Məhkəmə qərarları › İş №2-1(112)-11831/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11831/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11831/2023 20.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X6 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının strukturuna daxil olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı sərəncamın, orderin və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər X6, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının strukturuna daxil olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvan 1, 105 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş sərəncamın (Orderin) və həmin mənzilə dair X4 adına verilmiş orderin və ƏMDK Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, **********98 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda “Çilingər”, daha sonra “Körpülü Kran sürücüsü” vəzifəsində işləyib. 1992-ci ildə ailə qurub. O zaman Bakı Keşlə Maşınqayırma Zavodun ailəli işçilər üçün müəyyən edilmiş yataqxanasının 4-cü mərtəbəsinin 105 saylı mənzili onun ailəsinə orderlə verilmişdir. Ailəsi ilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşayıb və 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük gedib. Geri qayıdanda məlum olmuşdur ki, ona məxsus mənzil Zəngilan rayonundan məcburi köçkün X10 və onun ailəsi tərəfindən zəbt olunub. Bu barədə yataqxananın və zavodun rəhbərliyinə müraciət edərək mənzilin boşaldılmasına köməklik edilməsini xahiş edib. Lakin məcburi köçkünlər mənzilindən çıxmamışdır. Bu barədə müxtəlif instansiyalara müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, məcburi köçkünlər öz yurdlarına gedən zaman mənzili qaytarılacaqdır. Hazırda ona məlum omuşdur ki, yataqxanada onun məzilini kimsə öz adına qeyri-qanuni yolla özəlləşdirmiş və bir nəfər şəxs onun evinə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, onun adına olan mənzil xx.xx.2011-ci il tarixdən X4 adına özəlləşdirilmiş və 5.04.2016-cı ildə həmin mənzil X1. Bakı X5 işlədiyi müddətdə 1992-ci ildən yataqxananın 4-cü mərtəbəsində orderlə onun ailəsinə ayrılmış 105 saylı mənzilin başqa şəxsin adına sənədləşdirilməsi qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı iddiaçıya hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının strukturuna daxil olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı X5 işləyən zamanla orderlə ona verilmiş mənzil üzərində hüquqların həyata keçirilməsi, həmin mənzilin cavabdeh kimi göstərdiyi fiziki şəxslərin adına özəlləşdirilməsi və dövlət reyestrindən verilmiş çıxarışların ləğvinə yönəlmişdir. İddia tələbinin predmetini: 1) X4 adına verilmiş order; 2) X4 adına verilmiş Sərəncam; 3) ƏMDK Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********98 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış təşkil edir. Məhkəmə iddia tələbinin predmetini təşkil edən 1-ci və 3-cü halla bağlı qeyd edir ki, mübahisələndirilən həmin sənədlər inzibati akt deyil və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə (ləğvi tələb edilə) bilməz. ********** qeydiyyat nömrəli dövlət reyestrdən Çıxarışın əsasında X6 ilə Cavabdeh3 arasında bağlanmış 5.04.2016-cı il tarixli alqı-satqı müqaviləsi durur ki, iddiaçı həmin Çıxarışın verilməsinə əsas olmuş qeydin aparılması ilə bağlı həmin alqı-satqı müqaviləsini mülki mühakimə icraatı qaydasında mübahisələndirə bilər. İddia tələbinin predmeti olmuş 2-ci halla, yəni X4 adına verilmiş Sərəncam Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 9.06.2011-ci il tarixli, 92/7 № li Sərəncamıdır ki, iddiaçı həmin Sərəncamı vermiş inzibati orqanı, yəni Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti cavabdeh kimi işə cəlb etməmiş, tələbini həmin inzibati aktı qəbul etmiş orqana yönəltməmiş, bu barədə iddiaçıya edilmiş hüquqi yardımla iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Həmçinin iddiaçı həmin Sərəncamın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı həmin Sərəncamın mövcudluğundan Cavabdeh3 105 saylı mənzillə bağlı İddiaçı qarşı qeydiyyatın ləğvinə dair iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etməsi zamanı məlumatlı olmuşdur. Həmçinin iddiaçının həmin Sərəncamı mübahisələndirməkdə subyektiv hüququ olmamaqla, hüquqi marağı da müəyyən edilmir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Bakı X5 işlədiyinə görə, Bakı şəhəri, Nizmai rayonu, Özbəkistan küçəsi, ev 21, 105 saylı mənzilə dair order verilmişdir. Eyni zamanda X6 da həmin zavodda işlədiyinə görə, ona həmin binadan 116 saylı mənzilə dair order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin müvafiq sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 136 saylı sərəncamı ilə əvvəllər "xxxx" ASC-nin X8 məxsus olmuş ünvan 1 ünvanında yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Yataqxana binasında aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq təhvil-təslim zamanı binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Bina balansa qəbul edilməmişdən əvvəl, 2002-ci ildən hal-hazıradək 69 (keçmiş 105) saylı otaqda Zəngilan rayon məcburi köçkünü X10 ailə üzvləri ilə birlikdə məskunlaşmaqla faktiki olaraq yaşayır. X2 isə 1993-cü ildən digər ailə üzvləri ilə birlikdə 1-ci mərtəbədəki 33 saylı otaqda məskunlaşmışdır. İddiaçı ərizəsində guya ona məxsus mənzilin 4-cü mərtəbədə yerləşdiyini və orada məcburi köçkün R.İ.İsmayılovun ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etməsinə baxmayaraq, əsassız olaraq 5-ci mərtəbədə yerləşən 105 (keçmiş 116) saylı otağın başqa şəxsin adına qanunsuz olaraq özəlləşdirildiyini bildirmiş, lakin həmin ünvanda yaşayış otağı ilə təmin olunması barədə onun tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Keşlə Maşınqayırma zavodu tərəfindən 105 saylı otaq order əsasında müəssisədə işləmiş Cavabdeh2 istifadəsinə verilmiş, o, faktiki olaraq yaşadığı mənzili özəlləşdirdikdən sonra 2016-cı ildə alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. Hazırda mənzilin mülkiyyətçisi olan Cavabdeh3 105 saylı mənzillə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh İddiaçı qarşı qeydiyyatın ləğvinə dair iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən vaxtı ilə X8 məxsus yataqxana binası Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 197 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2007-ci il tarixli, 136 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və həmin Birliyin 117 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin strukturunda qismən dəyişiklik olunaraq 117 saylı MKİS ləğv edilmişdir. Həmin MKİS-ə aid mənzil fondu 83 saylı MKİS-nin istismarına verilmişdir. Bina Birliyin balansına qəbul edilərkən aparılmış inventarizasiya zamanı sıralarına ardıcıllığına uyğun olaraq binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 saylı, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq isə 105 sayla nömrələnmişdir. Vətəndaş İddiaçı ərizəsində göstərdiyi otaq hazırda 69 saylı otaqdır, bina balansa qəbul ediləndən bu günədək həmin otaqda Zəngilan rayonundan məcburi köçkün kimi 4 nəfər ailə üzvü (özü, arvadı və 2 oğlu) X10 yaşayır. Bina balansa qəbul ediləndən bu vaxtadək İddiaçı həmin binada yaşamamışdır. Əvvəllər 116 saylı olmuş, inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq 105 sayla nömrələnmiş otaq isə Keşlə Maşınqayırma zavodu tərəfindən Cavabdeh2 istifadəsində olmuş və o, faktiki olaraq həmin otaqda yaşamışdır. Qeyd edilən 105 saylı otaq Cavabdeh2 tərəfindən özəlləşdirilmiş, alqı-satqı yolu ilə Cavabdeh3 satılmışdır və onun adına xx.xx.2016-cı il tarixli, Seriya RX No ******* çıxarış vardır. Göründüyü kimi, iddiaçıya Bakı X5 işlədiyinə görə vaxtı ilə ayrılmış binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı mənzilin nömrəsi dəyişdirilərək hazırda 69 olmuşdur. Həmçinin Cavabdeh2 binanın 5-ci mərtəbəsində ayrılmış 116 saylı mənzilin nömrəsi dəyişdirilərək hazırda 105 saylı mənzil olmuşdur. İddiaçının hüquqi marağı, çatmaq istədiyi məqsəd, əslində ona orderlə verilmiş mənzil üzərində hüquqlarını həyata keçirməkdir. İddiaçıya isə vaxtı ilə ayrılmış mənzil hazırda da məcburi köçkünlər məskunlaşdığından istifadə edə bilmir. Bu barədə iddiaçının 2007-ci ildən müxtəlif qurumlara müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı bu əsasa söykənərək 105 saylı mənzilə dair iddia irəli sürməkdə əslində ona ayrılmış mənzil üzərində hüquqlarını həyata keçirmək istəyir ki, ididaçıya ayrılmış mənzil hazırda 69 nömrəlidir. Belə olan halda iddiaçı Cavabdeh3 mülkiyyətində olan mənzilə dair sənədləri mübahisələndirmək əvəzinə uyğun iddia növü kimi, hazırda 69 nömrə ilə nömrələnmiş, vaxtlilə ona ayrılmış binanın 4-cü mərtəbəsində yerləşən və məcburi köçkünlər tərəfindən istifadə edilən mənzillə bağlı müvafiq iddia qaldırmaqla nail ola bilər. İddiaçının hazırda iddia etdiyi 105 saylı mənzil isə, Şüküfə Hüseynovaya ayrılmış əvvəlki nömrəsi 116 olan mənzildir. Məhkəmə qeyd edir ki, iddiaçı 105 nömrə ilə nömrələnmiş mənzili deyil, ona ayrılmış binanın 4-cü mərtəbəsində yerləşən və hazırda 69 nömrə ilə nömrələnən daşınmaz əmlakla bağlı iddia irəli sürməlidir. Yəni iddiaçı nömrəni deyil, mənzili tələb etməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X6, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının strukturuna daxil olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı sərəncamın, orderin və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar