Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11817/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi X4 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1963-cü il təvəllüdlür. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək orduda xidmət etmişdir (01 il 11 ay 29 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Elektron Hesablayıcı X3 vasitələrin quraşdırılması sexində sxemli bağlantıların toxucusunun şagirdi, xx.xx.1985-ci il tarixdə 1-ci dərəcəli sxemli bağlantıların toxucusu dərəcəsi verilmişdir (01 il 04 ay 07 gün); - xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Elektron Hesablayıcı Maşınlar Zavodu 11 nömrəli alət sexində oymaçı-xarrat (07 ay 06 gün); - xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək DTPU-da təhsil almışdır (02 il 10 ay 12 gün); - xx.xx.1985-cil tarixdən xx.xx.1985-cü il tarixədək F.Dzerjinski adına Maşınqayırma zavodu 11 nömrəli sexdə 2-ci dərəcəli xarrat (26 gün); - xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Karton və X2 matrisaçı (01 il 02 ay 16 gün); - xx.xx.1988-ci il tarixdən hal-hazıradək F.Dzerjinski adına Maşınqayırma zavodunda 1-ci dərəcəli çilingər, xx.xx.1990-cı ildən avadanlıq təmiri üzrə dördüncü dərəcəli çilingər, xx.xx.1990-cı ildən avadanlıq təmiri üzrə beşinci dərəcəli çilingər, xx.xx.1992-ci ildən altıncı dərəcəli çilingər, xx.xx.2008-ci ildən texniki təmir sahəsində 5 dərəcəli metalkonstruksiyaların yığılması üzrə çilingər, xx.xx.2011-ci ildən Enerji mexaniki təmir sexində 5 dərəcəli çilingər-lehimləyici, xx.xx.2013-cü ildən Silindrlərin mexaniki emal sahəsində 4 dərəcəli lehimləyici, xx.xx.2020-ci ildən hal-hazıradək Alət sahəsində 4 dərəcəli lehimləyici vəzifəsində işləyir (xx.xx.2023-cü il tarixədək 35 il 06 ay 26 gün). İddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz 19 oktyabr 1982ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanızda və “X1” ASC-nin Sizə dair 21 fevral 2024cü il tarixli 08/02 nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək lehimləyici peşəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz lehimləyici peşəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər peşəsinə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2023-cü il tarixindən “güzəştli şərtlərlə əmək pensiyasının” təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1981-ci ildə başlamışdır. Həqiqi hərbi xidmət keçmişdir. Əmək fəaliyyəti əsasən zərərli peşələr olmuşdur. İddiaçı hal-hazırda Azərbaycan Respublikası “X1”nda işləyir. Güzəştli şərtlərlə əmək pesniyasının təyin edilməsi üçün cavabdehə müraciət edilmişdir, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsal üzrə peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.5-ci bölmə metal emalı üzrə sair peşələr qrafası, qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər kateqoriyası ilə eynilik təşkil edir, buda iddiaçıya güzəştli şərlərlə pensiyaya çıxmaq hüququ verir. Bu barədə iş yerinin 21 fevral 2024-cü il tarixli arayışı da vardır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, onun müraciəti üzrə inzibati araşdırma aparılmış, araşdırma nəticəsində güzəştli sığorta stajnın qanunvericilklə tələb olunan 12 il 6 aydan az olması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı müraciəti araşdırılarkən təqdim etdiyi əmək kitabçasının surətinə əsasən güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüquqi verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndinin (11.5) fəhlələr yarımbəndində (a) qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər vəzifəsi nəzərdə tutulmuşdur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunur ki, oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmçinin, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə isləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək 20 il 11 ay (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı il tarixdən sonra 17 il 5 ay sığorta stajı nəzərə alınmaqla, ümumi sığorta stajı 38 il 4 ay 12 gün təşkil etsə də, güzəlşti sığorta stajı yoxdur. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri isə Azərbaycan Respublikası “X1” ASC-də xx.xx.2011-ci il tarixdən bugünədək lehimləyici vəzifəsində işlədiyi əmək fəaliyyəti dövrlərindən ibarətdir. Yuxarıda qeyd olunan dövrlər aşağıdakı səbəblərdən sığorta stajına daxil edilməmişdir. İ. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və 08/02 nömrəli arayışın surətində onun mübahisəli dövrlərdə lehimləyici vəzifəsində işlədiyi göstərilmişdir. İİ. Bildiririk ki, iddiaçı xx.xx.2011-ci il tarixdən bugünədək zərərli peşədə işlədiyini iddia etsə də, təqdim olunan sənədlərdən lehimləyici vəzifəsində işlədiyi məlum olmuşdur. İİİ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndinin (11.5) fəhlələr yarımbəndində (a) qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər vəzifəsi nəzərdə tutulmuşdur Beləliklə, İ- İİİ. bəndlərdə qeyd olunanlara əsasən hesab edirik ki, xx.xx.2024-cü il tarixli 08/02 nömrəli arayışın məzmununda qeyd olunan halların işin faktiki halları ilə uyğun olmaması sözügedən arayışın mötəbərliyinə dair şübhə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4-cü bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;[140] 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti;[141] 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;[142] 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı:
11. Metal emalı ... 11.5. Metal emalı üzrə sair peşələr ... qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər Yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2023-cü ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı və pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə iddiaçının ümumi stajı ən azı 25 ildir (xx.xx.2023-cü il tarixədək 43 ildən çoxdur). Mübahisə cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olmaması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi peşənin (“çilingər-lehimləyici”, “lehimləyici”) və sahənin metal emalı sahəsinə aid və bağlı olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, istinad olunan Siyahıda fəaliyyət sahəsi anlamında nəzərdə tutulmuş “qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər” anlayışı məzmun baxımından iddiaçının işlədiyi peşənin aid olduğu sahə də həmin anlayışla əhatə olunur. Belə ki, məhkəmə sorğusuna əsasən “X1” ASC tərəfindən verilmiş xx.xx.2024-cü ildə arayışda göstərilir ki, İddiaçı çalışdığı “lehimləyici” peşəsi zavodda seriya ilə istehsal edilən ştanqlı dərinlik nasoslarının silindrlərinin xoninqlənməsində istifadə olunan almaz xoninq başlıqlarının qurğuşun tərkibli qaylaylanma yolu ilə hazırlanmasıdır. Lehimləyici peşəsi təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli iş şəraiti olan peşələr siyahısında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı, 11.5-ci bölmə, metal emalı üzrə sair peşələr qrafası) qurğuşun tərkibli lehimlə lehimləmədə və qalaylamada daim məşğul olan misgərlər kateqoriyasına aid edilir. İddiaçı Kami oğlu lehimləyici peşəsində tam iş günü rejimində çalışmışdır. Ona görə də İddiaçı Kami oğluna zərərli əmək şəraitinə görə onun tarif maaşına 8% əlavə haqq ödənilmiş, 6 təqvim günü əlavə məzuniyyət və digər sosial güzəştlər verilmişdir. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı zərərli əmək şəraitində işlədiyinə görə ona ödənilmiş əlavə haqqa, əlavə məzuniyyətə görə əlavə ödənişlər ilə bağlı ödənişlərə görə sosial sığorta haqqı ödənilərkən cavabdeh iddiaçının həmin sahələrdən gələn vəsaitini qəbul etmiş, onun mübahisələndirməmiş, məntiqi baxımından dolayı yolla şəxsin zərərli əmək şəraitində işlədiyini qəbul etmişdir. Əgər belə deyildisə onda həmin məsələlər görə olan vəsaitlər hansı əsasla qəbul edilirdi? Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X5