Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1186/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 7 may 2021-ci il tarixli **********678100 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 7 may 2021-ci il tarixli **********678100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 2020-ci il hesabat dövrü üzrə "xxxx" MMC-yə 742.749,63 manat əlavə vergi hesablanmışdır. Qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində göstərilmiş cəmi 6634586.59 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), ixrac edilmiş (6926876.10 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 6926876.10 manat məbləğdən 292289.51 manat az əks etdirilmişdir. Hesablama metodu ilə göstərilmiş xərclərin cəmi məbləği ilə (6562229.62 manat) əvvəlki il üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsinin “Hesabat Dövrünün sonuna” sütununda əks edilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (6265819.57 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların (0.00 manat) məbləği (+)n bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) +1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (6265819.57 manat) bəyannamənin 1№-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (6265819.57 manat) məbləğin müqayisəsi nəticəsində 296410.05 manat məbləğində sənədlərlə təqdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Belə ki, 2020-ci il üzrə iddiaçı tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən 6634586.59 manat gəlir məbləği Dövlət Gömrük Komitəsinin elektron bazasından götürülmüşdür. İxrac əməliyyatları barədə çıxarışdan da göründüyü kimi qeyd edilən dövrdə satış 6634586.59 manat olmuş və bəyannamələrdə həmin məbləğlər öz əksini tapmışdır. Lakin xx.xx.2021-ci il tarixli **********678100 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən malların təqdim edilməsindən əldə edilən gəlir məbləği Dövlət Gömrük Komitəsinin elektron bazasından ixrac əməliyyatları barədə məlumatdan fərqlidir. Bütün alış əməliyyatları rəsmi alış aktları ilə tərtib edilmişdir. Sənədlər AVİS sisteminin “aktlar” alt bölməsindən elektron bazaya daxil edilmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi orqanının baza məlumatlarına əsasən 296410,05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021ci il tarixli **********473200 nömrəli xidməti məktubuna əsasən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mənfəət və gəlir vergisi bəyannamələrində xərclərin tərkibi əsasən elektron alış aktları əsasında formalaşdığı müəyyən edildikdə, qeyd olunan halların araşdırılmalı, əmtəəsiz əməliyyatlar müəyyən olunduğu və ya xərclərin süni şəkildə artırıldığı ilə bağlı əsaslı səbəblər aşkar edildikdə göstərilən xərclərin vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi bəyannamələrində xərc sənədi kimi nəzərə alınmaması göstərişinə əsasən həmin xidməti məktuba əlavə edilmiş cədvəldən göründüyü kimi "xxxx" MMC-nin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində xərclərin tərkibi əsasən elektron alış aktları əsasında formalaşdığı üçün araşdırma aparılmış və ödəyici tərəfindən elektron alış aktı tərtib edilən zaman vergi orqanında fiziki şəxs kimi uçotda olan ödəyicilər müəyyən edildiyindən 3804588,71 manat nəzərə alınmayacaq məbləğ aşkar edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********056200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” və xx.xx.2021-ci il tarixli **********255700 nömrəli “Mənfəət/Gəlir vergisi bəyannamələrində malların elektron alış aktlarından formalaşan xərclər üzrə aparılan kameral vergi yoxlamaları zamanı müəyyən olunan uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubları göndərilmiş və məktubda qeyd olunan müddətdə təsdiqini tapmayan xərclərlə, eyni zamanda elektron alış aktları ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubunun və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 743 029,94 manat (yekun olaraq 3713748,0 manat xərc kimi nəzərə alınmayacaq məbləğ müəyən edilmişdir) məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********678100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə vergi dövrü üçün dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim etmiş, 280,31 manat vergi hesablamışdır. Cavabdeh təqdim edilmiş bəyannamə əsasında kameral vergi yoxlaması keçirmiş, xx.xx.2021-ci il tarixdə iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məkub ünvanlamış, məktubda qeyd etmişdir ki, müqayisə nəticəsində 296410.05 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc müəyyən edilmiş, gəlir 292289.51 manat az əks etdirilmişdir. Bununla əlaqədar iddiaçıdan həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyindən cavabdeh xx.xx.2021-ci il tarixli **********678100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə iddiaçı barəsində keçirilmiş kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə 742749,63 manat əlavə vergi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, “İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində göstərilmiş cəmi 6634586.59 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), ixrac edilmiş (6926876.10 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 6926876.10 manat məbləğdən 292289.51 manat az əks etdirilmişdir. Hesablama metodu ilə göstərilmiş xərclərin cəmi məbləği ilə (6562229.62 manat) iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsinin “Hesabat Dövrünün sonuna” sütununda əks edilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (6265819.57 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+)n bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) +1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (6265819.57 manat) bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (6265819.57 manat) məbləğin müqayisəsi nəticəsində 296410.05 manat məbləğində sənədlərlə təqdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.” Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi iddiaçıya əlavə verginin qərarın əsaslandırma hissəsində göstərilənlərə əsasən deyil, elektron alış aktı tərtib edilən zaman vergi orqanında fiziki şəxs kimi uçotda olan ödəyicilər müəyyən edildiyindən 3713748,0 manata münasibətdə elektron alış aktlarının xərc sənədi kimi nəzərə alınmadığını və həmin məbləğ gəlir kimi qəbul edilərək həmin məbləğin 20 faizi, yəni 742749,63 manat məbləğində əlavə vergi hesablandığını bildirmişdir. İddiaçı hazırda cavabdehin bu qərarının qanunsuz olması əsası ilə onun ləğv olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli qərar qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 61.1.-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – VM) qərarın qəbul edildiyi vaxt qüvvədə olan 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsind vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, vergi orqanının qərarda göstərdiyi əlavə verginin hesablanmasının səbəbləri hesabladığı vergiyə uyğun olmamışdır. Yəni cavabdeh qərarda göstərdiyi hallara əsasən deyil, tamamilə başqa əsasla iddiaçıya əlavə vergi hesablamışdır. Bununla da vergi orqanı inzibati aktın qəbul edilməsinin prosessual tələblərini pozmuşdur. İşdən cavabdeh inzibati orqanın həmçinin maddi hüquq normalarının tələblərini pozduğu da müəyyən edilir. Belə ki, VM-in qərarın qəbul edildiyi vaxt qüvvədə olan 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. VM-in 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. VM-in 37.4-cü maddəsinin ikinci abzasına əsasən həmin maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar təqdim edilmədikdə vergi orqanına həmin Məcəllənin 67-ci maddəsinə əsasən vergiləri hesablamaq hüququ vermişdir. VM-in 67-ci maddəsinə əsasən: - 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. - 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. - 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. - 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VM-in 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçının zəruri sənədləri təqdim etməməsini iddia edərək ona vergi hesablasa da, bu zaman həmin hesablamanı nə VM-in 67-ci maddəsinə, nə də 83.9-cu maddəsinə uyğun aparmışdır. Cavabdeh vergi orqanında uçotda olan şəxslərə münasibətdə tərtib edilmiş alış aktlarını xərc sənədi kimi qəbul etməmiş və həmin məbləği birbaşa gəlir kimi qəbul edərək həmin gəlirə münasibətdə vergi hesablamışdır, hansı ki, VM-də belə bir vergi hesablama üsulu nəzərdə tutulmamışdır. VM-in 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. VM-in 108.1-ci maddəsinə əsasən həmin fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. İşdən görünür ki, iddiaçının əsas fəaliyyət növü meyvə və tərəvəzin torpdan satışı olmuşdur. Cavabdeh iddiaçının ixrac etdiyi meyvə-tərəvəzin özü tərəfindən istehsal edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Deməli, iddiaçının gömrük bəyannamələrinə əsasən onun gəlirinə daxil edilən meyvə tərəvəzin əldə edilməsi üçün çəkdiyi xərclər, yəni onun alınması ilə bağlı xərclər gəlirindən çıxılmalıdır. İşdən görünür ki, iddiaçı bu xərcləri təsdiq edən sənəd kimi elektron alış aktlarını təqdim etmişdir. VM-in 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. VM-in 71-2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. VM-in 71-1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Göründüyü kimi, qanunverici vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda əməliyyatın elektron alış aktları, vergi orqanında uçotda olan şəxslərdən mal alındıqda isə elektron qaimə-faktura ilə rəsmiləşdirilməsini nəzərdə tutmuşdur. Bu zaman elektron alış aktı alıcı, elektron qaimə-faktura isə satıcı tərəfindən təqdim olunmalıdır. İşdən görünür ki, iddiaçı alıcı kimi vergi orqanında uçotda olmayan şəxslərə münasibətdə elektron alış aktı tərtib etmiş, bu aktların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi - AVİS vasitəsilə həyata keçirilmişdir. Vergi ödəyicisi olan şəxslərə münasibətdə elektron qaimə-fakturanın təqdim edilməsi vəzifəsi alıcı kimi iddiaçının deyil, satıcının vəzifəsi olmuş, həmin şəxslər tərəfindən elektron qaimə-faktura təqdim edilmədiyindən iddiaçı həmin əməliyyatları da elektron alış aktı ilə rəsmiləşdirmişdir. Bu rəsmiləşdirmə VM-in tələblərinə uyğun olmasa da, alış aktlarında malı alan və satan şəxslər, malın miqdarı, qiyməti barədə göstəricilər öz əksini tapmışdır. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh həmin sənədləri xərc sənədi kimi qəbul etmirdisə, iddiaçıya VM-in 67-ci maddəsinə əsasən vergi hesablamalı olduğu halda bunu etməmiş, qanunvericiliklə nəzərdə tutulmayan hesablamadan istifadə etmiş, nəticədə iddiaçı barəsində əlavə vergi hesablaması barədə qəbul etdiyi qərar qanunsuz olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi rəhbərliyin əmtəəsiz əməliyyatlar müəyyən olunduğu və ya xərclərin süni şəkildə artırıldığı ilə bağlı əsaslı səbəblər aşkar edildikdə göstərilən xərclərin vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi bəyannamələrində xərc sənədi kimi nəzərə alınmaması barədə göstərişinə əsasən belə bir qərar qəbul edildiyini bildirsə də, işdə nə əmtəəsiz əməliyyat, nə də xərclərin süni şəkildə artırılması təsbit edilmişdir. Belə ki, iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-1186/2022 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunan 24 may 2022-ci il tarixli, 9/2608-9/2707 nömrəli ekspert rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, İddiaçı MMC tərəfindən elektron alış aktları ilə alınmış malların miqdarının ixrac əməliyyatları haqqında məlumata əsasən ixrac edilmiş malların miqdarına, eləcə də “malların alış aktı barədə məlumat”da (vergi orqanında 1 s kimi uçotda olan ödəyicilərinin siyahısı) göstərilən məhsulların dəyərinin həmin məhsulların alındığı dövrdə olan bazar qiymətlərinə uyğunluğu müəyyən edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 07 may 2021-ci il tarixli, **********678100 nömrəli qərarla hesablanmış mənfəət vergisinin düzgün olmaması müəyyən olunmuşdur. VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təsdiq edilmədiyindən, cavabdeh bununla bağlı konkret faktları və bu faktları təsdiq edən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də iddia təmin edilməli və cavabdehin 07 may 2021-ci il tarixli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 may 2021-ci il tarixli **********678100 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1186/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1186/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver