Məhkəmə qərarları › İş №2-1(112)-11832/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11832/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11832/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X8 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən sahəsi 63.0 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alğı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2375/2019 saylı iş üzrə 01 noyabr 2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyi-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövləl Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-508/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək ilkin olaraq AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və AR Maliyyə Nazirliyindən ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 ABŞ dolları), maddi ziyan üçün 64.800 manat (altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, çıxarış və texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4983/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4983/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1598/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsinin bu günkü gün satışından ən azından əldə edə biləcəyi 396000 manat (üç yüz doğsan altı min) əldən çıxmış faydanın ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, alğı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə ödənilmiş 45000 (qırx beş min) manat vəsait 31 oktyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə geri qaytarılmışdır. Məhkəmə qətnaməsində alğı-satqı müqaviləsinin ləğv edilməsi zamanı dəymiş zərərin ödənilməsi barədə qərar qəbul olunmamışdır. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏMDK-nin xx.xx.2017-ci il tarixli, 141№- li sərəncamı və bunun əsasında xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsi və xx.xx.2018-ci il tarixli RX seryalı ******* nömrəli çıxarış ləğv edildiyindən ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsinin bugünkü günün bazar qiyməti ilə satışından ən azından əldə edə biləcəyi 396000 manat (üç yüz doxsan altı min) əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq sözügedn əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixdə açıq hərraca çıxarılmış və iddiaçı həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə İddiaçı arasında xx.xx.2018ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən xx.xx.2018-ci il tarixdə 3888 №İi alğı-satqı müqaviləsi bağlanmışdır. Bu alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pul vəsaiti ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seryalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X6 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009-cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 3 ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li sərəncamının ləğv edilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qərardan "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(81)- 143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(102)-508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh bu işlə bağlı keçirilən məhkəmə prosseslərinin heç birində iştirak etməmiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verməkdə maraqlı olmamışdır. Cavabdeh bu əməli ilə iddiaçının gələcəkdə əldə edə biləcəyi külli miqdarda faydanın qarşısını almışdır. Sonuncu dəfə 45000 manat pul vəsaitinin geri qaytarılması xahişi ilə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 sayl qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küç. 125 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanılmış xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin 25%-nin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin hesabından, 75%-nin Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq İddiaçı ödənilməsi cavabdehlərə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 314/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixli 3888 №li alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-314/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)1598/23 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-314/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-314/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i tərəfindən 3 noyabr 2023-cü il tarixində icra edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qaydasında AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №-li sərəncamı ləğv edilməsəydi, ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsini bugünkü bazar qiyməti ilə satsaydı küllü miqdarda fayda əldə etmiş olardı. Azərbaycan Respublikası "xxxx" MMC-nin 11 iyun 2024-cü il tarixli MB 17/0588 saylı arayışındandan göründüyü kimi, hal-hazırda ünvan 3 ünvanında və ona yaxın ərazidə yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.m. bazar qiyməti əmlakın təmir və yerləşmə vəziyyətindən asılı olaraq 7000-12000 manat arasında dəyişir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı və bunun əsasında xx.xx.2018-ci il tarixli 3888 nömrəli alğı-satqı müqaviləsi və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edildiyindən ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyriyaşayış sahəsinin satışından ən azından əldə edə biləcəyi 396.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-314/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3888 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 45000 (qırx beş min) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 14459/2023 nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilərək, qeyd edilən vəsaitin tələbkara ödənilməsinə etiraz edilmədiyi bildirilmiş və müvafiq vəsait artıq tələbkara ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən məhkəmə qərarı qanunamüvafiq qaydada icra edilmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla tərəflər üçün heç bir hüquqi nəticə yaratmadığından iddiaçı əmlakın özəlləşdirilməsi ilə bağlı ödədiyi vəsait istisna olmaqla hər hansı əlavə vəsaitin ödənilməsi ilə bağlı tələb irəli sürə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan dövlət əmlakına dair özəlləşdirmənin nəticələri məhkəmə qaydasında ləğv olunduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaiti Xidmət tərəfindən iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı formal əsaslardan çıxış edərək ona 396000 (üç yüz doxsan altı min) manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Qeyd olunanlarla yanaşı bildirilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qanunsuz hərəkətləri nəticəsində ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi üçün 15 iyun 2018-ci il tarixində “SER ELEKTRONİCS MMC” ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsi əsasında əldən çıxmış 54000 (əlli dörd min) manat faydanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5673/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-484/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5673/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, eyni tələb üzrə iddianın rədd edilməsi barədə artıq qüvvədə olan məhkəmə qərarı mövcud olduğundan, prosessual qanunvericiliyə əsasən hazırkı iddia məhkəmənin icraatına qəbul edilə bilməz. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbinə dair son məhkəmə qərarı Ali Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və iddiaçı uzun müddət ərzində bundan məlumatlı olsa da, qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş, həmçinin, əlavə olaraq bildirmişdir ki, məhkəmənin icraatında olmuş digər işlər - icarə haqqı və 45000 manat pul gec ödənildiyi üçün zərər ilə bağlı olmuşdur. Hazırki tələb həmin tələblərdən fərqlidir. Əmlak dursa idi onun baha qiymətə satışından gəlir əldə edilərdi. Daşınmaz əmlakın dəyəri 8-10 dəfə dəyişmişdir. Etibarı olmadığı üçün sonradan keçirilmiş hərraclarda iştirak etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində göstərilmiş 1 illik müddət kompensasiyanın ödənilməsinə aiddir. Həmin normanın hazırki mübahisəyə aidiyyəti yoxdur. İddiaçı əldə çıxmış fayda tələb edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən izibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının sonradan məhkəmənin icraatında olmuş digər işləri - icarə haqqı; pulun gec qaytarılması ilə bağlı zərərin ödənilməsi ilə bağlı olmuşdur. İddia mümkündür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçı cavabdeh qurumun təqsirli hərəkətləri nəticəsində mülki dövriyyə münasibətlərindən əldə edə biləcəyi faydadan (iddiaçının mövqeyinə görə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olumasaydı qeyri-yaşayış sahəsinin satışından gəlir əldə edərdi.) məhrum olduğunu iddia edir və əvəzinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunan normaya əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İstinad olunan norma anlamında hazırkı mübahisəyə münasibətdə əldən çıxmış fayda (gəlir) ilə bağlı inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı üç hal sübut olunmalıdır: gəlir, yəni fayda əldə olunmamışdır; tələbkarın (kreditorun) hüququ pozulmuşdur; məhz borclunun hüquqazidd hərəkəti faydanın (gəlirin) əldə olunmasına imkan verməmişdir. Bu şərtlərin hamısının birlikdə və eyni zamanda mövcud olması tələb olunur. Həmin hallardan hər hansı birinin sübut edilmədiyi təqdirdə, iddia təmin oluna bilməz. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və yuxarıda qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni ən azından iddiaçı tərəfindən faydanın əldə olunmadığı və məhz borclunun hüquqazidd hərəkətinin gəlirin əldə olunmasına imkan vermədiyi, yəni məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində gəlirin əldən çıxdığı təsdiq olunmur. İddiaçının - cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olumasaydı qeyri-yaşayış sahəsinin satışından gəlir əldə etməsi barədə mövqeyi hələ bunun mütləq olaraq ola bilməsi (real) də demək deyil, xəyalidir. Əgər bu birmənalı iddiaçının iddia etdiyi şəkildə qəbul edilsəydi, onda həlli açıq qalan məsələlər ortaya çıxır. Məsələn, ola bilərdi ki, heç yuxarıda qeyd olunanlar baş verməsin, iddiaçı özü əmlakı bir müddət sonra satsın. Həmçinin, iddiaçı ona geri qaytarılmış vəsait ilə də iddia etdiyi kimi sonradan satıb gəlir əldə etmək üçün əmlak eldə etməmiş, sonradan keçirilmiş hərraclarda da iştirak etməmişdir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar