Məhkəmə qərarları › İş №2-1(112)-11818/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11818/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11818/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə iddia tələbinə dair iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-609/11 nömrəli hökmün icrası barədə göstərişdə və ona əlavə edilmiş 22 avqust 2016-cı il tarixli, 1(101)-609/11 icra vərəqəsinin qanunsuz olduğundan ləğv edilməsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 03 fevral 2012-ci il tarixli 17/72-918/14 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 1(101)-609/11 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)- 609/11 nömrəli hökmünün icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2011-ci il tarixli, 1(101)-609/11 saylı hökmünə əsasən cinayət nəticəsində vurulmuş ziyan kimi "xxxx" ASC-dən ümumilikdə 98910 manat pulun tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 03 fevral 2012-ci il tarixli 17/72- 918/14 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 1(101)- 609/11 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, bankın ləğvedicisi “X1 Company” MMC təyin edilmişdir. Sözügedən məhkəmənin xx.xx.2016-cı il tarixli 2iqt(81)-2410/2012 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2016-cı il tarixli ərizəsi təmin edilmiş, "xxxx" ASC-yə ləğvedici qismində təyin olunmuş “X1 Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(006)- 620/2018 saylı qətnaməsi ilə onun Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiya” tələbinə dair iddiası təmin edilmiş, Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 77805,64 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir. "xxxx" ASC xx.xx.2013-cü il tarixində müştəri üçün açılmış xüsusi hesaba ödənişlər xırda-xırda icra edilmişdir. Lakin icra şöbəsinin vaxtında və lazımi qaydada hökmü icra etməməsi üzündən bu günədək vəsaitini geri ala bilməyib. Ona görə də xx.xx.2022-ci il tarixdə ləğv prosesində olan “RoyalBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edib. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin cavabına əsasən bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktublarma əsasən sözügedən məhkəmə tərəfindən verilən və hazırda qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-609/2011 nömrəli icra vərəqəsinə əsasən İddiaçı cəmi 33000 manat ödənilməlidir. Göstərilən səbəb və ona ödənilməli olan məbləğin nə səbəbdən vəsaitin 98910 manatdan 33000 manatadək azalması illərdir həm maddi, həm də psixoloji əziyyət verərək yollarda süründürməçiliyə məruz qoymuşdur. Habelə hökmün icrasının qəsdən və qərəzli şəkildə gecikdirilməsi ilə bağlı müvafiq qurumlara əməllərində cinayət tərkibi olduğunu bildirsə də, bir nəticə əldə edə bilməyib. Məktubda göstərilən səbəblər isə tamamilə qanunsuz və əsasızdır. İstinad edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmün icrası barədə göstərişdə və ona əlavə edilmiş 22 avqust 2016-cı il tarixli, 1(101 )-609/11 icra vərəqəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 01 may 2014-cü il tarixli qərarı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü dəyişdirildiyindən Azərbaycan Respublikası CPM-nin 508-ci maddəsinə əsasən hökmün qərara aid hissədə icrasını təmin edib, nəticəsi barədə dərhal məhkəməyə məlumat verməyi ilə bağlı göstəriş vermişdir. Həmin göstərişin icra vərəqəsindən ona aid hissədən görünür ki, "xxxx" ASC-dən 33000 manat alınaraq ona verilməsinin təmin edilməsi məqsədi ilə Yasamal rayon İcra şöbəsinə həvalə edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2014-cü il tarixli, 1(103)-416 saylı qərarından görünür ki, məhkumun verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Həmin məhkəmə iclasında iştirak etmiş və ona aid hissədə isə verdiyi mülki iddia baxılmamış saxlanılmışdır və mülki icraat qaydasında müraciət etmək hüquqları izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinə 20 dekabr 2011-ci ildə təqsirləndirilən şəxslər tərəfindən müraciət edilmişdir və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Təkrarən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2014-cü il tarixli, 1(103)-416 saylı qərarından görünür ki, qərarı ancaq bir məhkuma münasibətdə cəza hissəsi dəyişdirilmişdir. Həmin iş üzrə ümumiyyətlə ona aid mülki iddiaya dair hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı dəyişdirilməmişdir. Hal-hazırda həmin əsassız və qanunsuz icra vərəqəsinin qüvvədə olması ilə bağlı həm Bakı Ağır Cinayətlər Məhkəməsinə həm də Yasamal rayon icra şöbəsinə məktublar göndərib. Həmçinin Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-16160 nömrəli cavab məktubundan görünür ki, bugünədək müvafiq məhkəmə qərarlarına əsasən 12 tranş üzrə 27313,05 manat, Yasamal rayon İcra şöbəsi tərəfindən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101 )-609/2011 nömrəli icra vərəqəsi üzrə məcburi icra tədbirləri nəticəsində 3000 manat olmaqla, cəmi 30313 05 manat pul vəsaiti ödəmişdir. Hazırda İddiaçı kreditor tələbi üzrə ödəniləcək qalıq məbləğ 2686,95 manat təşkil edildiyini bildirmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən möhür ilə təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 65910,00 manat Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında və Yasamal rayon İcra şöbəsi tərəfindən hesaba köçürülmüşdür. Lakin həmin tranş əməliyyatın ödənişi faktiki olaraq ona çatmamışdır. Beləliklə də, Əmanətlərin Sığortalanması Fondu Yasamal rayon İcra şöbəsi ilə əlbir olaraq ona aid vəsaiti mənimsəmişlər. Göründüyü kimi ona aid hissədə heç bir hökm və ya qərar məhkəmə tərəfindən dəyişdirilməmişdir. Sənədlərdə ola bilən mexaniki səhvlər isə onun məsuliyyəti deyildir. İllərdir o, banka əmanət etdiyi vəsaitləri ala bilmir. Yasamal rayon icra şöbəsi ilə qanunsuz işini heç bir mötəbər əsas olmadan illərdir dayandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(006)-620/2018 saylı qətnaməsinə əsasən Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 77805,64 manat qəpik məbləğində pul vəsaiti tutulması qərarı verilmişdir. Bakı Ağır Cinayətləri Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi isə xx.xx.2016-cı il tarixdə verilmişdir. Əmanətlərin Sığortalanması Fondu qəsdən və qərəzli şəkildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsini icra etməkdən boyun qaçırır, ona aid hesabda istədiyi düzəlişləri qanunsuz edirlər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq iddiaçıya məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər tərəflərin iştirakı ilə müzakirə edilmiş, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddiaçı və vəkili izah edilənlərin onlara aydın olduğunu, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, təqdim edilmiş iddiadan iddiaçının qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-609/11 nömrəli hökmünün icra edilməməsini mübahisələndirməsi müəyyən edilir. Məhkəmə hazırkı ərizənin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların bildirilməsini zəruri hesab edir. İPM-in: 2.2 və 2.2.4-cü maddələrinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçının ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilibedilməməsi yoxlanılmalıdır. Hazırkı məzmunda qaldırılan iddiaların mümkünlüyü məsələsinə baxılarkən inzibati məhkəmə praktikasında formalaşmış hüquqi mövqe mövcuddur ki, onlar aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə - Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. İstinad edilən Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə ilk növbədə qeyd edir ki, icra işi Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının mülki iddiaya dair hissəsindən verilmiş icra sənədi üzrə icra işinin mübahisələndirilməsi ilə bağlı olduğundan yuxarıda istinad edilən qanunvericilik normaları və Plenum qərarında istinad edilən hüquqi mövqelər cinayət işi üzrə baxılmış mülki iddiaya da aid edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məcəllənin 179.3-cü maddəsinə görə, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Baxılan işdə iddiaçının mübahisələndirdiyi hal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün mülki iddiaya dair hissəsinin icra edilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, həmin qərarın icra edilməməsini isə icra sənədini verən məhkəmə yoxlamalıdır. Aparılmış təhlilin nəticəsinə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin məntiqi davamı olaraq, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar