Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1185/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dayandırılmış pensiya ödənişinin bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və 2020-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış pensiya ödənişinin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-2238/2016 nömrəli qərarına əsasən iddia tələbi təmin olunaraq iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuş və yaranmış fərqin birdəfəyə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2040/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı çıxarılmış, həmin qərara əsasən, iddiaçıya güzəştli şərtlərlə təyin olunan pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə olunmuşdur. İddiaçı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı icra olunmuşdur və 3 il ərzində normal qaydada pensiya alırmış. Lakin 2020-ci ilin noyabr ayından etibarən məhkəmə qərarına əsasən təyin edilmiş pensiyanın ödənilməsi səbəbsiz, heç bir əsas göstərilmədən dayandırılmışdır. Həmçinin qeyd edir ki, məhkəmə qərarının icra olunmaması səbəbindən cavabdeh orqanın cərimələnməsi üçün ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən cavabdeh orqana müraciət olunduqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 14 aprel 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək rensiyaları haqqında” qanunun 37.8.3-cü maddəsinə uyğun olaraq vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyalarına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyası dayandırılır. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiya hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr yaranmış və pensiya işirin araşdırılmasına zərurət yarandığı üçün pensiya ödənişi dayandırılmışdır. Əmək pensiyasının ödənilməsi artıq 1 il 6 aydır dayandırıldığından cavabdeh orqanın cavab məktubunda qeyd olunanlar tamamilə əsassızdır. Eyni zamanda dövlət orqanı tərəfindən sözü gedən qanunun 37-ci madddəsinə istinad edilməsi üçün heç bir sübut, əsaslı fakt yoxdur və uzun müddət (1 il 6 ay) araşdırmanın aparılması ağlabatan deyildir. İddiaçı hesab edir ki, xüsusi səbəb və əsaslı fakt olmadan, iddiaçıdan xəbərsiz şəkildə pensiyanın verilməsinin dayandırılması iddiaçının hüquqlarını kobud şəkildə pozur. Nəzərə alınmalıdır ki, iddiaşının yeganə gəlir yeri məhz dövlətdən aldığı həmin müavinətdir. Maddi vəziyyəti pis olduğundan, bu hal iddiaçının dolanışığını xeyli çətinləşdirir. Odur ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-2238/2016 nömrəli qərarına əsasən iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilməli və 2020-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əmək pensiyası bərpa olunmalıdır.
3. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı, 05 iyul 2016-cı il tarixli məhkəmə qərarının icra olunmamasına görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cərimələnməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim X.X.İmanov) iddiaçının iddiası təmin edilmiş, İddiaçı xx.xx.2009-cu ildən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasmm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2040/2016 saylı xx.xx.2016-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı, 05 iyul 2016-cı il tarixli qərarı “iddiaçıya ödəniləcək pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilmişdir. İddiaçının tələbi həmin hissədə təmin edilmişdir. Qərarın icrası qaydası müəyyən edilərək, İddiaçı pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə onun, onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsinə həvalə edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-1325/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və icraata qəbul edilməmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmə qərarının icrası ilı bağlı bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyası Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(82)-2238/2016 nömrəli qərarına əsasən yenidən hesabianmışdır. Nəticədə adıçəkilən şəxsə keçmiş dövr üzrə 68314,89 manat fərq məbləği hesablanmışdır. Həmin 68314,89 manat fərq məbləği xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə məhkəmə qərarının icrası başa çatdırılmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından peniya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hall aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği adıçəkilən şəxsin müvafiq kart hesabına köçürüləcəkdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
13. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
17. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.
18. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X3 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarından:
33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.
20. Məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə qərarının icrası inzibati mübahisənin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi ilə və ya qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi ilə təmin edilə bilər.
21. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva