Məhkəmə qərarları › İş №2-1(112)-1184/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1184/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1184/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, ona reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsi Xəzər RXDS İK-nın xx.xx.1991-ci il tarixli, 18 saylı Qərarı ilə iddiaçı X5 ayrılmışdır. Rayon icra hakimiyyəti orqanları tərəfindən ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarış tərtib edilib təsdiq olunmuşdur. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, torpaq sahəsi X7 kitabında xx.xx.2013-cü il tarixdə, 36094 nömrə ilə uçota alınmışdır. Həmçinin, Əzizbəyov (indiki Xəzər) rayon XDSİK ilə bağlanmış müqavilə əsasında Oktay Əliyevə ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Ona görə də iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evine xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona reyestrdən çıxarış verilməsi ilə bağlı 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Lakin 1 saylı Bakı ərazi idarəsi ərizəni təmin etməmiş və imtina məktubunda göstərmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə qərarın arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair təqdim edilən qərarda torpaq sahəsinin Mərdəkan qəsəbəsi qeyd edilsə də, yerləşmə cizgisində isə Şağan qəsəbəsi qeyd edilmişdir. Cavabdeh təşkilatın imtinası əsassızdır, qanunun tələblərinə uyğun deyil. Belə ki iddiaçının torpaq sahəsi qaz xəttinin mühafizə zonasında yerləşmir. Əgər həmin sahə mühafizə zonasına düşürsə onda nə üçün iddiaçıya bitişik, həmçinin üzbəüz torpaq sahələri mülkiyyət hüququ ilə qeydiyyata alınıb. Qanunvericiliyin tələbləri ilə cavabdeh təşkilatın imtina üçün gətirdiyi dəlilləri müqayisə edəndə aydın olur ki, cavabdeh imtina üçün qanunla müəyyən olunmuş hüquqi əsaslara deyil, formal mülahizələrə əsaslanmışdır. Bununla da qanunun tələblərini pozaraq qanunsuz olaraq onun hüquqlarının qeydiyyatından imtina olunmuşdur. Qeyd edilmişdir ki, iddiaçı ilə eyni zonada yerləşən torpaq sahələrinin mülkiyyət hüququ əsasında qeydiyyata alınmasına baxmayaraq cavabdeh iddiaçıya münasibətdə fərqli mövqe nümayiş etdirərək eyni məsələ üzrə müxtəlif qərar qəbul etmişdir. Torpaq sahəsinin ayrılmasına dair təqdim edilən qərarda torpaq sahəsinin Mərdəkan qəsəbəsi, yerləşmə cizgisində isə Şağan qəsəbəsi qeyd edilməsi ilə bağlı məsələyə gəldikdə isə cavabdeh orqanın mövqeyinin formal tələb, sui-istifadə halı olduğu açıq görünür. Cavabdeh təşkilata məlumdur ki, 1995ci il tarixədək Şağan qəsəbə nümayəndəliyi olmadığı üçün Şağan qəsəbəsi Mərdəkan qəsəbə nümayəndəliyinin tabeçiliyində olub, bu səbəbdən verilmiş qərarlarda ərazi Mərdəkan qəsəsbəsi kimi qeyd olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinə dair qərar xx.xx.1991-ci il tarixlidir, həmin vaxt Şağan qəsəbəsinin ərazisi Mərdəkan qəsəbəsinin tərkib hissəsi idi. Yerləşmə sxemi isə xx.xx.2007-ci il tarixdə təsdiq olunub, həmin vaxt Şağan qəsəbəsi artıq ayrıca inzibati vahid idi. Torpaq sahəsinin plan və ölçüsü isə cavabdeh təşkilatın özü tərəfindən xx.xx.2013-cü il tarixdə verilib, əgər qərarla sxem arasında hər hansı ziddiyyət var idisə nə üçün onun sahəsi X8 kitabında qeydə alınırdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi tamamilə qaz xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin ayrılması barədə qərarın arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsinin ayrılmasına dair təqdim edilən qərarda torpaq sahəsinin yerləşməsi Mərdəkan qəsəbəsi qeyd edilsə də, yerləşmə cizgisində Şağan qəsəbəsində yerləşdiyi göstərilmişdir. Bundan əlavə fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********66 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü ıl yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar kimi nəzərdə tutulmuşdur. Torpaq islahatı haqqında" Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” pubiik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1944-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına Xəzər (Əzizbəyov) rayonu XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 750 kv.m torpaq sahəsinə dair 3/952 saylı fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. X7 kitabında xx.xx.2013-cü il tarixdə 36094 nömrə ilə uçota alınıb. İş materiallarına əlavə edilmiş xx.xx.1992-ci il tarixli Müqavilənamədə qeyd olunmuşdur ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarına müvafiq olaraq Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin verdiyi xx.xx.1991-ci il tarixli, 18№-li vəkalətnamə əsasında fəaliyyətdə olan şöbə müdiri Babayev M.A. şəxsində ev tikdirən İddiaçı Mərdəkan qəsəbəsi 3/952 nömrəli, fasadı 14.85 kv.m, arxa çəhəti 14.85 kv.m, sağ cəhəti 8.2 kv.m, sol cəhəti 8.2 kv.m, ümumi sahəsi 750kv.m. olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 66.0 kv.m. ölçüdə 5 otaqdan ibarət həyətyanı tikililəri ilə xx.xx.1992-ci il tarixli, 145-000-129s nömrəli təsdiq olunan layihəyə tam müvafiqdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli, 7-3838/17 nömrəli məktubu ilə göndərilmiş Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli Qərarında qeyd olunmuşdur ki, İddiaçı Mərdəkan qəsəbəsində 3/952 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması, ümumi sahəsi 118.8 kv.m olan, onun yaşayış sahəsi 66 kv.m olan təsdiq edilmiş 145-000-129 s seriyalı layihə əsasında evin tikintisinin aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ev tikmək məqsədi üçün Şağan qəsəbəsində X5 Əzizbəyov rayon İH tərəfindən ayrılan xx.xx.1991-ci il 3/952 saylı torpaq sahəsinin sxemi və baş plandan çıxarış Əzizbəyov rayon Şağan qəsəbə nümayəndəsinin imzası və möhürü ilə, Əzizbəyov R.İ.H.-nin Təsərrüfat şöbəsinin müdirinin imzası və möhürü ilə və Əzizbəyov R.İ.H.-nin 1-ci müavini Ə.Heydərovanın imzası və möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Şağan qəsəbəsi üzrə torpaq sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 750.0 kv.m və faktiki – 916.0 kv.m. Torpaq sahəsi mişar daşı ilə hasara alınıb. Yaşayış evi mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə göndərilmiş torpaq sahəsinin plan-ölçüsünün verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki: - Vətəndaş İddiaçı oğlunun Xəzər rayon Şağan qəsəbəsində istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü”nün hazırlanmasına dair Rəydə qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 18 saylı sərəncamı ilə Şağan qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsində təqdim olunmuş sənədlərə əsasən sahədə ölçü işləri aparılarkən, faktiki istifadə olunan sahə 750.0 kv.m, qanuni istifadədə olan sahə 750.0 kv.m. ayrılmışdır. -Qeyd edilən sənədlər sırasında Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli Qərarı və Əzizbəyov rayon İH tərəfindən ayrılan xx.xx.1991-ci il 3/952 saylı torpaq sahəsinin sxemi və baş plandan çıxarış əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 1381 nömrəli məktubunda bildirilmişdir ki, 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edilmişdir. 1945-ci ildə ayrılsa da, 1948-ci ildə yenidən birləşdirilmişdir. 1990-cı ildə Şağan kəndi qəsəbə statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonunun Şağan qəsəbəsi Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. Hal-hazırda qəsəbədə Xəzər RİH başçısının Şağan qəsəbə inzibati ərazi 'dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş X4 və X3 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhər sakini İddiaçı etibarnamə üzrə nümayəndəsi və Vəkil “X4 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək İddiaçı Xəzər (Əzizbəyov) rayonu XDS SK-nin xx.xx.1991ci il tarixli 18 saylı Qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində ayrılmış, hal-hazırda faktiki istifadəsində olan 750 kv.metr torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin mülkiyyəti hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Dövlət qeydiyyatına alınıb- alınmaması barədə ona məlumat verilməsini xahiş etmişdir. Bildiririk ki, müraciət tərəfimizdən vəkilin iştirakı ilə təqdim olunan sənədlərə əsasən yerində araşdırıldı. Araşdırma zamanı ətraf qonşular haqqında müvafiq məlumatlar əldə olunarkən məlum oldu ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən fərdi yaşayış evlərindən 10 ədədi aidiyyəti qurumda mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı hazırlanmış sxem rəyə əlavə olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********66 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin ayrılması barədə qərarın arxiv arayışı təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsinin ayrılmasına dair təqdim edilən qərarda torpaq sahəsinin yerləşməsi Mərdəkan qəsəbəsi qeyd edilsə də, yerləşmə cizgisində isə Şağan qəsəbəsində yerləşdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə-'50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11 -ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi vəjfiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsini mübahisələndirir. Cavabdehin müraciətin təminindən imtinasının, eləcə iddia tələbinə etirazın əsasları aşağıdakılardır: - torpaq sahəsinin ayrılması barədə qərarın arxiv arayışı təqdim edilməmişdir; - torpaq sahəsinin ayrılmasına dair təqdim edilən qərarda torpaq sahəsinin yerləşməsi Mərdəkan qəsəbəsi qeyd edilsə də, yerləşmə cizgisində Şağan qəsəbəsində yerləşdiyi göstərilmişdir; - fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd təqdim edilməmişdir; -elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi tamamilə qaz xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli Qərarı ilə İddiaçı Mərdəkan qəsəbəsində 3/952 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmış, eyni zamanda həmin torpaq sahəsində ümumi sahəsi 118.8 kv.m olan, yaşayış sahəsi 66 kv.m olan fərdi yaşayış evinin təsdiq edilmiş 145-000-129 s seriyalı layihə əsasında tikintisinin aparılması qərara alınmışdır. Qeyd edilən Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi tərtib edilmiş və cizgi torpaqayıran Əzizbəyov RİH tərəfindən təsdiq edilmişdir. Bundan əlavə qərarda adıçəkilən inşa olunacaq fərdi yaşayış evinin təsdiq olunmuş 145-000-129 seriyalı layihəsi iş materiallarına əlavə edilmişdir. Eyni zamanda Mərdəkan qəsəbəsi 3/952 nömrəli sahədə İddiaçı ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 145-000-129s nömrəli təsdiq olunan layihəyə tam müvafiq olduğu Əzizbəyov rayon X2 İcraiyyə Komitəsi ilə bağlanmış xx.xx.1992-ci il tarixli Müqavilənamə ilə öz təsdiqini tapmışdır. Beləliklə, Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli Qərarı Şağan qəsəbəsində 3/952 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən ilkin torpaqayırma sənədidir. Həmin qərar yuxarıda adı çəkilən Fərmanın 2.6-cı bəndinə əsasən fərdi yaşayış evi tikmək üçün 1991-ci il noyabrın 9-dək qəbul edilmiş rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilmiş qərar olmaqla torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Torpaq sahəsinin ayrılması barədə qərarın surəti Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmaqla təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Odur ki, cavabdehin istinad etdiyi torpaq sahəsinin ayrılması barədə arxiv çıxarışının təqdim edilməməsi barədə dəlili öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə cavabdehin istinad etdiyi torpaq sahəsinin ayrılmasına dair qərarda torpaq sahəsinin Mərdəkan qəsəbəsində yerləşdiyi qeyd edildiyi halda cizgidə Şağan qəsəbəsində göstərilməsinə münasibətdə aşağıdakıları qeyd edir. Bakı Şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısının təqdim etdiyi məlumata əsasən Şağan kəndi sonuncu dəfə 1948-ci ildən etibarən Mərdəkan kənd sovetinin tərkibində olmuş, 1990-cı ildə Şağan kəndi qəsəbə statusu almış və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şağan qəsəbəsi Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Başqa sözlə, iddiaçıya torpaq ayrılması 1991-ci il olduğundan və 1994-cü ilədək Şağan qəsəbəsi Mərdəkan qəsəbəsinin tərkibində olduğundan torpaqayırma sənədində Mərdəkan qəsəbəsinin qeyd edilməsi, sonradan yerləşmə cizgisində isə Şağan qəsəbəsinin göstərilməsi mümkündür və bu hal sənədlərdə ziddiyyətin olduğu qənaətinə əsas vermir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan sözügedən torpaq sahəsinə plan-ölçünü məhz Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli qərarı və iş materiallarına əlavə edilmiş yerləşmə cizgisi əsasında tərtib etmiş, X7nda qeydə almış və həmin vaxt Mərdəkan-Şağan qəsəbəsi ünvanları ilə bağlı hazırkı iş üzrə qeyd etdiyi halları mübahisələndirməmiş və müvafiq aydınlaşdırmaya da zərurət görməmişdir. Bunun nəticəsidir ki, cavabdeh torpaq sahəsinin plan-ölçüsündə də torpaq sahəsinin yerləşdiyi ərazini Xəzər rayonu, Şağan qəsəbəsi ünvanı olaraq qeydə almışdır. Dolayısı ilə cavabdehin qeyd etdiyi qəsəbə adları ilə bağlı dəlilləri hazırkı halda imtina üçün formal mülahizələri kimi qiymətləndirilməlidir. Cavabdehin istinad etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə gəlincə qeyd edilməlidir ki, Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 18 nömrəli qərarı təkcə iddiaçıya torpaq sahəsinin ayrılmasını deyil, həm də həmin torpaq sahəsi üzərində təsdiq olunmuş layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazəni də ehtiva edir. Eyni zamanda qərarda adıçəkilən sözügedən fərdi yaşayış evinin tikintisinə icazəyə əlavə edilmiş fərdi yaşayış evinin layihəsi də mövcuddur, nəhayətində tikilmiş fərdi yaşayış evinin 145-000-129s nömrəli təsdiq olunan layihəyə tam müvafiq olması barədə rayon icra hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli müqavilənamə də tərtib edilmişdir. Hazırkı iddia üzrə cavabdehin mütəxəssisi tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli yerli müayinə aktında fərdi yaşayış evinin layihəyə uyğun olmadığı, kənaraçıxmalar və s. barədə hər hansı qeydlər göstərilməmişdir. Beləliklə, mübahisəli fərdi yaşayış evinə dair torpaqayırma qərarı, yerli icra hakimiyyətinin tikintiyə icazəsi, təsdiqlənmiş layihə və müqavilənamə iddia olunan fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər qismində çıxış edir. Cavabdehin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşdiyi ilə bağlı dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdir ki: “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi Fərmanla təsdiq edilmiş siyahıda adları çəkilən hüquqmüəyyənedici sənədlər, o cümlədən Siyahının 2.6-cı bəndində sadalanmış xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak qaz boru kəmərlərinin mühafizə zonalarında yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Başqa sözlə, həmin normanın tətbiq edilməsi üçün əmlaka hüququn əmələ gəldiyi vaxtın müəyyən edilməsi əsasdır. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (...) 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; (...). Beləliklə, əmlaka hüququn əmələ gəldiyi vaxt müvafiq icra hakimiyyəti orqanının torpaq sahəsinin ayrılması barədə inzibati aktın qəbul edildiyi vaxtdır. Hazırkı iş üzrə iddiaçı üçün torpaq sahəsinə hüququn yarandığı vaxt məhz Əzizbəyov rayon xalq deputatlar soveti icraiyyə komitəsinin torpaq sahəsinin ayrılması barədə qərarının qəbul edildiyi xx.xx.1991-ci il tarixidir. İddiaçının hüququnun 1991-ci ildə yarandığı bəlli olsa da həmin ərazidə Zabrat-Buzovna-Türkan qaz kəmərinin tərkib hissəsi olan Buzovna QPS-Mərdəkan dairəsi qaz kəmərinin hansı tarixdə çəkildiyi barədə sübut və yaxud iddiaçının hüququnun yarandığı vaxtdan əvvəl və ya onunla eyni vaxtda həmin qaz kəmərinin çəkilməsi ilə bağlı təsdiqedici sənəd müəyyən olunmamışdır. Başqa sözlə, Fərmanın 2-ci bəndinin tələbinə uyğun olaraq iddiaçının əmlaka hüququnun əmələ gəldiyi 1991-ci ildə həmin əmlakın qaz kəmərinin mühafizə zonasında yerləşdiyi sübut olunmadığından iddiaçının mübahisəli əmlaka hüququnun qeydiyyata alınmasından imtinaya dair hüquqi əsas da mövcud deyildir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, iddia olunan torpaq sahəsi hüququn yarandığı vaxtdan qaz xəttinin mühafizə zonasında yerləşmiş olduğu güman edilmiş olsa, o zaman bu hal torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı və cavabdeh orqan iddiaçının müraciəti əsasında sözügedən torpaq sahəsinə hələ 2013-cü ildə plan-ölçü tərtib edərkən bu barədə etirazını iddiaçı tərəfə bildirmiş olmalıydı. Lakin məhkəmə sorğusu ilə təqdim edilmiş torpaq sahəsinə planölçünün verilməsinə əsas olmuş icraat materialları arasında torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı inzibati orqanın hər hansı araşdırma apardığı, aidiyyatı qurumdan müvafiq məlumat, sənəd əldə etdiyi, müvafiq etiraz bildirdiyi və s. aşkar olunmamışdır. Həmçinin, iş üzrə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi qaz xəttinin mühafizəsi zonasında yerləşdiyi mübahisələndirildiyi halda həmin torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar (təxminən 10 ədəd) cavabdeh orqan tərəfindən mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin qaz xəttinin mühafizə zonasında yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 3/952 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar