Məhkəmə qərarları › İş №2-1(112)-11828/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11828/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11828/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2008-ci ildən 1 nəfər (özü) ailə tərkibi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üzrə mənzil növbəsinə dayanmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-cı illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" nın icrası ilə əlaqədar iddiaçının yaşadığı binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Qeyd edilən Sərəncamların icrası ilə əlaqədar iddiaçıya Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 1-ci giriş 2 -ci mərtəbə, 1 otaqlı, 44.85 kv.m olan 4 saylı mənzil 1 (1) nəfər ailə tərkibi olmaqla verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi tərtib edilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2" arayışına əsasən mənzil tam kommunal şəraitlidir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 219 saylı Sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 1 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. İddiaçı həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi xx.xx.2023-cü il tarixli məktubda maddi hüquq normaları sadalanmış, iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi üçün hər hansı bir faktiki və hüquqi əsas göstərilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, **********59 nömrəli cavab məktubu ünvanlanmışdır. Nəzərinizə çatdırırıq ki, müvafiq mənzillə bağlı Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında” sərəncamından çıxarış xx.xx.2012-ci il tarixində verilmişdir. Bundan başqa, məhkəmə mübahisəsi dövründə İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 44.5 kv.m, yaşayış sahəsinin faktiki ölçüsü isə 19.4 kv.m-dır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mülkiyyət hüququnu qeydə almasını istədiyi mənzil onun sahiblik və istifadəsindədir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi və mənzilin faktiki sahəsinin 44,5 kv.m olması ilə əsaslandırmışdır. Məhkəmə birinci imtina əsası ilə bağlı qeyd edir ki, “SOCAR”dan məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən, kəskin qəzalı vəziyyətdə olan qamış konstruksiyalı yaşayış evlərində yaşamış və yeni tikilmiş yaşayış evlərinə köçürülmüş sakinlərə müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 2 №-li protokolu ilə ünvan 4 ünvanında yaşamış, F.Yusifov küçəsi, ev 69 ünvanında qeydiyyatda olan, xx.xx.2008-ci ildən 1 nəfər (özü) ailə tərkibi ilə SOCAR üzrə mənzil növbəsinə dayanmış, ünvan 5 ünvanında inşa edilmiş 60 mənzilli yaşayış binasından 1-ci giriş 2-ci mərtəbədə yaşayış sahəsi 20.3 kv.m olan 1 otaqlı 4 nömrəli mənzilə köçürülmüş iddiaçıya müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edilməsi qərara alınmış və mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qeyd olunan protokoldan çıxarış mənzil uçot qovluğuna tikilmiş və hal-hazırda həmin mənzil uçot qovluğu Qaradağ Rayon İcra Hakimiyyətindədir. Göründüyü kimi, iddiaçı mənzil növbəsinə 2008-ci ildə dayanmışdır və ona mənzilin ayrılması onun Dövlət Neft Şirkətində işləməsi ilə əlaqədar mənzil növbəsinə alınması ilə əlaqədar olmuşdur. Ona görə də, iddiaçının mübahisəli mənzillə bağlı hüquqları mənzil növbəsinə alındığı 2008-ci il tarixdən yaranmışdır. İddiaçıya həmin növbə ilə əlaqədar olaraq 2012-ci ildə mənzil verilmiş, sonradan həmin mənzilin verildiyi bina qəzalı olduğundan yeni inşa edilmiş digər binada verilmiş mənzillə əvəz edilmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. Cavabdehin etirazında qeyd etdiyi mənzilin faktiki ölçüsünün 45.5 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, iddia tələbində mənzilin sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Cavabdeh tərəfindən qeyd edilən hal iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, mənzilin faktiki vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüququnun qeydə alınması və hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi cavabdehin vəzifəsidir və iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar