Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1184/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 may 2021-ci il tarixli **********374000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 2020-ci il hesabat dövrü üzrə 10.441.228,39 manat əlavə vergi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, sözügedən qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində 2020-ci il ərzində alınmış alış aktlarının 52.206.141,94 manat hissəsi vergi orqanında uçotda olan şəxslərdən, hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçi fiziki şəxs vergi ödəyicisi kimi öz adından və vergi ödəyicisinin muzdlu işçisindən alınmışdır ki, bu da kənarlaşmanın səbəbi olmuşdur. Belə ki, 2020-ci ildə alınmış 151.339.879,41 manat məbləğində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla sənədləşdirilmişdir. Mallar alınan zaman satıcının təqdim etdiyi sənədlər əsasında alış aktı ilə tərtib olunmuş, imzalanmış və “e-taxes” portalının “aktlar” alt bölməsindən sistemə əlavə olunmuşdur. Lakin həmin sənədlər nəzərə alınmamış, 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarla 10.441.228,39 mant məbləğində əlavə kameral hesablama aparılmışdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 3.8, 15.1.9, 37, 53.3, 62, 71.1, 71.2, 94-cü maddələrinə, İPM-in 2, 8, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 24 iyun 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbi ilə razılaşmır və tələbin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. İddiaçı MMC-yə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin baza məlumatlarına əsasən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində aşağıda qeyd olunan bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir: 1) vergi orqanında uçotda olan şəxslərdən (vergi ödəyicilərindən) alınan mallar üzrə elekton qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə əldə olunması hüquqi şəxs vergi ödəyicisinin rəhbər və ya təsisçisinin adından alış aktlarının əldə olunması; 2) fiziki şəxs vergi ödəyicisi kimi öz adından alış aktlarının əldə olunması; 3) vergi ödəyicisinin muzdlu işçisinin adından alış aktlarının əldə olunması; 4) eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması. Eyni zamanda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 28.194,75 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) cəmi üzrə hesablanmış 23.596,29 manat sığorta haqqlarının məbləğindən 4.598,46 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 23 aprel 2021-ci il tarixli **********255700 nömrəli “Mənfəət/Gəlir vergisi bəyannamələrində malların elektron alış aktlarından formalaşan xərclər üzrə aparılan kameral vergi yoxlamaları zamanı müəyyən olunan uyğunsuzluqlar barədə” bildiriş, 2 aprel 2021-ci il tarixli **********056100 nörnrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının dürüstləşdirilməsi, bu barədə ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən 2020-ci il ərzində vergi orqanında uçotda olduğu müəyyən edilən fiziki şəxslərdən 52.206.141,94 manat dəyərində 39.926.664,69 kq kənd təsərrüfatı malları alınmış və alınan mallar 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar olaraq, vergi ödəyicisinə 13 mart 2021-ci il tarixli **********199200 nömrəli, 17 mart 2021-ci il tarixli **********345400 nömrəli və 8 aprel 2021-ci il tarixli **********834900 nömrəli məktublarla müraciət edilərək vergi orqanında uçotda olduğu müəyyən edilən fiziki şəxslərlə bağlanmış elektron alış aktı barədə zəruri sənədlərin (fiziki şəxs tərəfindən imzalanmış alış aktları) təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi bildirilməsinə baxmayaraq, İddiaçı MMC tərəfindən kənarlaşmaya səbəb olan alış aktları vergi orqanına təqdim edilməmişdir. Eyni zamanda, fərdi sahibkarlar müraciətlərində MMC-yə hər hansı malın təqdim edilmədiyini bildirmişdirlər. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar olaraq, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə, eyni zamanda 2020-ci ii ərzində tərtib edilmiş elektron alış aktları dürüstləşdirilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 10.442.148,08 manat ((52.206.141,94 + 4598,46) x 20%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may 2021-ci il tarixli **********031000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının "esablanması barədə” qərarlar göndərilmişdir. İiddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2020-ci ildə alınmış 151.339.879,41 manat məbləğində mallar Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla sənədləşdirilmişdir. Belə kı, mallar alınan zaman satıcının təqdim etdiyi sənədlər əsasında alış aktı ilə tərtib olunmuş, imzalanmış və “etaxes" portalının “aktlar" alt bölməsindən sistemə əlavə olunmuşdur. Lakın həmin sənədlər nəzərə alınmamış, 5 may 2021-ci il tarixli **********374000 saylı qərarla 10.441.228.39 manat məbləğində əlavə kameral hesablama aparılmışdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1.11-10, 24, 37, 67, 71-2, 130.1-ci maddələrinə və İPM-in 58-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarlarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O. əlavə olaraq qeyd etdi ki, mübahisə predmeti olan 6 may 2021-ci il tarixli qərarda iddiaçının 10.456.526,84 manat məbləğində vergi borcunu bəyan etdiyini qeyd olunur, lakin bu hal həqiqəti əkt etdirmir, belə bəyannamə olmamışdır. Məhkəmə iclasında iştirak edən cavbdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 71-2-ci maddəsinə görə bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən malların alınması zamanı yalnız alış aktı və elektron alış aktının tərtib edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına münasibətdə isə məhkəmə qeyd edir ki, hüquqi şəxs olan hazırkı İddiaçı MMC fiziki şəxslərdən malları alarkən onlar özlərini vergi orqanında uçotda olmayan şəxs qismində təqdim etdikdə, məsələnin bu xüsusatını araşdırmaq öhdəliyi daşımır. Vergi orqanında uçotda olan şəxsin belə statusunu bəyan etməməsini yoxlamaq, məlumat əldə etmək alıcı kimi hazırkı İddiaçı MMC-nin imkanları və vəzifələri xaricindədir. İddiaçı müvafiq elektron alış aktını tərtib etməklə, habelə bu əməliyyatı vergi orqanına bəyan etməklə həmin əməliyyat üzrə vergi ödəyicisi kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Satış dövriyyəsini müvafiq qaydada bəyan etmək mal satan kimi həmin fiziki şəxslərin vəzifəsidir və dövriyyəsini gizlətdiyi halda, müvafiq məsuliyyəti onlar daşıyır. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın müddəalarına görə: - (2.1-ci bənd) Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir; - (3.1-ci bənd) Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir; - (3.2-ci bənd) Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir; - (3.3-cü bənd) Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. - (4.1-ci bənd) Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilir. Məhkəmə vurğulayır ki, sözügedən alqı-satqı əməliyyatları üzrə İddiaçı MMC-nin vergi hesabatı 2021-ci ilin mart ayının 31-dək bəyan edilmiş olsa da, 2020-ci ilin müvafiq dövrlərində elektron alış aktları vergi orqanına müəyyən edilmiş müddət ərzində təqdim olunmuş, lakin vergi orqanı elektron alış aktlarına münasibətdə münasibəti həmin dövrdə bildirməmişdir. Eləcə də qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçıya eyni dövr üzrə eyni əməliyyata görə eyni növ vergini müxtəlif məbləğlərlə olsa da, iki dəfə hesablamış və iki qərar qəbul etmişdir. Bu isə, qanunvericiliklə (Vergi Məcəlləsinin 37-ci maddəsində) nəzərdə tutulmur. Mübahisə predmeti olan qərarlardan birində – 6 may 2021-ci il tarixli qərarda vergi ödəyicisinin 10.456.526,84 manat məbləğində vergi borcunu bəyan etdiyinə istinad olunsa da, məhkəmə icraatında iddiaçı tərəf bu halı təkzib etmiş, cavabdeh inzibati orqan isə əksini təsdiqləyən sübut təqdim etməmişdir. Belə olan halda, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı MMC-nin sözügedən alqı-satqı əməliyyatları üzrə vergi ödəyicisi kimi hansı vəzifələri yerinə yetirməməsi barədə hazırkı iş üzrə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübut təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçıya mənfəət vergisinin hesablanması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 16, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 37, 53.3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla əlavə vergi məbləğinin hesablanması barədə 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 may 2021-ci il tarixli **********374000 nömrəli və 6 may **********03100 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1184/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1184/2022
04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver