Məhkəmə qərarları › İş №2-1(112)-1185/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1185/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1185/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X6, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 10 saylı üzümçülük briqadasında 01 dekabr 1979-cu ildən 22 mart 1982-ci ilədək fəhlə işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə Siyəzən rayonu Sədan kəndində anadan olmuşdur. Hələ kiçik yaşlarından sovxozda, həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra isə Azneft X2 Qazma İşləri İdarəsində işləmişdir. Hal-hazırda da, həmin sahədə neft qazma işlərində işləyir. İş yerindən onun əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya çıxma hüququnun olduğu nəzərə alınaraq, 26 oktyabr 2020-ci il tarixində təqaüdə çıxmaq üçün lazım olan müvafiq sənədləri Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə göndərmişlər. DSMF-nun Siyəzən rayon Şöbəsi də, öz növbəsində həmin sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Mərkəzi Filialdan onun müraciətinə “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” **********4 nömrəli cavab məktubu ilə imtina edilmişdir. Cavabdehin imtina məktubunda qeyd edilir ki, "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 22 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını güzəştli işlərdə çalışan yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-ci il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". Bununla əlaqədar bildirir ki, o, 01 dekabr 1979-cu il tarixindən həqiqi hərbi xidmətə getdiyi 1982-ci ilin may ayına kimi Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 10 №-li üzümçülük briqadasında fəhlə işləmişdir. Siyəzən üzümçülük sovxozunun 10 №-li üzümçülük briqadasında fəhlə kimi işlədiyi bu müddət ərzində onun üçün əmək kitabçası açılmadığına görə işlədiyi bu illər əmək kitabçasına qeyd olunmayıb. Ona əmək kitabçası yalnız həqiqi hərbi xidmətdən qayıdaraq X13 İdarəsində işləməyə başladığı zamandan 17 sentyabr 1984-cü il tarixdən açılmaqla iş stajı qeyd olunub. Uzun müddət onun Siyəzən üzümçülük sovxozunun 10 saylı üzümçülük briqadasında 01.12.1979-cu ildən may 1982-ci ilə kimi fəhlə işləməsinin əmək kitabçasına qeyd olunmamasına əhəmiyyət verməmişdir. Hal-hazırda göründüyü kimi, onun buna ehtiyacı vardır. Onun 01 dekabr 1979-cu il tarixdən 10 saylı üzümçülük briqadasına fəhlə qəbul edilməklə (Siyəzən üzümçülük sovxozu üzrə Əmr № 164&6/) ən azından həmin sovxozda 22 mart 1982-ci ilə kimi işləməklə, 22 fevral 1982-ci il tarixdən, 22 mart 1982-ci il tarixinə kimi əmək məzuniyyətinə buraxılması barədə (Əmr № 25&3.) yəni, 01.12.1979-cu il tarixdən - 22 mart 1982-ci il tarixinə kimi Şabran (Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 10 saylı üzümçülük briqadasında fəhlə işləməsi barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivi tərəfindən 23 dekabr 2019-cu il tarixli 229 saylı Arxiv Arayışı ərizəsinə əlavə olunur. Eyni zamanda, bu faktı həmin dövrdə onunla birlikdə Siyəzən üzümçülük sovxozunda işləmiş işçilər təsdiq edirlər (həmin şəxslər məhkəmə baxışı zamanı şahid qismində onun onlarla birlikdə qeyd olunan dövrdə işləməsini öz ifadələrində təsdiq etməyə razılıq veriblər). Ona görə də, xahiş edir ki, ərizəsinə şəxsiyyət vəsiqələrini əlavə etdiyi həmin şəxslər məhkəmə iclasına şahid qismində dəvət edilsinlər (Şəxsiyyət vəsiqələrinin surətləri əlavə olunur). Cavabdeh tərəfindən ona verilmiş imtina cavabından məlum olur ki, onun həqiqi hərbi xidmətdən qayıtdıqdan, yəni 1984-cü ildən sonra, X13 İdarəsinə işə qəbul olunduğu 10 sentyabr 1984-cü il tarixdən əmək stajı onun üçün əmək kitabçası açılaraq müvafiq qeydlər aparıldığı dövrdən hesablanır. Onun bundan əvvəl 01 dekabr 1979-cu il tarixdən - 22 mart 1982-ci il tarixə kimi Siyəzən üzümçülük sovxozunda 10 saylı üzümçülük briqadasında fəhlə işləməsi əmək kitabçasına qeyd olunmadığına görə onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 26 gün) təşkil etmiş, 1 il 8 ay 4 gün iş stajının çatmaması səbəbindən ona cavabdeh tərəfindən imtina verilmişdir. Halbuki, həmin zamana onun Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunda fəhlə kimi işləməklə yuxarıda qeyd olunan 01 dekabr 1979-cu il tarixdən həqiqi hərbi xidmətə getdiyi tarixə, yəni 22 mart 1982-ci il tarixinə kimi 2 il 4 ay əmək stajı mövcud olsa da, həmin dövrdə onun yetkinlik yaşına çatmayan olması, özünün və iş yerinin rəhbərliyinin səhlənkarlığı nəticəsində, ona əmək kitabçası açılmamış, sonda isə may 1982-ci ildə həqiqi hərbi xidmətə getdiyi üçün onun tərəfindən tələb edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra əlavə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdivi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar) birliklər (konsernlər) sahibkarlar, eləcə də, arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar,əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (....) nəzərə alınır. Əmək pensiyası təminatına dair normativ aktlara əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda,sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında təyin edilir. Göründüyü kimi, istər qüvvədə olan qanunvericilik, istərsə də həmin dövr qüvvədə olmıış qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müraciətinə verilmiş imtina cavabı, onun ətrafında hüquqi vəziyyəti barədə qeyri-müəyyənlik yaratmaqla cavabdehlə aralarında olan hüquqi münasibətin işin faktiki halı üçün həlledici olmaqla, onun hüquqlarına ciddi mənfi təsir göstərir. O, cavabdehlə aralarındakı münasibətlərin qısa müddətdə müəyyən edilməsində, gözlənilən hüquq pozuntularından qorunmaqda çox maraqlıdır. Belə ki, onun məcburetmə marağı həm hüquqi, həm də iqtisadi olmaqla eyni zamanda maddi xarakterlidir. Ona görə də, xahiş edir ki, onun hüquqi müdafiəyə ehtiyacı olmasını, istəyinə daha tez və daha az məsrəf sərf etməklə nail olmasına çox ciddi zəruri ehtiyacı olması, eyni zamanda məhkəmənin qərarının onun maddi vəziyyətini yaxşılaşdıra bilməsi nəzərə alınsın. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006cı il yanvarın 1 - dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edilir (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən - Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Onu da qeyd etmək istəyirlər ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər” Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də, bəlli olduğu kimi, həmin maddə ƏPQ- dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, qadınlar isə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu tətbiq edilə bilməz, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçının filiala təqdim etdiyi 10 sentyabr 1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasından göründüyü kimi,onun 01.01.2006cı il tarixədək ümumi iş stajı 23 il 03 ay 26 gündür. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş НП seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 25.05.1982-ci il tarixdən 13.06.1984-cü il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.09.1984-cü il tarixdən, 03.01.1992-ci il tarixədək, 15.01.1992-ci il tarixdən 25.01.1993-cü il tarixədək, 25.01.1993-cü il tarixdən 01.10.2004-cü il tarixədək, 01.10.2004-cü il tarixdən 01.08.2007-ci il tarixədək, 02.08.2007-ci il tarixdən 03.02.2014-cü il tarixədək, 04.02.2014-cü il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə, müxtəlif peşələrdə işləmişdir. İşdə olan Şabran rayon İcra hakimiyyəti Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Azərbaycan Respublikası Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun əmrlər kitabından arxiv çıxarışından görünür ki, 01 dekabr 1979-cu il tarixli, 164 & 6 nömrəli əmrə əsasən – xx.xx.1963-cü il təvəllüdlü İddiaçı verdiyi ərizəsi nəzərə alınaraq 01.12.1979-cu il tarixdən 10 saylı üzümçülük briqadasına fəhlə qəbul edilmişdir. 14 aprel 1981-ci il tarixli, 56 & 3 nömrəli əmrə əsasən – 10 saylı üzümçülük briqadasının fəhləsi İddiaçı 12.19.79-12.1980-ci il üçün kiçik yaşlı olduğuna görə bir təqvim ayı həcmində 14 aprel 1981-ci il tarixdən 14 may 1981ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. 22 fevral 1982-ci il tarixli, 25 & 2 nömrəli əmrə əsasən - 10 saylı üzümçülük briqadasının fəhləsi İddiaçı 12.1980-12.1981-ci il üçün kiçik yaşlı olduğuna görə bir təqvim ayı həcmində 22 fevral 1982-ci il tarixdən 22 mart 1982-ci il tarixə kimi əmək məzuniyyətinə buraxılmışdır. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş AB-04/124 nömrəli, 04.11.2020-ci il tarixli arayışdan görünür ki, 51 nömrəli, 14.01.1992-ci il tarixli əmrə əsasən 15.01.1992-ci il tarixdən 25.01.1993-cü il tarixədək “Siyəzənneft” NQÇ İdarəsinin Qazma sexində təmirçi çilingər işində işləməklə iş stajı 01 il 10 gün təşkil edir. 690 nömrəli, 26.10.2004-cü il tarixli əmrə əsasən 01.10.2004-cü il tarixdən 01.08.2007-ci il tarixədək “Siyəzənneft” NQÇ İdarəsinin Qazma sexində buruqlara xidmət üzrə çilingər işində işləməklə iş stajı 02 il 10 ay təşkil edir. Qeyd olunanlara əsasən, İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 03 il 10 ay 10 gün təşkil edir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 14 aprel 2021ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya tətinatından imtina haqqında” məktuba əsasən ididaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1984-cü il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən SOCAR “X11” Tresti tərəfindən 16 dekabr 2021ci il tarixli, SOCAR**********0490075X00082 nömrəli məktubla təqdim edilmiş, 14.12.2021-ci il tarixli, SOCAR**********81200598X00046 nömrəl güzəştli arayışdan görünür ki, İddiaçı “Azneft” X2 Qazma İşləri İdarəsi üzrə - 17.09.1984-cü il tarixdən 03.01.1992-ci il tarixədək qazmaçı köməkçisi peşəsində (1100000a-11297); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X13 İdarəsi üzrə - 25.01.1993-cü il tarixdən 01.10.2004-cü il tarixədək buruqda xidmət üzrə çilingər (1100000a-18497); X7 üzrə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətini X13 İdarəsi 51 saylı, 12.03.2007-ci il tarixlivə 60 saylı, 14.03.2007-ci il tarixli əmrləri ilə “X11” tresti yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 20.07.2007-ci il tarixli, 19 s saylı əmri ilə X7 yaradılmışdır) 02.08.2007-ci il tarixdən, 01.06.2009-cu il tarixədək qazmaya xidmət üzrə çilingər (1100000a-18497); X14 İdarəsi üzrə (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 15.05.2009-cu il tarixli, 25s saylı sərəncamına və X11 Trestinin 77 saylı 20.05.2009-cu il tarixli əmri ilə X7 Qazma sexi kimi X14 İdarəsinin tərkibinə verilmişdir) 20.05.2009-cu il tarixdən 03.02.2014-cü il tarixədək qazmaya xidmət üzrə çilingər (1100000a-18497); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 27.12.2013-cü il ARDNŞ/13 – 1000/01/SM – 05 – 000034 saylı əmrinə əsasən “X11” trestinin “Abşeron Qİİ”-si ləğv olunaraq, trestin “Abşeron İstehsalat bölümü və “Siyəzən” İstehsalat bölümləri kimi fəaliyyət göstərib. 04.02.2014-cü ildən 08.05.2017ci iltarixədək “Abşeron” İstesalat bölümündə qazmaya xidmət edən çilingər (1100000a-18497); 08.05.2017-ci il tarixdən 20.04.2021-ci il tarixədək X1maya xidmət edən çilingər (1100000a- 18497) peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il, 320 saylı Qərarına və 23.01.2007-ci il tarixli, 12 saylı Qərarına uyğun olaraq, İddiaçı güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün onun güzəştli əmək stajı 32 il 06 ay 20 gündür. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 14 aprel 2021-ci il tarixli, **********4 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 25 ildən az (23 il 3 ay 26 gün) təşkil etməsinə istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və o, hazırda 01.01 2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 28.06.2020-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. İddiaçı cavabdehə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət edən zaman onun əmək stajını təsdiq edən əmək kitabçasını, məlumat kitabçasını və 6 vərəqdən ibarət digər sənədləri təqdim etmiş, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 23 il 3 ay 26 gün hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş hərbi biletə və Şabran rayon Dövlət Arxivi tərəfindən verimiş 23.12.2019-cu il tarixli, 229 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı 01.12.1979-cu il tarixdən 25.05.1982-ci il tarixədək (25.05.1982-ci il tarixdən hərbi xidmətə çağırılmışdır) Siyəzən üzümçülük sovxozunda fəhlə işləmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının Siyəzən üzümçülük sovxozunda işlədiyi illər iddiaçının iş stajını təsdiq edən sənədin əmək kitabçası olması əsası ilə nəzərə alınmamışdır. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1979-1982-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, iddiaçının həmin dövrlərdə sovxozda işlədiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran rayon Dövlət Arxivinin 23.12.2019-cu il tarixli, 229 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da, müəyyən edilməmişdir Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1979-1982-ci illərdə sovxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran rayon Dövlət Arxivinin 23.12.2019-cu il tarixli, 228 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1979-1982-ci illərdə sovxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən sovxoza məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Şabran rayon Dövlət Arxivinin 23.12.2019-cu il tarixli, 229 nömrəli arxiv arayışı ilə təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də, əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının Siyəzən üzümçülük sovxozunda işlədiyi illər onun sığorta stajına daxil edilərək, müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının Siyəzən Üzümçülük sovxozda işlədiyi illərin dövlət arxivindən verilmiş arayışa əsasən sosial sığorta stajına daxil edilməsi ilə bağlı mövcud məhkəmə təcrübəsi də, formalaşmışdır (Ali Məhkəmənin 2-1(102)-2726/2019 saylı, 15.10.2019cu il tarixli qərarı). Həmçinin hazırki iş üzrə iddiaçının güzəştli iş stajı mübahisənin predmeti olmasa da, məhkəmə iş materiallarında olan SOCAR “X11” Tresti tərəfindən verilmiş güzəştli arayışı, iddiaçının işlədiyi peşələrin kodları dəqiq göstərildiyindən mötəbər qiymətləndirərək hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajı da mövcud olduğundan, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şəilərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 28.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar