Məhkəmə qərarları › İş №2-1(112)-11823/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11823/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11823/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillərin fərdi yaşayış evi kimi qeydiyyata alınması və reyestrdən çıxarışların (arayışın) verilməsi» iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (bundan sonra – DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, ev 90 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi və altında olan torpaq sahəsinin də mülkiyyətə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. Həmin ev sökülərək yenidən layihələndirilmiş, fərdi yaşayış evi tikilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin layihəyə uyğun və altındakı torpaq sahəsinin mülkiyyətə verilməklə adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə və İPM-in 8.1.1, 33, 73-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi və altındakı torpaq sahəsinin mülkiyyətə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 14 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarəyə İddiaçı tərəfindən deyil, digər fiziki şəxs (X9) tərəfindən ünvan 4 ünvanında inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunmuşdur. Sözügedən daşınmaz əmlaklar dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir, lakin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı fərdi yaşayış evinin inşa olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Bundan əlavə, təqdim edilən eskiz layihə düzgün tərtib olunmamışdır. Belə ki, vahid konstruktiv yükgötürən divarlara malik olan, tək dam örtüyündə yerləşən yaşayış evinin bir hissəsi eskiz layihədə öz əksini tapmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9, 8.0.9.1.1, 8.0.10, 8.0.10.2, 11-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci məddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, ev 90 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv edilməsi və fərdi yaşayış evi kimi və altında olan 680 kv.m torpaq sahəsinin mülkiyyət kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun, iddiaçının mərhum əri X4 adına olan ünvan 5 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv edilərək, fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmaqla dövlət reyestrdən arayış (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazda) göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında yerləşən 90 nömrəli ev üzərində mülkiyyət hüquqlarının reallaşdırılmasını, həmin ərazidə yerləşən 91 nömrəli evin isə mərhum əri X5 məxus olması barədə arayışın (çıxarışın) verilməsini arzulayır. Göründüyü kimi, iddiaçının iddia tələbini irəli sürməkdə əsas məqsədi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında yerləşən 90 nömrəli əmlaka münasibətdə özünün mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın, mərhum ərinə məxsus olan həmin ərazidəki 91 saylı evə dair arayışın verilməsidir. İddiaçı hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının müraciətinə rəsmi cavab verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli əmlaklar üzərində gözlənilən mülkiyyət hüquqlarının yaranmasını Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqələrinin mövcudluğu ilə əsaslandırır. Qeydiyyat vəsiqələrindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında yerləşən 90 nömrəli ev isə İddiaçı mülkiyyətinə verilmiş, bununla bağlı 26 mart 1993-cü il tarixdə qeydiyyat kitabında 230/1542 nömrəli qeyd aparılmış; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında yerləşən 91 nömrəli ev X4 mülkiyyətinə verilmiş, bununla bağlı 2 dekabr 1993-cü il tarixdə qeydiyyat kitabında 30/11304 nömrəli qeyd aparılmışdır. Göründüyü kimi, mübahisəli əmlaklar üzərində həm iddiaçının (90 nömrəli ev), həmçinin də onun mərhum ərinin (91 nömrəli ev) legitim gözləntisi olmuş, yəni gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Məhkəmə xüsusi ilə diqqətə çatdırır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında yerləşən 91 nömrəli ev ilə bağlı gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum əri X8 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən daşınmaz əmlakın mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə müvafiq əmlakların göstəriciləri və səciyyəvi əlamətləri (o cümlədən ünvanında mənzi nömrəsinin göstərilməməsi) onların “mənzil” deyil, “fərdi yaşayış evi” qeydiyyatını şərtləndirir. Bundan başqa məhkəmənin qənaətnə «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ünvanında yerləşən 90 və 91 daşınmaz əmlakın yerləşdiyi torpaq sahələrinə də münasibətdə iddiaçı və onun mərhum əri mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, ev 90 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv edilməsi və həmin daşınmaz əmlakın reyesrtdə fərdi yaşayış evi kimi və altında olan 680 kv.m torpaq sahəsinin mülkiyyət kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun, eyni zamanda iddiaçının mərhum əri X4 adına olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv edilərək, fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmaqla dövlət reyestrdən arayış (çıxarış) verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik, ev 90 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv edilməsi və həmin daşınmaz əmlakın reyesrtdə fərdi yaşayış evi kimi və altında olan 680 kv.m torpaq sahəsinin mülkiyyət kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun, eyni zamanda iddiaçının mərhum əri X4 adına olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair daşınmaz əmlakın reyestrində qeydiyyatın ləğv edilərək, fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmaqla dövlət reyestrdən arayış (çıxarış) verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar