Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11834/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğvi və İİ qrup müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina qərarının əsassız hesab edilərək təqdim olunmuş tibbi sənədlər və funksional pozuntular əsasında ən azı İİ qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, çoxsaylı xroniki xəstəlikdən əziyyət çəkir. xx.xx.2016-cı il tarixdə iddiaçıya ümumi xəstəlik əsasında İİ qrup əlillik əlillik təyin edilmişdir və bu qərarın qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Lakin təkrar müraciət zamanı xx.xx.2021ci il tarixdə cavabdeh tərəfindən əlillik dərəcəsinin yenidən verilməsindən imtina edilmişdir. Qərarda “əlavə müalicəyə ehtiyac olduğu” və “ixtisaslaşmış müəssisədə müalicə tövsiyə olunur” kimi qeydlər göstərilmişdir. Həmin qərarda ona aid tibbi qiymətləndirmə göstərilmişdir: İnfaktdan sonra kardioskleroz hərəkətin və yerişin pozulmaları, 1) Stenokardiyanın digər formaları, ÜİX-stabil gərginlik stenokardiyası, İV funksional sinif, 2) Postinfarkt kardioskleroz, EF=45%, NYHA İİ FS, 3) kardial aritmiyalar, blokadalar (İ44.0, İ149.4), 4) Durğunluq ürək çatışmazlığı, 5)Xroniki bel-oma osteoxondrozu, radiokulopatiya ilə (L4-L5 sağ tərəfli diskin yırtığı), 6)Şəkərli diabet tip İİ, insulin tələbli, diabetik nefropatiya ilə (N08.3), 7)Piylənmə - İİİ dərəcə (E68), 8)Qaraciyərin vena-okklyüzion xəstəliyi (K76.5), 9)Xolesistit (K81), 10)Hipertenziya – İİİ dərəcə, İV risk (İ10). Qeyd edilən bu diaqnozlar hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları” sənədinə birbaşa və ya kompleks şəkildə uyğun gəlir. Qeyd etmək lazımdır ki, 187 nömrəli qərarın 5.3.3, 5.3.10, 5.6.3, 5.8.5 və digər aidiyyəti bəndlərinə əsasən iddiaçının tibbi vəziyyəti azı İİ əlillik qrupuna uyğun gəlir. Cavabdeh obyektiv tibbi və funksional qiymətləndirmə aparmadan, yalnız müalicəyə ehtiyacın olması bəhanəsi ilə qanunsuz imtina qərarı vermişdir. Cavabdehin fəaliyyəti məhkəmə tərəfindən inzibati qaydada yoxlanıla bilər. Cavabdehin imtinası əsassızdır. Xroniki gedişli bir xəstəlik necə yaxşılaşma və ya sağala bilər. İddiaçı epikrizdə qeyd edilən xəstəxanalarda mütəmadi müayinələrdə olmuşdur. Eyni zamanda, iddiaçı məhkəməyə “prosessual müddətin bərpası” barədə ərizə ilə müraciət edərək iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli imtina barədə qərarın ləğv edilərək əlilliyin təyinatının aparılması və dayandırıldığı tarixdən hesablanaraq cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sonuncu dəfə iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsindən imtina edilmişdir. İmtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması bildirililmişdir. Hazırda cavabdehin imtinasını mübahisələndirmək üçün prosessual müddətin bərpasına zərurət yaranmışdır. İddiaçı səhəttində yaranmış problemlərlə bağlı, həm də hüquqi təhsili olmadığı üçün vaxtında aidiyyəti orqanlara müraciət edə bilməmiş, cavabdehin imtinasını mübahisələndirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X4 iddia ərizəsinin məzmununa oxşar izahat verərək həmçinin bildirdi ki, sözügedən qərar iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı səhətti ilə əlaqədar və hüquqi savadsızlığa görə vaxtında müraciət edə bilməmişdir. Odur ki, ərizənin və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, 2016-cı ildə iddiaçıya əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya göndəriş 2021-ci ildə verilmişdir. İddiaçıya sms bildiriş də göndərilmişdir. İddiaçı prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Bu səbəbdən müddətin bərpası haqqında vəsatət təmin edilməyərək iddia qeyri-mümkün hesab edilməlidir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq 2013-cü ildə əlillik dərəcəsi təyin edilmiş, sonradan əlilliyin müddəti hər dəfə bir il artırılmaqla 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçının əlillik müddəti 2021-ci ildə bitmiş və o, yeni tibbi göndəriş alaraq cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini və ona əlillik dərəcəsi təyin edilməsini xahiş edir. Qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi məcburetmə ilə bağlı olan tələbdir. Belə ki, iddiaçı ona əlillik təyini ilə bağlı cavabdeh tərəfindən qəbul edilən qırarı mübahisələndirsə də, həmin qərar iddiaçının müraciəti nəticəsində qəbul edilmişdir. İnzibati məhkəmə icraatı çərçivəsində qaldırılmış iddiaya o zaman mübahisələndirmə iddiası kimi baxmaq olar ki, inzibati orqan tərəfindən şəxsin hər hansı müraciəti olmadan onun mənafeyinə toxunan, onun üçün hər hansı əlavə öhdəliklər və ya məsuliyyət yaradan qərar qəbul edilmiş olsun. Şəxsin onun hüquq və mənafeləri ilə bağlı hər hansı qərar qəbul edilməsi barədə inzibati orqana müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilən həmin inzibati aktın qəbulundan imtina ayrıca inzibati akt kimi və yaxud sadə (bildiriş, məktub) formada tərtib edilməsindən asılı olmayaraq şəxsin həmin cavabla bağlı qaldırdığı iddia məcburetmə iddiasıdır. Çünki bu zaman da şəxs onun mənafeyinə uyğun inzibati aktın qəbulu öhdəliyinin inzibati orqana həvalə edilməsini tələb edir. İPM-də göstərilmişdir ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.2.). Hazırda iddiaçı 2021-ci ildə tibbi göndəriş alaraq cavabdehə əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etməsinə və cavabdeh tərəfindən imtina ilə bağlı qərarın da məhz həmin ildə qəbul edilməsinə baxmayaraq bundan təqribən 4 il keçdikdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı verilmiş iddialara baxarkən, məhkəmə iddiaçıya tibbi göndərişdə və digər tibbi sənədlərdə qoyulmuş diaqnozlara əlillik təyin edilməsində səlahiyyətli olan inzibati orqan tərəfindən düzgün qiymət verilib verilmədiyini yoxlayır. Hazırkı vəziyyətdə iddiaçı tibbi göndərişin alınmasından dörd il sonra məhkəməyə müraciət etdiyi üçün işə baxan məhkəmə faktiki olaraq 4 il bundan öncə iddiaçıya qoyulmuş diaqnozlara cavabdeh tərəfindən düzgün qiymət verilib verilməməsini yoxlamalıdır ki, bu prktiki olaraq mümkün deyildir. Belə ki, ötən bu dövr ərzində iddiaçının səhhətində dəyişikliklər baş verə, sağlamlıq vəziyyəti ağırlaşa və ya yaxşılaşa bilər. Məhkəmə isə iddiaçının hazırkı sağlamlıq durumuna uyğun olaraq mübahisəyə qiymət verə bilər. İPM-də göstərilmişdir ki, Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (24.1.). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (24.2.). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (24.3.). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4.). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (24.5.). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir (24.6.). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz (24.7.). Məhkəmə qeyd edir ki, iddiaçı təkrar tibbi göndəriş alaraq əlillik təyini ilə bağlı cavabdehə müraciət edə, əlillik təyini ilə bağlı qəbul edilmiş qərarın nəticəsindən asılı olaraq bununla razılaşa və ya məhkəməyə müraciət edə bilər. Hazırkı iddia isə qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə, o cümlədən prosessual müddətin ötürülməsindən bir ildən çox müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası haqqında vəsatət əsaslandırılmadığından vəsatət təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və İİ qrup müddətsiz əlilliyin təyin edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11834/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11834/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver