Məhkəmə qərarları › İş №2-1(112)-1185/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1185/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1185/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, 2000-ci ilin oktyabr ayından bu günədək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilib ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-H-77477/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 5 oktyabr 2000-ci il tarixində ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və prosedurunun, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, məktubda əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000-ci ilin oktyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həddində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilib ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Qazax Hərbi Məhkəməsinin (Qazax Qarnizonu Hərbi Tribunalının) sədri kimi bu vəzifədə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2000-ci ilin sentyabr ayında ədliyyə polkovniki rütbəsində hərbi xidmətdən tərxis olunmaqla işdən azad edilmişdir. Müharibə veteranıdır. Hərbi məhkəmə sədri olaraq ona hərbi qulluqçu kimi xx.xx.2000-ci il tarixdən pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 nömrəli Qərarı ilə hərbi məhkəmə sədri olaraq beşinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyul 1992-ci il tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-ci bəndində qeyd edilir ki, ixtisas dərəcələri hakimlərə ömürlük verilir. Həmin əsasnamənin 8-ci bəndində isə qeyd edilir ki, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilir. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq alamaq hüququ saxlanılır. O, Qazax Hərbi Məhkəməsinin (keçmiş Qazax Qarnizonu Hərbi Tribunalının) sədri kimi xidmət etdiyi 1993-2000-ci illərin bir hissəsini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, qalan hissəsini isə Ali Məhkəmənin Hərbi Kollegiyasında təminatda olmuş və təminat xərcliyini də əvvəlcə N nömrəli həmin hərbi hissədən, sonra isə Ali Məhkəmənin Hərbi Kollegiyasından almışdır. 2000-ci ildə pensiya təyin ediləndə ixtisas dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğ (minimum əmək haqqının bir misli) pensiyasına əlavə edilməmişdir. Əmək pensiyasının yenidən hesablanmasına əsas verən hal mövcud olduğuna görə pensiyanın yenidən hesablanması üçün xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh qurum pensiyanın yuxarıda qeyd edilən əsasa görə yenidən hesablanmasından imtina etmişdir. Baxmayaraq ki, mahiyyətcə eyni faktiki və hüquqi hallara söykənən oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi mövcuddur. Bu cür analoji mübahisələr üzrə, yəni qeyd edilən məbləğin hazırda pensiya alan sabiq hakimlərin pensiyalarına əlavə edilməsi barədə qanuni qüvvəsini almış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra edilmiş məhkəmə qərarları mövcuddur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, ən son Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 12/2361 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyi xətti ilə pensiya alan “Qazax qarnizonu Hərbi Məhkəməsinin sədri” istefada olan polkovnik İddiaçı (ZE-51802) pensiyasının məbləği xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlərdə aşağıdaki kimi olmuşdur: xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək: -Vəzifə maaşı -47.00 manat, rütbə maaşı - 8.00 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) - 8.25 manat, ərzaq əvəzinə pul kompensasiyası -24.75 manat, cəmi: 87.99 manat *71%=62.47 manat. xx.xx.2001 -ci il tarixdən xx.xx.2003-cü il tarixədək: vəzifə maaşı -70.00 manat, rütbə maaşı -12.00 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) - 12.30 manat, ərzaq əvəzinə pul kompensasiyası - 24.75 manat, cəmi: 119.04 manat *71%=84.52 manat . xx.xx.2007-ci il tarixdən: vəzifə maaşı -1071.00 manat, rütbə maaşı - 64.00 manat, xidmət illərinə görə faiz əlavəsi (15%)- 170.25 manat, ərzaq əvəzinə pul kompensasiyası - 24.75 manat, cəmi: 1330.00 manat *83%=1103.90 manat. Göründüyü kimi, məlumat vərəqində iddiaçının tələb etdiyi “ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində məbləğ” öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə əsasən, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilərək baxılır. Sözügedən məbləğ Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqində öz əksini tapmadığı üçün, iddiaçının pensiyasının tələb etdiyi məbləği nəzərə alaraq yenidən hesablanması mümkün olmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. İddiaçıya məxsus xx.xx.2000-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Şəmkir rayon Fazil Əsgər kənd orta məktəbində gecə gözətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə X1 15 saylı briqadasına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdə Seyfəli üzümçülük sovxozunun 15 saylı briqadasına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə 13 saylı briqadaya fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə Şamxor rayon Xalq Məhkəməsində məhkəmə icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə tutuduğu vəzifədən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Tribunalının hakimi seçilib sədr təsdiq olunmuş, xx.xx.2000-ci il tarixdə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" MMC-də hüquqşünasməsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) aparatının İnsan hüquqlarının və azadlıqdalrının müdafiəsi məsələləri üzrə İdarəsinə hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Müdafiə Nazirliyinin ZE-51802 saylı xx.xx.2018-ci il tarixli məlumat vərəqindən görünür ki, iddiaçı Qazax qarnizonu Hərbi Məhkəməsinin sədri kimi xx.xx.2020-ci ildə tərxis edilmiş, cəmi iş stajı və xidmət illəri 31 il 07 ay 08 gün olmuşdur. İşdən görünür ki, iddiaçıya Müdafiə Nazirliyinin məlumat vərəqinə əsasən xx.xx.2000-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli 844 nömrəli Qərarından görünür ki, Qazax qarnizonu hərbi tribunalının sədri İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə əsasən: - Bənd 3. aşağıdakı ixtisas dərəcələri verilir: ali, birinci, ikinci ixtisas dərəcələri - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə; birinci, ikinci, üçüncü ixtisas dərəcələri - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinə, Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimlərinə, Bakı Şəhər Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi tribunallarının hakimlərinə; İkinci, üçüncü, dördüncü, beşinci ixtisas dərəcələri - rayon: (şəhər) xalq məhkəmələrinin hakimlərinə, yerli arbitraj məhkəmələrinin hakimlərinə. - Bənd 7. İxtisas dərəcələri hakimlərə ömürlük verilir. -bənd 8. İxtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. İddiaçı hazırda ona pensiya təyin edilərkən beşinci ixtisas dərəcəsinə görə ödənilən əmək haqqının bir misli məbləğində əlavə haqqın nəzərə alınmadığını iddia edərək, həmin məbləğin hesablanması və hesablanmış məbləğin pensiyasına əlavə edilməsini, daha doğrusu, həmin məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdeh isə iddiaçı barəsində təqdim edilmiş məlumat vərəqində həmin məbləğin öz əksini tapmadığına istinad edərək iddiaçının pensiyasının tələb etdiyi məbləğ nəzərə alınaraq yenidən hesablanmasından imtina edir. Məhkəmə qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 109. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 20.1.4. Qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” Hakimlərin statusuna dair Avropa Xartiyasına əsasən: Maddə 6.1. Hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Maddə 6.4. Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə 2000-ci ilin oktyabr ayından hazıradək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasından, daha doğrusu iddiaçıya həmin dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqqın ödənilməməsinin məlumat vərəqində göstərilməməsi səbəbindən pensiyanın yenidən hesablanmasından cavabdehin imtinası ilə bağlıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Cavabdehin məlumat vərəqi ilə bağlı dəlilinə gəldikdə, işdə olan Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda da göstərilmişdir ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə’’nin müvafiq maddəsinin müddəalarına əsasən “beşinci ixtisas dərcəsi"nə görə hər hansı bir ödəniş nəzərdə tutulmamışdır. Eyni zamand, sonuncu təminat xərcliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ödənilməsi, habelə tutduğu sonuncu vəzifənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ştat strukturunda mövcud olmamasını nəzərə alaraq, iddiaçıya tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyini (pul təminatı) və xidmət müddətlərini əks etdirən yeni “Məlumat vərəqi"nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, ümumi qaydaya görə, təminat xərcliyi əsasında təyin edilmiş əmək pensiyaçılarının pensiyalarının sonradan yenidən hesablanması yeni məlumat vərəqinin tərtib edilib verilməsi qaydasında həyata keçirilməlidir. Lakin hazırki işin xüsusi halları bu ümumi qaydadan istisnaya yol verir. Belə ki, iddiaçı ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. İxtisas dərəcəsinə görə hər ay alınmış əlavə haqqdan sosial sığorta haqqının ödənilməməsi halı da iddiaçının tələbini təmin etməyə mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1992-2000-ci illərdə almışdır və həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-768/2023 saylı qərarı). O da qeyd edilməlidir ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetirilməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1358/2023 saylı qərarı). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya beşinci ixtisas dərəcəsinin verilməsi işin mübahisələndirilməyən halı olduğundan, həmin dərəcəyə görə əlavə haqqın ödənilməsi birbaşa qanunvericilikdə nəzərdə tutulduğundan, İddiaçı ona verilmiş ixtisas dərəcəsinə görə ödənilən əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı 2000-ci ilin oktyabr ayından hazırkı vaxtadək olan dövr üzrə məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ödənilməsini xahiş edir. Məhkəmə tələbin bu hissəsi ilə bağlı qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. İddiaçının hazırkı tələblə qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, xx.xx.2024-cü il tarixdə iddiaçıya müraciət etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, yenidən hesablanmış pensiya məbləği müraciət tarixindən əvvəlki üç ildən, yəni xx.xx.2021-ci ildən və “birdəfəlik” deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla indeksasiya edilərək yenidən hesablanması və yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar