Məhkəmə qərarları › İş №2-1(112)-11853/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11853/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11853/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X2) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X2 (bundan sonra – üçünc şəxs) üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayonu İcra Hakimiyyəti Başçısının 14 dekabr 1999-cu il tarixli 285 saylı sərəncamına və Maştağa tərəvəzçilik-südçülük sovxozunun həmkarlar komitəsinin 24 dekabr 1999-cu il tarixli 03 nömrəli protokoluna əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun 24 dekabr 1999cu il tarixli 17 saylı əmri ilə Maştağa qəsəbəsində 0,12 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının mübahisəsiz və fasiləsiz olaraq istifadə və sahibliyində olmuşdur. İddiaçı torpaq sahəsini adına rəsmiləşdirmək üçün, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh imtina cavabı vermişdir. İmtinanın əsası kimi məktubda qeyd olunmuşdur ki, idarənin elektron kadastr məlumatına əsasən torpaq sahəsi Maştağa tərəvəzçilik-südçülük sovxozunun ayrıc aktından kənarda yerləşməklə digər şəxsin adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********36 nömrəli, xx.xx.2024cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi X3 sovxozunun ayrıc aktından kənarda yerləşməklə, X1 adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi ümumi ərazi daxilindədir. Belə ki, 4968 kv.metr sahənin bir hissəsində yerləşir. Bölgü sxemi 2400 kv.m sahəyə tərtib edilmişdir, qalan sahə isə sxemdə öz əksini tapmamışdır. İddiaçı tərəfindən təqdim edilən cizgidə sahə üzərində vahid tikili mövcuddur, onun bir hissəsi qonşu cizgi daxilində, bir hissəsi isə ümumi hasar daxilində (zəbt) əlavə sahədə yerləşir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X3 Sovxozu üzrə 17 nömrəli, 24 dekabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İHBnın 14 dekabr 1999-cu il tarixli, 285 nömrəli qərarına əsasən sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən İddiaçı hesab edilməsi nəzərə alınmış və ona bu məqsədlə 0,12 ha torpaq sahəsi verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışına əsasən X3 sovxozunun 17 nömrəli, 24 dekabr 1999-cu il tarixli əmri ilə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının 14 dekabr 1999-cu il tarixli 285 nömrəli sərəncamına əsasən iddiaçıya 0,12 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Əsas: Abşeron rayon İHB-nın 14 dekabr 1999-cu il tarixli 285 nömrəli sərəncamı və sovxoz həmkarlar komitəsinin xx.xx.1999-cu il tarixli 03 saylı protokolu. Cavabdehin xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, X3 sovxozu ərazisində yerləşən torpaq sahəsi mişar daşı ilə hasarlanmış ümumi ərazi daxilində göstərilir (ara sərhəddi şərtidir). Yerləşmə sxemi verilən sahədə natamam tikilinin bir hissəsinə düşür və həyət tikililəri mövcuddur. Göstərilən torpaq sahəsi sərhədləri mişar daşı ilə hasarlanmış ümumi sahəsi 0,4968 ha olan ərazidə yerləşir. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,12 ha, faktiki ölçüsü 0,1212 ha (yerləşmə sxeminə əsasən) təşkil edir. X5 notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli razılıq ərizəsinə əsasən o, Abşeron Rayonu İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 17 nömrəli əmrinə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin və üzərində olan tikililərin özəlləşdirilməsinə, çıxarış və texniki pasport verilməsinə etiraz etməmişdir. Üçüncü şəxsin notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli razılıq ərizəsinə əsasən o, İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X3 sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin özəlləşdirilməsinə, çıxarış və texniki pasport verilməsinə etiraz etməmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubu iddia ərizəsinə yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarınıın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış öz əksini tapmışdır. Göründüyü kimi X3 Sovxozunun 17 nömrəli, 24 dekabr 1999-cu il tarixli əmri ilə Abşeron rayon İHB-nın 14 dekabr 1999-cu il tarixli, 285 nömrəli qərarına əsasən sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən İddiaçı hesab edilməsi nəzərə alınmış və ona bu məqsədlə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubunda isə həmin ərazinin elektron kadastr məlumatlarına əsasən X3 sovxozunun ayrıc aktından kənarda yerləşməklə, X1 adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşməsi səbəbindən iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Öncə qeyd edilməlidir ki, həmin torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, torpaq sahəsi X3 sovxozunun ayrıc aktına bitişik yerləşməklə ərazinin bir hissəsi ayrıc aktının daxilinə düşür. Eyni zamanda cavabdeh həmin torpaq sahəsinin X1 adına verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşdüyünü bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən X2 üçüncü şəxs kimi cəlb edilmiş və üçüncü şəxs məhkəməyə təqdim etdiyi notarial ərizəsində həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar