Məhkəmə qərarları › İş №2-1(112)-11819/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11819/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11819/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun və azyaşlı oğlu X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun qayınatası X5 məxsusdur. Bu barədə Binəqədi qəsəbə Bələdiyyəsindən 27 iyun 2005-ci il tarixli Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında istifadəyə verilməsi ilə bağlı X6 Sərəncam verilmişdir. Bu torpaq sahəsi üzərində yerləşən Tikilini 23.05.2017-ci il tarixli İlkin Alqı-Satqı müqaviləsi ilə X7 evi X2. İddiaçı azyaşlı oğlu X8 ilə birlikdə ev sahibinin də razılığı olduğu üçün yaşadığı ünvana pasport qeydiyyatına düşmək niyyətindədir. 2017-ci ildən İddiaçı və azyaşlı oğlu X8 orada yaşayır. Həmin ərazidə fərdi yaşayış evlərinin sənədləşməsi prosesi yekunlaşmamışdır və bir çox evin mülkiyyət hüquqları rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Lakin həmin evlər özbaşına tikili sayılmır, dövlət tərəfindən uçota alınmış, evlərin nömrələri mövcud olmaqla dəqiq ünvanları vardır. Həmçinin evin kommunal xərcləri də ödənilir. İddiaçı haqlı olaraq uzun illərdir faktiki yaşadıqları və özlərinə məxsus olan həmin evdə pasport qeydiyyatına alınmaq niyyətindədir. İddiaçı dəfələrlə polis orqanlarına müraciət edərək, qeydiyyat məsələsinin həll edilməsini xahiş etmişdir. Sonuncu dəfə bu barədə ərizə ilə cavabdeh Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan 11.08.2021-ci il tarixli imtina məktublarında qeydiyyata almaq üçün evin mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb etmişdir və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 24.11.2021-ci il tarixli, 059-44016-1221 nömrəli və 08.12.2021-ci il tarixli, 059-46704-1221 nömrəli məktublarında şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 27.04.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 538208 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.04.2015-ci il təvəllüdlü X3 anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 13.10.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X13 küçəsi, 1 İnzibati/bina ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 12.11.2021-ci il tarixli, 018-17958-1221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli, **********82 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 22.11.2021-ci il tarixli, 059-43549-1221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaşların soyadı, adı, atasının adı və təvəllüdü göstərilmədiyi halda hər hansı məlumat vermək imkan xaricindədir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11.08.2021-ci il tarixli, 059-28662Ş nömrəli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən sizin və X3 ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə sizin və X3 ünvana tərəfimizdən qeydiyyata alınması qanunamüvafiq deyildir. Nəzərinizə çatdırılır ki, bu məsələ ilə bağlı sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, İddiaçı faktiki olaraq ünvan 1 ünvanında yaşadığını, Binəqədi qəsəbə Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X4 istifadəsinə verildiyini, sonuncu ilə iddiaçının qayınatası X9 arasında bağlanmış 23.05.2017-ci il tarixli İlkin Alqı-Satqı müqaviləsi əsasında torpaq sahəsinin və üzərində yerləşən tikilinin X1 əsas gətirərək həmin evə qeydiyyata alınmasını hazırkı inzibati məhkəmə icraatında mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçı yaşayış yeri üzrə qeydiyyat üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. İddiaçının qeydiyyata alınmasını istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. İddiaçının təqdim etdiyi Bələdiyyə sərəncamı və ilkin alqı-satqı müqaviləsi isə onun həmin fərdi yaşayış evinə dair hüquqi bağlılığını ifadə edən pasport qeydiyyatına alınmasına əsas verən yuxarıda adıçəkilən qanunla təqdim edilməsi tələb olunan hüquqmüəyyənedici sənədləri ehtiva etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırkı iş üzrə iddiaçı isə qeydiyyata alınmaq istədiyi evlə bağlı hüququnu təsdiq edən sənədi (order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi) və yaxud həmin evə müvafiq sənədlərlə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanına qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanına qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar