Məhkəmə qərarları › İş №2-1(112)-1183/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1183/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1183/2022 10.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********558400 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarının ləğv olunaraq, 321 493,21 manat dəyərində sementə görə hesablanılmış 57 868,77 manat məbləğin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2017-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır və əsas fəaliyyət növünün “meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqların topdan satışı”dır. İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilən X2 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən, e-qaimə üzrə xx.xx.2020-ci il tarixədək (OVN keçirilən tarixədək) ümumi dəyəri 5 392,45 min manat (ƏDV-siz) olan 68 048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sement alındığı, ümumi dəyəri 4 707,33 min manat (ƏDV-siz) olan 53 260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sement satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14 788,1 ton (68 048,86 ton (alınmış sement) - 53 260,76 ton (satılmış sement)) sementin əskik gəldiyi müəyyən edildiyindən, sement qalığı üzrə (sement satışında ticarət əlavəsinin 6,00% olduğu nəzərə alınmaqla) 235,26 min manat (14 788,1 ton x 88,38 manat x 18%) ƏDV-nin yayındırıldığı aşkar edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********767900 saylı 06 yanvar 2021-ci il tarixli qərarına əsasən İddiaçınə 14 788,1 ton sementin əskik gəlməsinə görə 235 255,01 manat ƏDV üzrə vergi hesablanmışdır. Lakin dəfələrlə iddiaçı tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə kameral yoxlama ilə 235 255,01 manat ƏDV üzrə hesablamaların düzgün aparılmaması barədə müraciətləri nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 saylı Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq maddi-məsul şəxsdən kənarda malların saxlanıbsaxlanmaması barədə İltizamnamə alınmamış və Cəmiyyətin vəzifəli şəxslərinə hər-hansı formada tərtib olunmuş inventarizasiya aktı təqdim olunmamaışdır. E-qaimə üzrə xx.xx.2020-ci il tarixədək sement satışları 57 490,61 ton, 5 114 605,28 manat, X2 nəticələri ilə müqayisədə 4229,85 ton, 407 275,28 manat çox olmuşdur. Eyni zamanda müştəri ambarlarında olan 4 001,16 ton, satış qiyməti ilə 321 493,21 manatlıq sement qalığı X4 zamanı nəzərə alınmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumi dəyəri 314 787,72 manat (ƏDV-siz) olan 4 449,36 ton (1 tonun orta qiyməti 70,75 manat) sement alınmış, ümumi dəyəri 678 969,23 manat (ƏDVsiz) olan 8 450,52 ton (1 tonun orta qiyməti 80,35 manat) sement satılmışdır. Qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə **********767900 saylı 06 yanvar 2021-ci il tarixli qərarına əsasən kameral yoxlama ilə (407 275,28 + 321 493,21 x 18%) 728 768,49 manatlıq sement satış dövriyyəsindən 18% dərəcə ilə iki qat, yəni 131 178,33 manat ƏDV-si artıq tutulmuşdur. X5 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən X4 aktının nəticələrinə əsasən səhv hesablanılmış 4229,85 ton sement (satış dəyəri 407 275,28 manat) məbləğə görə hesablanılmış 71 957,35 manat məbləğ azaldılmış və bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********558400 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərarı ilə təsdiq edilmişdir. Lakin həmin qərar ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək elektron qaimə fakturaları təqdim edilmiş 4001.16 ton, 321 493,21 manat dəyərində sementə görə hesablanılmış 57 868,77 manat məbləğ azaldılmamışdır. Belə ki, həmin qaimə fakturalara əsasən dövriyyələr 2020-ci ilin noyabr və dekabr aylarında bəyan edilmişdir, X4 tədbirinin nəticələrinə əsasən isə həmin dövriyyə oktyabr ayına kameral vergi yoxlaması ilə hesablanılmışdır. Bunula da faktiki olaraq eyni vergi tutma predmetinə münasibətdə 2 dəfə vergitutma halı baş vermişdir. Eyni zamanda 2020-ci il ərzində təqdim olunmuş 1606.2 ton sementə görə ödənilməli olan 106 749,84 manat məbləğ qarşı təşkilatlar tərəfindən iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7215/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321 493,21 manat dəyərində sementə görə hesablanılmış 57 868,77 manat məbləğin azaldılması barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********558400 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci ıl tarixli **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 321 493,21 manat dəyərində sementə göra hesablanmış 57 868,77 manat məbləğin azaldılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, vergi ödəyicisində xx.xx.2020-ci il tarixli “X2 həyata keçirilməsi haqqında” qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən nəzarət tədbirləri keçirilmiş və X2 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda xx.xx.2020-ci il tarixə Cəmiyyətin sahibliyində 177 535,48 manat məbləğində mal qalığının (sürtgü yağları) müəyyən edilməsinə baxmayaraq, sement üzrə qalıq barədə hər hansı bir qeyd aparılmamışdır. Araşdırma zamanı elektron qaimə-faktura üzrə xx.xx.2020-ci il tarixədək (OVN keçirilən tarixədək) ümumi dəyəri 5 392 450,00 manat (ƏDV-siz) olan 68 048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sementin alındığı, ümumi dəyəri 4 707 330,00 manat (ƏDV-siz) olan 53 260,76 ton (1 tonun orta qiyməti 88,38 manat) sementin satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14 788,10 ton (68 048,86 ton (alınmış sement) - 53 260,76 ton (satılmış sement)) sementin əskik gəldiyindən, sement qalığı üzrə 235 255,00 manat (14 788,10 ton x 88,38 manat x 18%) ƏDV-nin yayındırıldığı aşkar edilmişdir. Vergi ödəyicisinə yuxarıda qeyd olunan kənarlaşma barədə xx.xx.2020-ci il tarixli **********499600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, cəmiyyət tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2020-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 235 255,00 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisinin müraciəti əsasında müvafiq hesabat dövrü üzrə yenidən kameral vergi yoxlaması aparılmış və araşdırma zamanı uçot-baza məlumatlarından əldə edilmiş elektron qaimə-fakturalara əsasən X4 tədbirinin keçirildiyi vaxtadək vergi ödəyicisi tərəfindən 57 783,99 ton sementin satıldığı, əskik gəlmiş sementin miqdarının 4 523,22 ton çox müəyyən edildiyi məlum olmuşdur. Odur ki, qeyd olunan hal nəzərə alınmaqla kameral qaydada hesablanılmış vergi məbləği 71 957,35 manat azaldılmaqla, vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********066900 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə - iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə - aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə - güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən bu Məcəllənin 159.5-ci maddəsi totbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyrikommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, xx.xx.2021-ci il tarixli **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Vergi Cinayətlərin İbtidai Araşdırması Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********8782 nömrəli vergi nəzarətinin keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-də keçirilən X2 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli Seriya DVX 000904 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixə digər mallar üzrə ümumi dəyəri 177535,48 manat olan mal qalığı aşkar edilsə də, sement üzrə mal qalığı aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 yanvar 2021-ci il tarixli **********767900 nömrəli qərarı ilə müəssisədə X2 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən 14788,1 ton sementin əskik gəldiyi müəyyən edildiyindən, sement qalığı üzrə ƏDV-nin yayındırıldığı aşkar edilmiş, Cəmiyyətə oktyabr 2020-ci il hesabat tarixi üzrə 19.350,83 manat iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi, əlavə hesablanmış vergi 235.255,01 manat, ümumilikdə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi 254.605,84 manat əlavə dəyər vergisi hesablanmışdır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 mart 2021-ci il tarixli **********066900 nömrəli qərarına əsasən ləğv edilmiş əvvəlki qərar **********767900 nömrəli xx.xx.2020-ci il tarixli qərardır. Təqdim edilmiş bəyannamə üzə hesablanmış vergi 254.605,84 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi 254.605,84 manat, vergi orqanı tərəfindən aparılmış kamerla yoxlama nəticəsində müəyyən edilmiş vergi 182.648,49 manat, azaldılmış vergi məbləği 71.957,35 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 07 may 2021-ci il tarixli **********558400 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********767900 nömrəli qərarının 2-ci hissəsi 182 648,49 manat hissədə dəyişdirilmədən saxlanılmış, 71 957,35 manat hissədə ləğv edilmiş, İddiaçındə real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi təmin edilməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən birinci sual üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş sənədlərə əsasən yəni müəssisənin təqdim etdiyi e-qaimələrə əsasən büdcəyə ödənilməli olan ƏDV məbləği 2020-ci ilin oktyabr ayı üzrə 18 290,07 manat, noyabr ayı üzrə 23 142,72 manat, dekabr ayı üzrə 12 402,82 manat, cəmi 53 835,602 manat təşkil edir. İkinci və üçüncü sual üzrə: tədqiqi hissədə qeyd olunanlardan göründüyü kimi, iş materiallarında olan təhvil-təslim aktlarında göstərilən sement satışı ilə sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı kənarlaşma müəyyən edilmədi.Həmçinin qeyd edilir ki, təhvil-təslim aktlarında göstərilən və sonradan təqdim edilmiş e-qaimələrlə bəyan edilmiş sement satışı üzrə ödənilməli olan əlavə dəyər vergisinin məbləği 53 835.60 manat müəyyən olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı ilk növbədə “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********558400 nömrəli qərarın ləğv edilməsini xahiş etsə də sonradan iddia tələbini dəqiqləşdirərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarını mübahisələndirərək 321 493,21 manat dəyərində sementə görə hesablanmış 57 868,77 manat məbləğin azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********066900 nömrəli qərarının xx.xx.2021-ci il tarixində iddiaçının elektron kabinetinə göndərildiyi, həmin tarixdə də onun tərəfindən oxunduğu, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməsi və bu əsasdan iddianın mümkün sayılmalı olmaması əsası ilə razılaşmır. Qeyd edilməlidir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli qərarla oktyabr 2020-ci il ƏDV üzrə kameral vergi yoxlaması ilə ƏDV vergisi hesablanmış, daha sonra vergi orqanı tərəfindən həmin qərar xx.xx.2021-ci il tarixli qərarla ləğv edilmiş, eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixli qərardan yuxarı inzibati orqana inzibati şikayət verilmiş, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli qərar qismən ləğv edilmiş, nəticədə xx.xx.2021-ci il tarixli qərarla nəzərdə tutulan eyni məbləğdə vergi azaldılmışdır. Məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, mübahisə predmeti olan vergilərin hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərar verildiyi vaxt eyni zamanda iddiaçının əvvəlki xx.xx.2021-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın yekunlaşmaqla nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının xx.xx.2021-ci il tarixli inzibati şikayətin qismən təmin edilməsi barədə qərarı aldıqdan sonra xx.xx.2021-ci ildə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı sementin alışı, satışı, sürtgü yağlarının idxalı və satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Vergi orqanın araşdırmasına əsasən iddiaçıda xx.xx.2020-ci il tarixli “X2 həyata keçirilməsi haqqında” qərara əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən nəzarət tədbirləri keçirilmiş və X2 nəticələri üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda xx.xx.2020-ci il tarixə Cəmiyyətin sahibliyində 177 535,48 manat məbləğində mal qalığının (sürtgü yağları) müəyyən edilməsinə baxmayaraq, sement üzrə qalıq barədə hər hansı bir qeyd aparılmamışdır. Araşdırma zamanı elektron qaimə-faktura üzrə operativ vergi yoxlaması keçirilən xx.xx.2020-ci il tarixədək ümumi dəyəri 5 392 450,00 manat (ƏDV-siz) olan 68 048,86 ton (1 tonun orta qiyməti 79,24 manat) sementin alındığı, ümumi dəyəri 4 707 330,00 manat (ƏDV-siz) olan 53 260,76 ton (1 tonun orta satış qiyməti 88,38 manat) sementin satıldığı və qeyd olunanlar nəzərə alınmaqla 14 788,1 ton (68 048,86 ton (alınmış sement) - 53 260,76 ton (satılmış sement)) sementin əskik gəldiyindən, sement qalığı üzrə 235 255,00 manat (14 788,1 ton x 88,38 manat x 18%) ƏDV hesablanmış, bu barədə xx.xx.2021-ci il tarixli **********767900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçının bəyan etdiyi 19.350,83 manat vergi + vergi orqanı tərəfindən əlavə 235 255,00 manat vergi ilə birlikdə ümumilikdə 254.605,84 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisinin müraciəti əsasında müvafiq hesabat dövrü üzrə kameral vergi yoxlaması aparılmış və təqdim edilmiş elektron qaimə-fakturalara əsasən X4 tədbirinin keçirildiyi xx.xx.2020-ci il tarixədək vergi ödəyicisi tərəfindən 57 783,99 ton sementin satıldığı, əskik gəlmiş sementin miqdarının 4523,22 ton çox müəyyən edilmiş, kameral qaydada hesablanılmış vergi məbləği 71 957,35 manat azaldılmış, bu barədə xx.xx.2021-ci il tarixli **********066900 nömrəli qərarla xx.xx.2021-ci il tarixli **********767900 nömrəli qərar ləğv edilmiş, həmin qərarla hesablanmış ümumi 254.605,84 manat vergidən 71 957,35 manat azaldılaraq yekun olaraq iddiaçıya 182.648,49 manat vergi hesablanmışdır. Vergi orqanı tərəfindən iddiaçının operativ vergidən sonra inzibati orqana təqdim etdiyi elektron qaimə fakturalara əsasən iddiaçının 2020-ci ilin oktyabr ayının sonunadək 2143,88 ton sementi satdığı, 2020-ci ilin noyabr və dekabr ayları ərzində isə 2755,86 ton sementin alındığı, 6318,26 ton sementin satıldığı müəyyən edilmiş, bununla da 57783,99+2143,88+6318,26-2755,86)= 63490,27 ton sementin satıldığı, ümumilikdə alınmış 68048,86 ton sementdən- 63490,27 ton sement satıldığı, bununla da 4558,59 ton sement üzrə kənarlaşma müəyyən edilmişdir. İddiaçı X4 zamanı malların anbarda olmamasının səbəbi kimi malların satıldığı, lakin qaimə-fakturaların sonradan təqdim etdiyini, vergi orqanının isə bunu nəzərə almadığını iddia edir. Bununla əlaqədar vergi ödəyicisi məhkəməyə iddia ərizəsinə qoşma olaraq müxtəlif vergi ödəyicilərinə satdığı sementlə bağlı 19 iyul 2020-ci il tarixli 20/01 nömrəli, 19 iyul 2020-ci il tarixli 20/07 nömrəli, 27 iyul 2020-ci il tarixli 20/02 nömrəli, 28 iyul 2020-ci il tarixli 20/01 nömrəli, 10 avqust 2020-ci il tarixli 20/07 nömrəli, 11 avqust 2020-ci il tarixli 20/25 nömrəli, 13 avqust 2020-ci il tarixli 20/7 nömrəli, 15 avqust 2020-ci il tarixli 20/04 nömrəli, 15 avqust 2020-ci il tarixli 20/08 nömrəli, 18 avqust 2020-ci il tarixli 20/03 nömrəli, 21 avqust 2020-ci il tarixli 20/08 nömrəli, 21 avqust 2020-ci il tarixli 20/11 nömrəli, 21 avqust 2020-ci il tarixli 20/133 nömrəli, 22 avqust 2020-ci il tarixli 20/12 nömrəli, 22 avqust 2020-ci il tarixli 20/26 nömrəli, 24 avqust 2020-ci il tarixli 20/27 nömrəli, 27 avqust 2020-ci il tarixli 20/28 nömrəli, 28 avqust 2020-ci il tarixli 20/29 nömrəli, 30 avqust 2020-ci il tarixli 20/04 nömrəli, 31 avqust 2020-ci il tarixli 20/01 nömrəli, 31 avqust 2020-ci il tarixli 20/09 nömrəli, 31 avqust 2020-ci il tarixli 20/13 nömrəli, 01 sentyabr 2020-ci il tarixli 20/134 nömrəli, 02 sentyabr 2020-ci il tarixli 20/08 nömrəli, 02 sentyabr 2020-ci il tarixli 20/14 nömrəli, 02 sentyabr 2020-ci il tarixli 20/30 nömrəli, 08 sentyabr 2020-ci il tarixli 20/136 nömrəli, 12 sentyabr 2020-ci il tarixli 20/09 nömrəli, 16 sentyabr 2020-ci il tarixli 20/137 nömrəli, 17 sentyabr 2020-ci il tarixli 20/138 nömrəli, 21 sentyabr 2020-ci il tarixli 20/139 nömrəli, 23 sentyabr 2020-ci il tarixli 20/09 nömrəli, 23 sentyabr 2020-ci il tarixli 20/10 nömrəli, 24 sentyabr 2020-ci il tarixli 20/03 nömrəli, 24 sentyabr 2020-ci il tarixli 20/05 nömrəli, 25 sentyabr 2020-ci il tarixli 20/02 nömrəli, 25 sentyabr 2020-ci il tarixli 20/140 nömrəli, 26 sentyabr 2020-ci il tarixli 20/8 nömrəli, 01 oktyabr 2020-ci il tarixli 20/10 nömrəli, 01 oktyabr 2020-ci il tarixli 20/141 nömrəli, 04 oktyabr 2020-ci il tarixli 20/142 nömrəli, 08 oktyabr 2020-ci il tarixli 20/143 nömrəli, 12 oktyabr 2020-ci il tarixli 20/144 nömrəli təhvil-təslim aktları təqdim etmişdir. İddiaçının iddiasına əsasən qeyd edilən təhvil-təslim aktları əsasında malların satılmasından sonra ödənişlər edilmiş, buna uyğun olaraq elektron qaimə-fakturalar tərtib edilmişdir. İddiaçı vergi orqanının 4001,16 ton, satış qiyməti ilə 321 493,21 manatlıq sement qalığının X4 zamanı nəzərə almadığını bildirərək həmin sementə görə 57 868,77 manat məbləğinin azaldılmasını, bununla da xx.xx.2021-ci il tarixli qərarı qismən mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının sahibliyində olan təhvil-təslim aktları əsasında satılmış sementə görə sonrakı dövrlərdə təqdim edilmiş e-qaimələri sementin təqdim edilməsi sənədi kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: -1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. -1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. -1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir 2.3. Elektron qaimə-fakturada (bu Qaydaların 2.2.3-cü və 2.2.9-cu yarımbəndlərində göstərilmiş elektron qaimə-fakturalar üzrə bu Qaydaların 2.3.30-cu yarımbəndi, bu Qaydaların 2.2.7-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.13-cü, 2.3.15-2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.8-ci yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.8-ci, 2.3.13-cü, 2.3.14-cü, 2.3.17-ci və 2.3.23-cü yarımbəndləri, bu Qaydaların 2.2.10-cu yarımbəndində göstərilmiş elektron qaimə-faktura üzrə bu Qaydaların 2.3.3-cü, 2.3.4-cü, 2.3.13-cü, 2.3.17-2.3.24-cü və 2.3.26-cı yarımbəndlərində qeyd edilmiş məlumatlar istisna olmaqla) aşağıdakı məlumatlar əks etdirilir: 2.3.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi; 2.3.2. elektron qaimə-fakturanın növü; 2.3.3. göndərən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı; 2.3.4. qəbul edən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və tam adı; 2.3.5. əsas; 2.3.6. əlavə qeydlər və (.....). 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur: -2.5.3. Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.4. malların qaytarılması üzrə malların qaytarıldığı vaxtdan 3 (üç) gün müddətində; 3.7.5. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 (üç) gün müddətində; (.....). Qeyd edilməlidir ki, mallar göndərildiyi vaxt və yaxud əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi zamanı malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində e-qaimələr tərtib edilməlidir. İddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının ən tez tarixlisi iyul, avqust 2020-ci olduğu halda iddiaçı həmin dəyərdə sementə görə yalnız 3 ay sonra, məhz X4ndən sonra 2020-ci il oktyabr ayının sonu, noyabr və dekabr ayları üzrə tərtib edərək təqdim etmişdir. Bundan əlavə yuxarıda sadalanan normalardan müəyyən olunur ki, malların təqdim edilməsi barədə elektron qaimə fakturalar “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilməlidir. Həmin Qaydalara uyğun tərtib edilməyən e-qaimələr isə malın təqdim edilməsinin əsası kimi çıxış edə bilməz. Qaydaların tələblərinə görə elektron qaimə-fakturalarda “Əsas” sətrində malın təqdim edilməsi ilə bağlı sənədlər, xüsusən də müqavilələr, təhvil-təslim aktları və s. sənədlər bilavasitə göstərilməlidir. Hazırkı iş üzrə təqdim edilmiş təhvil-təslim aktlarında göstərilən sement satışı ilə bağlı sonradan təqdim edilmiş e-qaimələrin müqayisəsi zamanı müəyyən olunmuşdur ki, eqaimələrdə konkret olaraq təhvil-təslim aktlarına istinad edilməmiş, e-qaimələrin nəyin əsasında tərtib olunduğu, e-qaimələrin “əsas” sətrində təhvil-təslim aktlarının tarixi, nömrəsi qeyd edilməmişdir. Belə olan halda iddiaçının X4ndən sonra təqdim etdiyi eqaimələr yuxarıda adı çəkilən Qaydaların tələblərinə uyğun tərtib edilmiş sayıla bilməz. Bu halda həmin e-qaimələr də Qaydaların birbaşa imperativ göstərişinə əsasən malın təqdim edilməsinin əsası kimi qiymətləndirilmir və sementin satışını təsdiq edən sənəd qismində dəyərləndirilə bilməz. Məhkəmə təhvil-təslim aktları və e-qaimələri sementin təqdim edilmə sənədi kimi qəbul etmədiyindən həmin sənədləri mötəbər hesab edərək vergi məbləğinin hesablanılması ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/2089 nömrəli ekspert rəyini hazırkı işin həlli üzrə sübut qismində qəbul etmir və bu əsasdan həmin rəyə mahiyyəti üzrə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixədək elektron qaimə- faktura verilmədən mallar təqdim edilmiş, xx.xx.2020-ci il tarixində keçirilmiş X4 zamanı malların əskik gəlməsi faktı aşkar edilmiş və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü, yəni 2020-ci ilin oktyabr ayı üzrə aparılmış kameral vergi yoxlaması zamanı hesablanmış, sonradan təqdim e-qaimələr isə qanunvericiliyin tələblərinə uyğun olmadığından malın təqdim edilməsi kimi rəsmiləşməsinə əsas vermir. İşin yuxarıda sadalanan halları ilə iddiaçının yoxlama zamanı 10.264,87 ton mal qalığı əskik gəldiyindən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə vergi hesablamaqda haqlı olmuşdur. Məhkəmə iddiaçıya əlavə vergi hesablanmasında cavabdehin qərarı ilə razılaşsa da, hesablanan əlavə verginin məbləğini əsaslı hesab etmir. Belə ki, VM-nin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən əgər vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. VM-in 161.3-cü maddəsinə görə bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda bu Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Göründüyü kimi, əgər VM-in 161.1-ci maddəsi vergi tutulan əməliyyatın dəyərini malın təqdim edilməsi zamanı alınan haqqın məbləğindən, yəni satış dəyərindən ƏDV nəzərə alınmadan hesablanmasını nəzərdə tutursa, 161.3-cü maddə malın ƏDV nəzərə alınmadan formalaşan öz dəyərindən, yəni alış qiymətindən hesablanmasını müəyyən edir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən əksik gələn sementin dəyərini sementin 1 tonunun satış dəyərindən (88,38 manat) deyil, alış dəyərindən (79,24 manat) hesablamalı idi. Beləliklə, kameral yoxlama zamanı ümumi 68.048,86 ton sement alındığı halda X4nə qədər 57.783,99 ton (53.260.76 ton +4523,22 ton) sement satıldığı nəzərə alındıqda ümumilikdə əksik gəlmiş və sənədlərlə təsdiqini tapmayan 10.264,87 ton (alınan sement 68.048,86 ton – satılan sement 57.783,99 ton) sementə görə ƏDV hesablanarkən 1 ton sementin alış qiyməti 79.24 manat olmaqla hesablandıqda ƏDV məbləği 146.409,90 manat (10.264,87 ton x 79,24 manat x 18%) olduğu müəyyən olunur. Beləliklə, 2020-ci il oktyabr ayı üzrə ƏDV vergisi əksik gələn 146.409,90 manat+ vergi ödəyicisinin bəyan etdiyi 19.350,83 manat=165.760,73 manat edir. Belə olan halda vergi orqanın mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 182.648,49 manat verginin 16.887,76 manat hissəsində (182.648,49 man -165.760,73 man) ləğv edilməlidir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən-“vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 182.648,49 manat vergi məbləğinin 16.887,76 manat hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********066900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən- -“vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 182.648,49 manat vergi məbləğinin 16.887,76 manat hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 50 manat xərc İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar