiaçı yaşadığı torpaq sahəsini qanunsuz olaraq 0.572 ha hissəsini X4 və 0.06 ha hissəsini isə X3 adlı şəxsin adına Buzovna südçülük sovxozu üzrə sənəd əsasında özəlləşdirmişdir və həmin sənəd guya 2003-cü ildə Buzovna kənd təsərrüfatı birliyinin işçilərinə paylanmış pay torpaqlarına aid sənəddir. Həmin sənəd əsasında cavabdeh göstərilən şəxslərin mülkiyyət hüququnu onun yaşadığı əraziyə qeydiyyata almışdır. Bu hərəkətlər inzibati orqan tərəfindən qanunsuz edilmiş hərəkətlərdir. Mərdəkan qəsəbəsindən Bakı şəhəri istiqamətində magistral yoldan 1.870 metr Buzovna qəsəbəsi istiqamətinə Şağan qəsəbəsində yerləşən torpaq sahələrində (keçmiş) Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar əsasında bu günədək özəlləşdirmələr aparılmışdır. Onun torpaq shəsi 1.450 metrdə yerləşir. Göründüyü kimi, onun yerləşdiyi ərazi İcra Hakimiyyətinin sərəncamında olan ərazidir. Bu hal cavabdehə məlum olsa da cavabdeh Buzovna südçülük sovxozunun sənədi əsasında İcra Hakimiyyətinin sərəncamında olan və yaşayış olan şəxslərin torpaq sahəsini qanunsuz olaraq kənar şəxslərin adına qeydə alımışdır. İddiaçı inzibat orqana bu barədə müraciət edib bu qanunsuzluğun aradan qaldırılmasını xahiş etsə də nəticəsi olmamışdır. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının yaşadığı və vərəsə kimi qeydə alındığı 1200 kv.m olan torpaq sahəsinin 0.0572 ha hissəsini Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 235K saylı sənədlə X4 adına xx.xx.2022-ci il tarixdən mülkiyyət hüququ ilə qeydə alınmış və o, xx.xx.2022-ci il tarixdə həmin sənəd üzrə sahəni 12.000 manata X9 satmışdır. Qalan 0.06 ha hissəsini isə xx.xx.2022-ci il tarixdə yenə qanunsuz olaraq əraziyə aidiyyəti olmayan sənədlə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 185R kimi Gövhərin əri X12 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Aqil Rəhimov adına olan mülkiyyət sənədindən istifadə edib ərazini xx.xx.2022-ci il tarixdə 70.000 manata X9 satmışdır. Bir torpaq sahəsinə necə olur ki, iki müxtəlif ünvan verilir? X14 və Aqil Rəhimov 1988-ci ildən birgə nikahda olduqları halda necə olur ki, bir ailəyə iki pay torpağı verilir? Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri ilə Buzovna qəsəbəsi ərazisinə aid iki müxtəlif ünvanı olan sənədlərlə onun yaşadığı Şağan qəsəbəsi ərazisində olan torpaq sahəsi özəlləşdirilmişdir. Ona görə də üçüncü şəxslərin adına cavabdeh tərəfindən aparılmış qanunsuz qeydiyyat ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 15 sentyabr 2022-ci il tarixli Qərardadı ilə X19 və X10 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli Qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli Qərardadı ilə X11 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs X7 və onun vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. Digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 və onun vəkili və nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri götürülmüş hesab edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X13 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünküyünü və əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11816/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11816/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver