Məhkəmə qərarları › İş №2-1(112)-11840/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11840/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11840/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyəti X1rşı “yaşadığı binanın təmir edilməsi və sair” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyəti X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, bina 21 qarşısında ağacların budaqlarının artlanması, təhlükəli ağacların kəsilməsi, tam şəkildə həyətdə ağaclardan təhlükəsiz şərait yaradılması, binanın yan tərəfindən giriş asvalt yolun bərpa edilərək düzəldilməsi və yaşadığı 21-ci binanın kapital təmir edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı Xüsusi Təyinatlı, Qoşun Kəşfiyyatı və Motoatıcı hərbi hissələrdə, mayor rütbəsində, zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, rütbəsi mayordur, Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərinin yanında olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, bina 21 qarşısında ağacların budaqlarının artlanmasına, təhlükəli ağacların kəsilməsinə və tam şəkildə həyətdə ağaclardan təhlükəsiz şərait yaradılmasına ehtiyac vardır, belə ki, ağacların bir çoxunun qanadları uzanıb, bəziləri çürüyüb əyilib, insanların və maşınların hərəkəti üçün təhlükəli şərait yaratmışdır. Əlavə olaraq binanın yan tərəfindən giriş asvalt yolu bərbat vəziyyətdədir, bir balaca yağış və s yağan kimi göl olur, insanların həmin yoldan keçməsi üçün maneə yaradır. Yaşadığı binanın kapital təmirə (binaların qapıları bərbat vəziyyətdə, blokların pəncərələri yox, blokların ici çox acınacaqlı vəziyyətdədir) ehtiyacı vardır, şəhərdə bir çox binaları görəndə insanın ürəyi açılır, lakin onun yaşadığı bina demək olar ki, qısa müddətdən sonra təhlükəli vəziyyətdə olaraq sökülməsinə ehtiyac olacaqdır. Dəfələrlə yuxarıda qeyd etdiyi ünvanlara edilən müraciətinə müsbət cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyətindədir.

3. İddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “ərazisindəki yaşıllıqlarla bağlı zəruri tədbirlərin (sanitar və mövsümü budama və s.) görülməsi müvafiq torpaq mülkiyyətçisi tərəfindən təmin edilməlidir və aqrotexniki qulluq göstərilməsi üçün sözügedən işlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, yaşıllıqlara aqrotexniki xidmət göstərilməsi iiə bağlı aidiyyəti quruma müraciət etməlisiniz və tərəfimizdən zəruri tədbirlər görülməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də bu məktubla rəsmi məlumat verilir.”

4. İddiaçının müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “sözügedən ünvanda mütəxəssislərimiz tərəfindən yerində baxış keçirilmişdir. Bildiririk ki, qeyd olunan ünvanda olan ağaclara aqrotexniki qaydada budama xidmətinin göstərilməsi mövsümü müddətdə (ağaclarda vegetasiya dövrü başa çatdığı və nisbi sükunət dövründən etibarən yəni yarpaqlar saralıb töküləndən sonra payız, qış və erkən yazda) növbəlilik əsasında həyata keçirilə bilər. Eyni zamanda bildiririk ki, sözügedən ünvanda olan quru ağacların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi və yerli icra hakimiyyəti orqanlarının qərarı alındıqdan sonra həyata keçirilə bilər. Belə ki, sözügedən qərarın 2.5-ci bəndinin tələblərinə əsasən yaşıllıqların götürülməsinə dair rəy verilməsi üçün aidiyyəti qurum (istifadədə olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə) tərəfindən (fiziki və ya hüquqi şəxsin müraciəti əsasında) bütün sənədlər əlavə olunmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Həmçinin müraciətdə qaldırılan digər məsələlər ilə bağlıda aidiyyəti üzrə müraciət olunmalıdır.”

5. İddiaçının müraciətinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “yaşıllıqların götürülməsi Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun olaraq tənzimlənir və bu qaydanın 2.4cü bəndinə əsasən fiziki və hüquqi şəxslər yaşıllıqların götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmçinin bu qaydanın 2.5-ci bəndində göstərilən zəruri sənədlər (yaşıllıqlar yerləşən torpaq sahəsinin ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən və s.) ilə birlikdə həmin qurum tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmalıdır. Odur ki, mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti üzrə müraciət etməlisiniz.”

6. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia tələbi tamamilə əsassızdır və məhkəmə tərəfindən mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi işlərin (ağacların budaqlarının artlanması, təhlükəli ağacların kəsilməsi, tam şəkildə həyətdə ağaclardan təhlükəsiz şərait yaradılması, binanın asfalt yolunun bərpa edilərək düzəldilməsi və yaşayış binasının kapital təmir edilməsi Ekologiya və təbii Sərvətlər Nazirliyinin vəzifə səlahiyyətlərinə (qulluq funksiyalarına) aid deyildir. Mövcud qanunvericilikdə yaşıllıqların mühafizəsi sahəsində münasibətlər Azərbaycan Resbublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunla, Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”, 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirlməsi Qaydası” və bu sahədə mövcud olan digər qanunvericilik aktları ilə tənzilmlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər (ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi hüquqi və fiziki şəxslər yaşıllıqların götürülməsi üçün aidiyyəti üzrə torpaq mülkiyyətçisinə (yerli icra hakimiyyəti və ya bələdiyyəyə) ərizə ilə müraciət etməli, mülkiyyətçi müraciəti qeydə aldıqdan sonra aidiyyəti üzrə baxmalı və yaşıllığın götürülməsi üşün əsas olduğu halda səlahiyyətli orqana - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq sənədlər əlavə edilməklə müraciət etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alındıqdan sonra yaşıllığın götürülməsi vərəqi və qərarı əsasında yaşıllığın götürülməsini təmin etməlidir. İddiaçının müraciətində qeyd etdiyi ağacların artlanması (əgər iddiaçı artlanma dedikdə budama anlayışını nəzərdə tutursa), yaşıllıqlarla bağlı zəruri tədbirlərin görülməsi (sanitar və mövsümi budama xidmətlərinin göstərilməsi) üçün həmin işlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməsi qanunvericilkdə nəzərdə tutulmamışdır, bu kimi işlərin görülməsi üçün aidiyyəti quruma müraciət olunmalıdır. İddia ərizəsində göstərilən işlərin görülməsi ilə bağlı iddiaçı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilmiş müraciətə cavab olaraq Nazirliyin aidiyyəti üzrə X4 Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-14/2-N-750- 3/2025 saylı cavab məktubunda yuxarıda göstərilənlər iddiaçının nəzərinə çatdırılmışdır. Lakin iddiaçı səlahiyyətli dövlət orqanının cavab məktubunda göstərilən qanunvericiliyin tələblərini nəzərə almadan qeyd etdiyi işlərin yerinə yetrilməsi öhdəliyinin məcburi surətdə ETSN-nin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçının ərizədə qeyd etdiyi ağacların artlanması (budanması) ilə bağlı qanunvericilkdə rəy verilməsi nəzərdə tutulmamış və bu işlərin yerinə yetirilməsi ETSN-nin vəzifə və ya qulluq funksiyalarına aid deyildir, ümumiyyətlə ağacların kəsilməsi, ağaclardan təhlükəsiz şərait yaradılması, asfalt yolun bərpa edilməsi və binanın təmiri işlərinin aparılması və s kimi işlər ETSN tərəfindən həyata keçirilmir, bu kimi işlərin görülməsi digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Odur ki, iddia tamamilə əsassızdır, iş üzrə səlahiyyətli dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı “real və ciddi” mübahisə, hərəkəti və ya hərəkətsizliyi mövcud deyildir və bu baxımdan iddia mümkün sayıla bilməz.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

10. İPM-nin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

11. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbləri aydın deyil və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi" Qaydasnını: 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X4sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X4sının obyekti olan və X4sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. 2.5-1. Yaşıllıqların götürülməsi barədə müraciətə əlavə olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.

13. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi hüquqi və fiziki şəxslər yaşıllıqların götürülməsi üçün aidiyyəti üzrə torpaq mülkiyyətçisinə (yerli icra hakimiyyəti və ya bələdiyyəyə) ərizə ilə müraciət etməli, mülkiyyətçi müraciəti qeydə aldıqdan sonra aidiyyəti üzrə baxmalı və yaşıllığın götürülməsi üşün əsas olduğu halda səlahiyyətli orqana - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq sənədlər əlavə edilməklə müraciət etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alındıqdan sonra yaşıllığın götürülməsi vərəqi və qərarı əsasında yaşıllığın götürülməsini təmin etməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi ağacların artlanması üçün həmin işlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməsi qanunvericilkdə nəzərdə tutulmamışdır, bu kimi işlərin görülməsi üçün aidiyyəti quruma müraciət olunmalıdır, yəni müstəqil tələb olaraq müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyəyə qarşı qaldırılmalıdır.

14. Bununla yanaşı qeyd edilməlidir ki, binanın təmir işlərinin aparılması və binanın giriş asvalt yolun bərpa edilməsi digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Bununla bağlı olaraq, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə, yəni müvafiq tələblər üzrə cavabdehlərin ayrılaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqanların hər birinə müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunması zərurəti ilə əlaqədar keçirilmiş məhkəmə iclasında iddiaçı iştirakını təqdim etməmişdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

16. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

19. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar