Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1186/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Raiq qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin fəaliyyətinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Raiq qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin fəaliyyətinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar Rafik Vəliyev və Rana Mamedova cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları İddiaçı Raiq qızının Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, əsl olmayan iddiaçılar Rafik Vəliyev və Rana Mamedova əsl İddiaçı Raiq qızı ilə əvəz edilmiş, Rafik Vəliyev İddiaçı Raiq qızının qanuni nümayəndəsi qismində tanınmışdır. İddiaçının nümayəndəsi və vəkili X5 xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi göstərilməklə, iddia tələbinin “xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı adına verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı adına verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri Gürcüstan Respublikasının vətəndaşlarıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbinə uyğun olaraq daimi yaşamaq üçün icazə almışlar. İddiaçı xx xxxxxx 2011-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun doğumu xx.xx.2011-ci ildə Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi qaydasında (xx.xx.2011-ci il akt qeydi 132 nömrəli) və əsasında 1231 nömrə ilə qeydə alınmış və AZ-İİ 641950 saylı doğum şəhadətnamə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi itməsi səbəbindən təkrar olaraq xx.xx.2017-ci ildə etibarlılıq müddəti xx.xx.2027-ci ilə kimi olan AZE ******** saylı şəxsiyyət vəsiqəsi və yetkinlik yaşına çatmayan şəxs kimi xx.xx.2017-ci ildə AZE C01713479 saylı ümumvətəndaş pasportu verilmişdir. Lakin Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu müvafiq icra hakimiyyəti orqanı tərəfindən qüvvədən düşmüş, yəni etibarsız hesab edildiyindən onun Azərbaycan vətəndaşı kimi hüquqları pozulmuş və vətəndaş olaraq Azərbaycan ərazisində sərbəst hərəkətinə faktiki çətinliklər yaranmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunsa da alınmış cavabda bu qanun pozuntusuna haqq qazandırılmış və İddiaçı Azərbaycan Respublikasının vətəndaşı hesab edilməmişdir. İddiaçı doğularkən qüvvədə olmuş qanunlara əsasən o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir. Qanunda edilən sonrakı dəyişikliklər onun vətəndaşlığının xitam olunmasına əsas ola bilməz. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa edilmiş dəyişiklik barəsində Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli qanunu geriyə tətbiq oluna bilməz. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlilərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 641950 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Raiq qızı xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş, atası Rafiq Vəliyev, anası Rəna Məmmədovadır; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Raiq qızı xx.xx.2011-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi Bakı 2 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş və xx.xx.2027-ci il tarixədək etibarlı olması göstərilmişdir; AZE seriyalı C01713479 nömrəli ümumvətəndaş pasportunun surətindən görünür ki, İddiaçı Raiq qızı xx.xx.2011-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, pasport Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2017-ci ildə verilmiş və xx.xx.2027-ci il tarixədək etibarlı olması göstərilmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2011-ci il tarixdə ilk dəfə Xətai Rayon Polis İdarəsi tərəfindən AZE-10746771 nömrəli, 06 08.2017-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Göstərilən şəxsə ilk şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Sonuncu vəsiqə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin xx.xx.2018-ci il tarixli 08/7472MZ nömrəli məktubuna əsasən xx.xx.2018-ci il tarixdə fəaliyyətsizləşdirilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xidməti zərurət ilə əlaqədar olaraq xx.xx.2011-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmışdır. Araşdırma zamanı İddiaçı valideynləri Mamedova Rana və X6 vətəndaşı olduqları müəyyən edilmişdir. Bu səbəbdən şəxsə ilk dəfə Xətai rayon Polis idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 10746771 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hansı əsasla verilməsinin araşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə xx.xx.2018ci il tarixli 08/7472MZ nömrəli məktub göndərilmişdir. DİN BPQMİ-nin xx.xx.2018-ci il tarixli 018-9986-1218 nömrəli cavab məktubunda şəxsə verilmiş şəxsiyyət vəsiqəsinin qanuna uyğun verilmədiyi və İddiaçı sonuncu dəfə verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin və C01713479 nömrəli ümumvətəndaş pasportunun fəaliyyətsizləşdirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X3 xx.xx.2017-ci il tarixdə verilmiş AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi “korlanmış” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 53. Vətəndaşlıq hüququnun təminatı İ. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. ... “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; (xx.xx.2014-dək qüvvədə olan redaksiya) 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Maddə 12. Vətəndaşlığı olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. (xx.xx.2014-dək qüvvədə olan redaksiya) Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il, 973- İVQD nömrəli Qanun: (xx.xx.2014-də qüvvəyə minmişdir)
4. 11-ci maddənin 1-ci bəndində “ərazisində” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
5. 12-ci maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.”.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). ...
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə: 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən də göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2011-ci il tarixdə ilk dəfə Xətai Rayon Polis İdarəsi tərəfindən AZE-10746771 nömrəli, daha sonra xx.xx.2017-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixdə AZE seriyalı C01713479 nömrəli ümumvətəndaş pasportu verilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə fəaliyyətsizləşdirilmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan sonuncu şəxsiyyət vəsiqəsini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin xx.xx.2018-ci il tarixli 08/7472MZ nömrəli məktubuna əsasən xx.xx.2018-ci il tarixdə fəaliyyətsizləşdirildiyini bildirsə də, həmin məktubda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hansı əsasla verilməsinin araşdırılması məqsədi ilə cavabdehə məktub göndərildiyi müəyyən edilmiş, fəaliyyətsizləşdirilməsi ilə bağlı icrası məcburi olan hər hansı göstəriş nəzərdə tutulmamışdır. Cavabdeh isə öz növbəsində hər hansı inzibati icraat aparmadan şəxsiyyət vəsiqəsinin qanuna uyğun verilmədiyini müəyyən etmiş və İddiaçı sonuncu dəfə verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini və C01713479 nömrəli ümumvətəndaş pasportunu fəaliyyətsizləşdirmişdir. Hazırkı məhkəmə icraatı zamanı isə sorğuya cavab olaraq, həmin vəsiqənin “korlanmış” səbəbi ilə fəaliyyətsizləşdirildiyi bildirilmişdir. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat ziddiyyətli və prosessual normaların pozulması ilə həyata keçirilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz və əsassız hesab edilməsi və bərpa edilməsi tələbi təkcə yuxarıda şərh olunduğu kimi prosessual baxımdan deyil, həmçinin maddi hüquqi baxımdan da əsaslıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11ci maddəsinə əsasən əldə etmişdir. Belə ki, həmin müddəalara əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmin vaxt bunu qadağan edən hər hansı bir norma nəzərdə tutulmamışdır. İddiaçının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə də uyğun olmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2014-də qüvvəyə minmiş Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşağın Azərbaycan Respublikasının vətəndaşı hesab edilməməsinə dair müddəalar iddiaçının vəziyyətini ağırlaşdıra bilməz və qüvvədə olan şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsinə əsas vermir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı adına verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı adına verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov