Məhkəmə qərarları › İş №2-1(112)-11824/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11824/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11824/2025 14.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X11 və X10 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən 50 saylı evin 38 nömrəli mənzilindən formal olaraq qeydiyyatda olan şəxslərin, yəni X4 və X8 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, ev 50, mənzil 38 onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin mənzilə dair xx.xx.2021-ci il tarixli çıxarış mövcuddur. X11 ilə əvvəllər dostluq müasibətləri olmuşdur. Belə ki, digər şəxs onun anasıdır. Onların qeydiyyata düşməyə ünvanları olmadığı üçün onları öz evlərinə qeydiyyata salmışlar. Lakin, hal-hazırda onlar faktiki olaraq başqa ünvanda yaşayır və həmin ünvan ona məlum deyil. Ümumiyyətlə onlarla hər hansı bir əlaqələri mövcud deyil. O, ilk öncə həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(007)-3412/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Belə ki, qərardad o əsasla qəbul edilmişdir ki, sözügedən şəxslərin onun mənzilində istifadə hüquqları mövcud deyil və bu tələbə baxılması rayon məhkəməsinin yurisdiksiyasına aid deyildir. Daha sonra o, bu qərardaddan xəbərdar olduqdan sonra rəsmi qaydada Nizami rayon Polis İdarəsinə müraciət etmiş və polis idarəsi tərəfindən ona 15 may 2025-ci il tarixli imtina məktubu verilmişdir. Beləliklə, hazırda sözügedən şəxslərin mülkiyyətində olan mənzildə qeydiyyatının olması onların mənzilindən istifadə hüquqlarının olduğu görünüşü yaradır, onun mənzil və mülkiyyət hüquqlarını pozur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 2-1(112)-11824/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X11 və X10 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üçüncü şəxs - X6 münasibətdə mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-26424 nömrəli məktubla bildirilmişdir ki, sorğu edilən XX.XX.1928-ci il təvəllüdlü X12 xx.xx.2003-cü il tarixdən hazıradək, xx.xx.1961-ci il təvəlüldlü X11 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 oktyabr 2025-ci il tarixli, 3-21-3-30/2-46751/2025 nömrəli məktubla bildirilmişdir ki, sözüedən əmlak üzərində hər hansı 3-cü şəxslərin mülkiyyət, istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Sorğuya uyğun olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin ilkin mülkiyyətçisi X5muş, o, xx.xx.2007-ci ildə vəfat etmiş, vərəsələri RF, Moskva şəhəri, Novoçeremuşkinskaya küçəsi, ev 23, mənzil 117-də yaşayan oğlu X11, RF, Moskva şəhəri, Verxniye Polya küçəsi, ev 18, mənzil 122də yaşayan qızı X9 və RF, Moskva şəhəri, Staraya Basmannaya küçəsi, ev 122, krp 3, mənzil 50 ünvanında yaşayan qızı X13 Rəsulovnadır. Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almışlar və Qanun üzrə vərəslik hüququ haqqında xx.xx.2007-ci il tarixli şəhadətnamə əldə etmişlər. xx.xx.2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən həmin mənzili X1, sonradan isə X2 vərəsəsi olaraq mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı tərəfindən 24 sentyabr 2025-ci il tarixli, 5-16/2-1505/2025 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş məlumata əsasən Nizami rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən C.Naxçıvanski küçəsi, ev 50, mənzil 38 İddiaçı tam mülkiyyətindədir. Mənzildə qeydiyyatda olan və yaşayan şəxslər: 1. İddiaçı – xx.xx.1989 (qeydiyyatdadır, yaşayır), 2. X14 – xx.xx.20002 (qeydiyyatdadır, yaşayır), 3. X15 – xx.xx.2015 (qeydiyyatdadır, yaşayır), 4. X16 – xx.xx.2015 (qeydiyyatdadır, yaşayır), 5. X11 – xx.xx.1961 (qeydiyyatdadır, yaşamır), 6. X10 – xx.xx.1928 (qeydiyyatdadır, yaşamır). Beləliklə işin hallarından göründüyü kimi, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxs X10 mübahisəli mənzilin əvvəlki mülkiyyətçilərindən olmuşdur və o, xx.xx.2007-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 24. Fiziki şəxs anlayışı 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. 25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. 49.5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. Məhkəmə işin faktiki hallarını yuxarıda qeyd edilən qanunvericiliyin normaları baxımından araşdıraraq hesab edir ki, hazırki iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan üçüncü X10 vəfat etdiyi üçün hüquq qabiliyyəti olmadığından iddia tələbi ona münasibətdə əsaslandırılmış iddia kimi qəbul edilə bilməz və bu hal iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olmasını istisna edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı həmin üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı onun ölümünü təsdiq edən sənədlərlə birgə müvafiq ərizə ilə cavabdehə müraciət etməlidir. Göstərilən hallar isə ümumilikdə iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə” iddia tələbi üçüncü şəxs X6 münasibətdə mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar