Məhkəmə qərarları › İş №2-1(112)-11845/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11845/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11845/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X3 Konsaltinq” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X3 Konsaltinq” MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.2020-ci il tarixli **********143348 nömrəli qərarın düzəlişi üzrə xx.xx.2024-cü il tarixli **********183208 saylı qərar çıxarılan zaman mübahisələndirilməyən 5312,76 manat artıq hesablama hissəsinin sıfırlanması, ləğv edilməsinin qanunsuz hesab edilməsi, 5312,76 manat artıq hesablama məbləğinin şəxsi hesab vərəqəsində düzəliş edilməsi və MMC-nin şəxsi hesab vərəqəsində olan “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” bölməsində olan 6038,83 (Penya) artıq ödəmə məbləğinin, “İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər şəxslər” bölməsində olan 191,36 (Penya) artıq ödəmə məbləğinin, “Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS)”- təsnifat kodları 121111 təsnifat kodu üzrə və 121211 təsnifat kodu üzrə olan 2309,15+1.321,49 (penya) manat borc məbləğlərilə əvəzləşdirilməməsinin qanunsuz hesab edilməsi, göstərilən borc və artıqödəmə məbləğlərinin əvəzləşdirilməsi, müvafiq borcun ləğv edilməsi və ŞHV-nə düzəliş edilməsi vəzifə öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********183208 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının dəyişdirilərək ƏDV 2017-ci il üzrə 180 manat, ƏDV 2018-ci il üzrə 3780 manat, ƏDV 2019ci il üzrə 890,35 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 2017-ci il üzrə 217 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 2018-ci il üzrə 245,41 manat məbləğlərin artıq hesablama bəndlərində düzəliş edilməsi və iddiaçının Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” şəxsi hesab vərəqəsindən artıq ödəmə sütunundan silinmiş 6038,83 manat məbləğin bərpa edilməsi vəzifə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhəkməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-550/2022 saylı qərarı ilə cavabdeh tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli, **********143348 nömrəli qərarının azaldılmış məbləğlər və ümumilikdə 14936,10 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Daha sonra cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-254/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-1(102)-15/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra vergi orqanı tərəfindən müəssisənin şəxsi hesab vərəqəsində ləğv edilən qərar ilə bağlı düzəlişlər edilmişdir. xx.xx.2024-cü il tarixli, **********183208 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, vergi orqanı tərəfindən iddiaçı tərəfindən tələb edilmiş azaldılmış məbləğlər silinmişdir. Lakin vergi orqanı öz səlahiyyətlərindən sui-istifadə edərək yoxlama əsasında artıq hesablanmış məbləğləri də silmişdir. Halbuki iddiaçı tərəfindən artıq hesablanmış məbləğlər məhkəmədə mübahisələndirilməmişdir. Artıq hesablanmış məbləğlər ƏDV 2017, 2018 və 2019-cu illər, Əmlak vergisi 2017, 2018 və 2019-cu illər üzrə olmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********183208 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara əsasən vergi orqanı 2017, 2018 və 2019-cu il Əmlak vergisi üzrə məbləğlər artıq ödəmə qrafasında saxlanılmış, lakin ƏDV məbləğləri ümumilikdə 4850,35 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə cəmi 462,41 manat, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə - iyul 2017 43,40 manat , avqust 2017 43,40 manat , oktaybr 2017 43,40 manat noyabr 2017 43,40 manat, dekabr 2017 43,40 manat, yanvar 2018 48,44 manat, fevral 2018 48,44 manat, mart 2018 24,22 manat, aprel 2018 24.22 manat, may 2018 24.21 manat. İyun 2018 24.22 manat, iyul 2018 17.22 manat, avqust 2018 17.22 manat, sentyabr 2018 17.22 manat cəmi; 462.41 manat artıq hesablama bəndindən silmişdir. Yəni, xx.xx.2020-ci il tarixli qərar məhkəmə qərarına əsasən düzəliş edilən zaman çıxarılan xx.xx.2024-cü il tarixli qərarda mübahisələndirilməmiş olsa da ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli qərarın düzəlişi üzrə xx.xx.2024-cü il tarixli, **********183208 saylı qərar çıxarılan zaman mübahisələndirilməyən 5312,76 manat artıq hesablama hissəsinin sıfırlanması, ləğv edilməsi qanunsuzdur. Göstərilənlərdən əlavə olaraq məhkəmənin qanuni qüvvəsini almış qərar icra edildikdən sonra büdcəyə alınmış ödəmələr üzrə artıq ödəmələr yaranmışdır ki, bu məbləğlərin borclarla əvəzləşdirilməsi vergi məcəlləsində nəzərdə tutulmuşdur. Bu məbləğlər MDSS üzrə borcun digər MDSS artıq ödəməsilə əvəzləşdirilməsini özündə ehtiva edir. Yəni vergi üzrə artıqödəmənin deyil MDSS üzrə artıqödəmə məbləğinin MDSS-nin digər kodla borcu ilə əvəzləşdirilməsini nəzərdə tuturlar. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərardan iddiaçının kifayət qədər məlumatlı olmasına baxmayaraq, iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixində elektron sənəd mübadiləsi haqqında müqavilə bağlandığından və həmin müqavilə ləğv edilmədiyindən, eləcə də sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilən müqavilələrin tələblərinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərar xx.xx.2024-cü il tarixli **********609200 saylı məktuba qoşma olaraq göndərilməsi təmin edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə qərarının icrası ilə bağlı vergi orqanına məktubla müraciət etmişdir. Həmin məktuba baxılmış və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-15/2024 nömrəli qərarı icra edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********183208 nömrəli Qərar çıxarılaraq şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi ilə bağlı məlumat verilmişdir. Həmin məktubun iddiaçıya göndərilməsi (AVİS **********239800) xx.xx.2024-cü il tarixdə təmin edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********183208 qərar xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən oxunmuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür. Bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etsə də, həmin qərarın tələblərindən kənara çıxmış və iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə sütunlarında olan məbləğləri də silmişdir. Halbuki həmin məbləğlər iddiaçı tərəfindən artıq ödəmələrdir ki, məhkəmə qərarında bununla bağlı hər hansı müddəa yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfindən məhkəmə qərarı icra edilmiş və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Artıq ödəmə ilə bağlı düzəlişlərə gəldikdə qeyd edilməlidir ki, iddiaçının artıq ödəməsi mövcud deyildir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödəmələr növbəti dövrlərdə olan borcuna çıxılmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”a əsasən iddiaçıya aşağıdakı tədiyyə növləri üzrə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır: mənfəət vegisi üzrə 2050,65 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 2050,65 manat vəsaitin 50 %-miqdarında, yəni 1025,33 manat maliyyə sanksiyası, ödəmə mənbəyində tutulan vergi üzrə 70.52 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 70.52 manat vəsaitin 50%-i miqdarında yəni 35,26 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə 2 195,37 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7045,72 manatın 50%-i miqdarında, yəni 3522,86 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 3040,91 manat verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 3503,32 manatın 50%-i miqdarında, yəni 1751,66 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 145,39 manat verginin azaldılması, 2020-ci il 2-ci rüb üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına vaxtında təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsi əsasında 40 manat maliyyə sanksiyasının hesablanması. Bunlardan əlavə olaraq yoxlama zamanı 10 işçiyə maaşların kart və əlbəəl verilməsini özündə əks etdirən rəqəmlər əsas götürülmüş, oktyabr 2018-ci il noyabr 2019cu il dövrü üzrə əmək haqqı məbləğinin cəmiyyət üzrə ümumilikdə 87454,76 manat olduğu, bu məbləğdən işçilərə kartla ödənilən əmək haqqı məbləğinin 30945,2 manat və əlbəəl verilən əmək haqqı məbləğinin 56509,56 manat təşkil eldiyi müəyyən edilmişdir. Beləliklə məcburi dövlət sosial sığorta haqqı üzrə 16627,39 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 16 627.39 manat sığorta haqqlarının 50%-i miqdarında, yəni 8313,70 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə 565,10 manat vəsaitin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 565,10 manatın 50%-i miqdarında, yəni 282,55 manat maliyyə sanksiyası tətbiq olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı qərarın qismən ləğv edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********143348 №-li qərarı 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752,16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050,65 manat, MDSS işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196,62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381,03 manat, MDSS-Muzdla işəgötürənləri - işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549,74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127,84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255,28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181,98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236,60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266,72 manat və ümumilikdə 14936,10 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyaiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərara əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”a düzəliş edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində dəyişikliklər edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, **********183208 saylı qərarının dəyişdirilməsini (qismən ləğvini) xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya yazılı etirazında həmin qərarın xx.xx.2024-cü il tarixdə iddiaçının vergi orqanında olan şəxsi kabinetinə yerləşdirildiyini və həmin gün oxunduğunu, lakin iddiaçının xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək qərarın mübahsələndirilməsi üçün 30 günlük müddəti ötürdüyünü bildirmişdir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1.). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir (73.1). Qeyd edilməlidir ki, qanunda nəzərdə tutulmuş “məlumat vermək” ifadəsi müvafiq rekvizitlərə malik inzibati aktın inzibati icraat iştirakçısına təqdim edilməsini ehtiva edir. Belə təqdim etmə zamanı təqdim olunan inzibati akt onun üçün zəruri olan bütün zəruri rekvizitlərə malik olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş qərar isə elektron sənədlər üçün qanunla nəzərdə tutulmuş rekvizitlərə (elektron imza ilə imzalanma, müvfiq QR kodun mövcudluğu) malik olmadığı üçün rəsmi təqdim edilmiş sayıla və onun iddiaçının elektron kabinetinə yerləşdirildiyi andan iddiaçının şikayətvermə müddəti hesablana bilməz. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (16.1.1.). Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək (15.1.4.), hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək (15.1.15-3.) vergi ödəyicisinin hüquqlarıdır. Göründüyü kimi vergiləri və bununla bağlı digər ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsi olsa da, qanunvericilikdə artıq ödənilmiş vergilərin geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 24.1.4-1-ci maddəsində vergi ödəyicisinin müraciəti əsasında hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, fаizlərə, maliyyə sanksiyalarına və inzibati cərimələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada üzləşmə aktını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə təqdim etmək, 24.1.10-ci maddəsində vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır (67.7.). Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir (85.5.). Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (87.1.). Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir (87.2.). Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır (87.3.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləği digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilməli, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara əsasən iddiaçıya vergilrin və maliyyə sanksiyalarının hesablanması qərara alınmışdır. İddiaçı həmin qərarı məhkəmədə mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin həmin qərarı hissəvi ləğv edilmişdir. Məhkəmə qərarının icrası çərçivəsində cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərar qəbul edilmiş və məhkəmə qərarında ləğv edilməsi nəzərdə tutulmuş vergi məbləğləri həmin qərara əsasən iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Cavabdeh həmin qərarla eyni zamanda iddiaçının şəxsi hesab vərəqəsində məhkəmə qərarında nəzərdə tutulmayan düzəlişlər etmiş, iddiaçı tərəfindən artıq ödəmə xanalarında göstərilən məbləğləri də silmişdir. İddiaçı hazırda cavabdehin qərarını həmin artıq ödəmələrin silinməsi hissəsində mübahisələndirir. İddiaçının xx.xx.2020-ci il tarixli qərarın qəbulundan sonrakı şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə buradan görünür ki, onun ƏDV 2017-ci il üzrə 180 manat artıq hesablanması olsa da, azalma 180 manat göstərilmiş, fərq sıfıra bərabər olmuşdur. İddiaçının ƏDV 2019-ci il üzrə 890,35 manat artıq ödəməsi olmuş, lakin azalma 5752,15 manat olduğundan fərq 4861,81 manat olmuş, yəni iddiaçının vergi borcu həmin məbləğə bərabər olmuşdur. İddiaçının muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 2017-ci il üzrə 217 manat artıq ödəməsi, 2236,60 manat isə azalması olmuş, fərq (iddiaçının vergi borcu) 2019,60 manat olmuşdur. İddiaçının muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 2018-ci il üzrə 245,41 manat artıq ödəməsi olmuş, azalma 1266,72 manat təşkil etmiş, fərq 1021,31 manat olmuşdur. Yəni, iddiaçının həmin dövrlər üzrə artıq ödəmələri olsa da, təqdim etdiyi bəyannamələrdə azalma olduğu üçün artıq ödəmə həmin azalmalara çıxılmışdır. Həmçinin iddiaçı şəxsi hesab vərəqəsinin “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” artıq ödəmə sütunundan silinmiş 6038,83 manat məbləğin bərpa edilməsini xahiş etsə də, mübahisələndirilən qərarla belə bir silinmənin aparılması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Yalnız iddiaçının ƏDV 2018-ci il üzrə 3780 manat artıq ödəməsi olmuş, azalma 180 manat, fərq isə 3600 manat təşkil etmişdir. Yəni, iddiaçının ƏDV 2018-ci il üzrə 3600 manat artıq ödəməsi mövcuddur. Lakin, cavabdeh həmin məbləği də iddiaçının şəxsi hesab vərəqəsindən silmişdir. İddiaçının nümayəndəsi həmin məbləğin növbəti dövrlər üzrə vergi borclarına hesablandığını bildirsə də, həmin mövqeyi əsaslandıra bilməmiş, həmçinin silinmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara riayət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərarı iddiaçının şəxsi hesab vərəqəsinin ƏDV 2018-ci il üzrə artıq ödəmə xanasından 2600 manatın silinməsi hissəsində ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərarı 3600 (üç min altı yüz) manat məbləğin iddiaçı “X3 Konsaltinq” MMC-nin şəxsi hesab vərəqəsinin ƏDV 2018-ci il üzrə “artıq ödəmə” sütunundan silinməsi hissəsində ləğv edilsin. Həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar