Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1183/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-ci il tarixindən 1992-ci il N fevral tarixinə qədər Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə ona “müharibə veteranı” adı, vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci il tarixdə Qarabağ münaqişəsi başlayanda torpaqlarını qorumaq məqsədilə Xocalı rayon özünümüdafiə taburuna könüllü olaraq üzv olmuşdur. Gecə və gündüz ov tüfəngilə erməni seperatçılara qarşı postda qaravul çəkmişdir. 1988-ci il sentyabr ayında erməni quldurları tərəfindən Xocalıya hücum olmuşdu. O və onun ailə üzvləri həmin hücumun qarşısını almaq üçün savaşa çıxmışlar. 1991-ci il noyabr ayında Xocalıda N saylı hərbi hissə yaradılmışdı və o, orada atıcı kimi həmin hərbi hissəyə götürülmüşdür. xx xxxxxx 1992-ci ildə Xocalı hadisəsi baş verəndə o, yaralanaraq müalicə üçün Ağdam rayon Mərkəzi xəstəxanasına göndərilmişdir. N saylı hərbi hissənin tağım komandiri Səfər Rəcəbov idi. Döyüş yoldaşları X3 və X4 ona ilk yardım göstərib, Ağdam istiqamətində mərkəzi xəstəxanaya göndərmişdilər. Qardaşı isə X2 N saylı hərbi hissənin qərargah rəisi vəzifəsini icra edirdi. Həmin döyüşdə, yəni Xocalı faciəsində şəhid olmuşdur. Onun isə əlilliyin münaqişə zaman ilə təsdiq olundu. Çünki sonralar Ağdam xəstəxanasından sorğuya cavab ala bilməmişdir. O, dəfələrlə Xocalı rayon komissarlığına və Müdafiə Nazirliyinin nəzdində olan müharibə-veteran adı və vəsiqə verilməsi komissiyasına müraciət etmişdir və heç bir müsbət cavab almamışdır. Bununla bağlı o, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə qulluq haqqında sorğu göndərmişdir və oradan qeyd edilmişdir ki, N saylı hərbi hissə komandirinin 1991-ci il fevral 1992-ci il tarixli və N №-li hərbi hissə komandirinin fevral-mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmamışdır. Bununla yanaşı o, mart ayında cavabdehə ona müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Lakin iyun ayının 19 almışdır. Cavabda qeyd olunmuşdur ki, döyüş əməliyyatında iştirakı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar, imza və möhürlə təsdiq olunmuş olduğu təqdirdə ona müharibə veteran adı və vəsiqənin verilməsi məsələsinə baxıla bilər. O, Xocalı rayon İcra Hakimiyyətinin döyüşlərdə iştirak etdiyi barədə 999 adlar siyahısını cavabdehə təqdim etmişdir. Lakin cavabdeh buna heç bir əhəmiyyət verməmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci ildə Xocalı şəhərində doğulmuşdur. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür. - “KURORT” Səhmdar Cəmiyyətinin 27 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı müvəqqəti olaraq öz ailəsi ilə birlikdə “Günəşli” sanatoriyasında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən iddiaçıya ünvanlanan 9/2-5506 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş N №-li hərbi hissə komandirnin xx.xx.1991-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №- li hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1991-ci il, fevral 1992-ci il tarixli və N №-li hərbi hissə komandirinin fevral-mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/71-12061 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildiririlir ki, “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-5506 nömrəli arayışına əsasən hərbi xidməti təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarını əsas tutaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. - İddiaçı tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəinin surətindən görünür ki, iddiaçı 1988-1992-ci ilə qədər Xocalı “özünümüdafiə” dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı vəsiqəsinin verilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan u/1078 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Xidmətə daxil olmuş “müharibə veteranı” statusunun verilməsinə dair ərizə və sənədlərinə baxılmışdır. Bildirilir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər ( hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Odur ki, döyüş əməliyyatlarında iştirakı, xəsarət almağını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. - Xocalı rayon İcra Hakimiyyətinin 352 №-li, xx.xx.2001-ci il tarixli arayışından görünür ki, İddiaçı 1988-ci ildən 1992-ci ilə qədər Xocalı özünmüdafiə dəstəsinin döyüşçüsü olmuşdur. Adlı siyahı № 999. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş HP 01/518 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Xocalı Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 1843 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1988-1991-ci illərdə cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, məhkumluğu olmamış, habələ barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində İddiaçı ona “müharibə veteranı” adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik olması, yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıdan başqa Xocalı rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini sübut edən digər sənədlərin mövcud olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Xocalı rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edilmədiyindən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtuna edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1183/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1183/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver