Məhkəmə qərarları › İş №2-1(112)-1186/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1186/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1186/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Manaf oğlunun, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********147200 nömrəli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********147200 nömrəli qərarına əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İnzibati orqan qərarında ona əsaslanmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot-baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 1,6 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Napravlaşi futulka. Salnik klapan və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2. 1. 3 və 3.1.1-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Hesab edirlər ki, inzibati orqanının xx.xx.2023-cü il tarixli, **********147200 nömrəli qərarı inzibati icraat və vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən tamamilə əsassızdır və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərdə cəmi 18,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “blokun val yeri, moyka, klapan, napravlaşi futulka, futulka yeri bərkidən” satılmasına baxmayaraq, satış gününə qədər olan alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********147200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı ərizəsində və vergi orqanına etdiyi müraciətində avtomobillərin mühərrik hissələrinin təmiri fəaliyyəti ilə məşğul olduğunu və qaimə fakturalarda səhvən mal adı qeyd etdiyini bildirməsinə baxmayaraq, cari tarixədək səhvən mal adı qeyd edilmiş elektron qaimə-fakturalar dəqiqləşdirilərək dəyişdirilməmiş və ya ləğv .edilməmişdir, həmçinin təqdim edilmiş elektron qaimə fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Manaf oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********147200 №-li, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Qərarın nəticə hissəsinin 3-cü bəndində Qərardan onun rəsmi qaydada alındığı gündən 30 gün müddətində yuxarı vergi orqanına və ya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq ünvanlanmış məktubda sonuncuya bildirilmişdir ki, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********529800 nömrəli) Bakı şəhəri X3 üzrə Baş İdarəsində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinın, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1- ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar”ın. müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 1,6 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Napravlaşi futulka, Salnik klapan və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı tərəfindən qeyd edilən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən riskli vergi ödəyicisi siyahısından çıxarılmanız mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli məktubla Dövlət Vergi Xidmətinin Aparatına müraciət edərək, bildirmişdir ki, faktiki olaraq avtomobillərin mühərrik hissələrinin təmiri fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi olan sahibkarlarla bağlanmış xidməti müqavilə əsasında onların avtomobillərinin mühərrik hissələrinin təmir edib mövcud qanunvericiliyə əsasən gördüyü işlərin müqabilində müqavilənin şərtlərinə uyğun olaraq qarşı tərəfə E-qaimə təqdim edir, qarşı tərəf isə gördüyü işlərin dəyərini bank hesabına köçürmə edir. Sifarişçilərdən götürdüyü işləri vergi orqanında qeydiyyatda olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi - Xırdalan şossesində yerləşən Tokar sexi obyektində həyata keçirir, bundan əlavə vergi orqanı tərəfindən xx.xx.2023-ci il tarixində daxil olan riskli vergi ödəyicilərinin araşdırılması barədə məktubda qeyd olunan Riskin məzmunu: (Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 1,6 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə”Napravlaşi fütulka”, salnik klapan və s.satışda qeyd olunduğu müəyyən edilmişdir) barədə bildirmişdir ki, təqdim etdiyi qaimələrdə mal, iş (xidmətlərin) adı səhvən malların adı kimi göstərilməklə qeyd edilmişdir, halbu ki, göstərilən xidmətlər həmin malların dəyişmə və təmiri ilə əlaqədar olmuşdur. Qeyd olunanları nəzərə alaraq riskli vergi ödəyicisi siyahısından çıxarılmağı üçün aidiyyatı üzrə sərəncam verilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş **********656600 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşid ərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı (VÖEN: **********) fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixlərdə cəmi 18,8 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “blokun val yeri, moyka, klapan, napraviaşi futulka, futulka yeri bərkidən" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********147200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi ödəyicisi müraciətində avtomobillərin mühərrik hissələrinin təmiri fəaliyyəti ilə məşğul olduğunu və qaimə-fakturalarda səhvən mal adı qeyd etdiyini bildirməsinə baxmayaraq, cari tarixədək səhvən mal adı qeyd edilmiş elektron qaimə-fakturalar dəqiqləşdirilərək dəyişdirilməmiş və ya ləğv edilməmişdir, həmçinin təqdim edilmiş elektron qaimə fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli **********705300 nömrəli müraciəti xx.xx.2023-cü il tarixli **********289100 nömrəli məktubla cavablandırılmışdır. Hazırda iddiaçı inzibati orqan tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********147200 saylı qərarın ləğv olunmasını xahiş edir ki, qeyd olunan iddia xx.xx.2023-cü il tarixdə tərtib olunmuş və həmin tarixdə məhkəməyə göndərilməsi üçün poçta təqdim olunmuş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul olunmuşdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, lazımi qaydada çatdırılmış sayılır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin araşdırılan hallarından da göründüyü kimi iddiaçı mübahisələndirilən xx.xx.2023-cü il qərarı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır (belə ki, qeyd olunan tarixdə artıq bununla bağlı vergi orqanına müraciəti daxil olmuşdur). İddia ərizəsinin məhkəməyə göndərildiyi zərfin üzərinə vurulmuş poçt ştampından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə qanunla müəyyən edilmiş 30 günlük müddət (xx.xx.2023-cü il tarixdə bitmişdir) ötürülməklə yəni, xx.xx.2023-cü il tarixdə (müddət bitdikdən 1 ay 17 gün sonra) poçta təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə müvafiq olaraq iddia müddətini ötürdüyündən və məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmayan qərarı mübahisələndirdiyindən iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar