Məhkəmə qərarları › İş №2-1(112)-1185/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1185/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1185/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 4, mənzil 308), cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı ünvan 1 ünvanın İddiaçı adına özəlləşdirilərək mənzilə aid mülkiyyət hüququn təsdiq edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ailəsi ilə birgə ünvan 1 ünvanında xx.xx.2012-ci il tarixdən pasport qeydiyatında olmaqla yaşayır. Həmin mənzili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsində işlədiyi üçün veriblər. Mənzilə dair onun adına xx.xx.2012-ci il tarixdə 483-nömrəli order verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsinin MKXD-i ilə xx.xx.2012-ci il tarixli, 148 nömrəli yataqxanada yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. ARDNŞ-nin 30 mart 2012-ci il tarixli 63s nömrəli sərəncamı ilə ARDNŞ Sosial inkişaf İdarəsinin MKXD-nin balansında olan yaşayış binaları, yataqxanaları və qeyri-yaşayış sahələri Bakı Şəhəri İcra Hakimiyyətinin MKTD-nin balansına verilmişdir. Mübahisəli mənzilə dair yenidən xx.xx.2014-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin MKTD-i 73/3 nömrəli sərəncam verilmişdir. xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanını öz adıma özəlləşdirilərək mənzilə aid mülkiyyət hüququn təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. cavabdehin xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubu ilə ona imtina cavabı verilmişdir. Hesab edir ki, imtina cavabı əsasızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 475 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2014-cü il tarixli 73/3 saylı sərəncamın təsdiq eedilmiş surətini məhkəməyə təqim etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi, 4 saylı evin 308-ci mənzilinə İddiaçı adına icarə müqaviləsinin bağlanılması haqqında” xx.xx.2014-cü il tarixli 73/3 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsində yerləşən 4 saylı evin, yaşayış sahəsi 12,97 kv.metr olan 1 otaqlı 308 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 qızı) İddiaçı adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir: “Müraciətinizdə qeyd edilən məsələ ilə əlaqədar olaraq bildiririk ki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Sözügedən mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 73/3 nömrəli sərəncamın 11,08.2014-cü il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq həmin tarixdən sonra dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri üzərində mülkiyyət hüququ deyil, yalnız istifadə hüququ qeydiyyata alına bilər.” Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin ünvan 1 ünvanında İddiaçı ayrılmış 310 saylı mənzil dövlət mənzil fonduna aiddir. Hazırda qeyd olunan mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır, həmçinin həmin mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş mənzil sosial təyinatlı olmadığından, hazırkı iddia tələbinə qiymət verilərkən cavabdeh orqanın yuxarıda qeyd edilən maddi hüquq normalarına istinadı düzgün deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin 483 nömrəli xx.xx.2012-ci il tarixli Orderinə əsasən Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 4 ünvanda yerləşən 308 nömrəli mənzilə dair İddiaçı adına Order verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 18 nömrəli Arayışına əsasən Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 4 ünvanda yerləşən 308 nömrəli mənzildə İddiaçı və onun ailə üzvləri (arvadı və iki qızı) daimi qeydiyyatdadırlar. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Həmçinin, iddiaçının kirayəçisi hesab olunduğu mənzil ona Dövlət Neft Şirkəti tərəfindən ayrıldığından, iddiaçının həmin mənzili müvafiq qanunvericiliyə uyğun olaraq özəlləşdirmək hüququ olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş mənzilinin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd deyildir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı binada mənzillərə dair digər şəxslərin adına çıxarışın verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı binada mənzillərin mülkiyyətçiləri barədə məlumatı (cədvəl formasında-02 vərəq) və müvafiq sənədlərin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4). Məhkəmənin qənaətinə görə, iddiaçının 2012-ci ildən yaşadığı, lakin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş mənzilinin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmadığından, həmçinin mübahisə predmeti olan mənzilin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, 4 saylı binada digər mənzillərin dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 4 ünvanda yerləşən 308 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, ev 4 ünvanda yerləşən 308 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar