Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11863/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsu olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidenti xx.xx.2001-ci il tarixdə 562 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanın icrası ilə bağlı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 243 nömrəli Sərəncamı qəbul edilmişdir. Həmin Sərəncama əsasən Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 49 ünvanda, 1200 kv.m torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 103,50 kv.m olan fərdi yaşayış evinin X3 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsindən vətəndaş X3 adına həmin evə texniki pasport və qeydiyyat vəsiqəsinin verilməsinin xahiş edilməsi qeyd edilmişdir. X7 xx.xx.2010-cu ildə isə vəfat etmişdir. Ağdam rayon dövlət Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış və xx.xx.2024-cü il tarixli, № 90 saylı məktubla Bakı şəhəri ərazisində yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarışın iddiaçıya verilməsi xahiş edilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli cavab məktubunda həmin fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqidləşməsi brədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində 49 saylı, fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyət hüququ üzrə X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə erməni milliyətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından və evlərindən didərgin salınmış azərbaycanlılardan biri də mərhum anası X4 ailəsi olmuşdur. Anası həmin dövrdə beş nəfər ailə tərkibi ilə birlikdə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində qaçqın kimi qeydə alınsa da, məskunlaşa bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndlərinə müvafiq olaraq Ermənistan Respublikasından didərgin salınan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi ilə əlaqədar olaraq bu sənədləşmə işi 25 may 2006-cı il tarixə kimi davam etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il tarixli Fərmanı verilən zaman məskunlaşmamış vətəndaşlaırn müraciəti əsasında Dövlət tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhərində qeydə alınmış, ancaq məskunlaşmamış 110 ailə mövcuddur. Ona görə də X12 Əliyevin göstərişi əsasında və 2001-ci il tarixli Fərmanın 7-ci və 8-ci bəndi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin protokolunu və əmrini əsas tutularaq Bakı şəhər İcra hakimiyyəti Dövlət tədbiri olaraq 110 nəfər Ermənistan qaçqınına və 59 nəfər Məcburi köçkün ailəsinə özünün 17 aprel 2002-ci il tarixli 249 saylı sərəncamı ilə Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən Yeni yaşayış massivində ev tikmək üçün hər birinə 1200.0 kvadrat metr torpaq sahəsi ayırmışdır. 165 nəfər ailə üçün evlərin inşa edilməsi Azərbaycan Respublikası “Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi”nə həvalə edilmişdir. Evlər tikilib başa çatdıqdan sonra onların istismara qəbul edilib hüquqi qeydiyyata alınması Sabunçu rayon İcra hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Amma nədənsə evlərin sənədləşməsi ümumilikdə komitə tərəfindən həyata keçirilməmiş və hər bir vətəndaş fərdi olaraq evlərinə mülkiyyəti sənədləri almışlar. X2 məxsus olan Pirşağı qəsəbəsinin Yeni yaşayış massivindəki 49 saylı ev Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 243 saylı 01 may 2006-cı il tarixli Sərəncamı ilə hüquqi qeydiyyata alınmışdır. 110 nəfər qaçqın ailəsinin əksəriyyəti DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən mülkiyyətə dair Çıxarış almışlar. Ancaq anası 2010-cu ildə vəfat edənədək çıxarış almaq üçün müraciət etməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 243 saylı sərəncamı X3 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilməsi barədədir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1200 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 243 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 49 ünvanda, 1200 kv.m torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 103,50 kv.m olan fərdi yaşayış evinin X3 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsindən vətəndaş X3 adına həmin evə texniki pasport və qeydiyyat vəsiqəsinin verilməsinin xahiş edilməsi qeyd edilmişdir. X7 xx.xx.2010-cu ildə vəfat etmişdir İddiaçı G.Səmədovanın vərəsəsidir. İddiaçı anasına məxsus fərdi yaşayış evi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsini əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin evin və 1200 kv.metr torpaq sahəsinin anasına məxsus olması barədə arayışın verilmə öhdəliyinin cavabdehə həvalə edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi Sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilən və “X1 məxsus Pirşağı qəsəbəsi, yeni yaşayış massivində tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” adlanan Sərəncamın məzmununda qeyd edilmişdir ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001 -ci il tarixli 562 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış və Ermənistan Respublikasından olan məskunlaşmamış qaçqınlar həmin evlərə köçürülmüşlər. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001 -ci il tarixli 562 saylı Fərmanını rəhbər tuturaq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002- ci il tarixli sərəncamını, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin 16 saylı xx.xx.2006-cı il tarixli əmrini və xx.xx.2003-cü ıl tarixli protokolunu nəzərə alaraq: Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində 4 otaqlı, tikinti sahəsi 136,20 ın2, ümumi sahəsi 103,50 kvadrat metr, yaşayış sahəsi 58,52 m2, təsərrüfat otağının sahəsi 18,24 m2, açıq eyvan sahəsi 16,50 m2 olan 1200,0 m2 torpaq sahəsində tikilmiş 49 saylı evə vətəndaş X3 adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsindən vətəndaş X3 adma həmin evə texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi xahiş edilsin”. Məhkəmə qeyd edir ki, təqdim edilən inzibati aktın məqsədi erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış iddiaçının anasına ayrılmış torpaq sahəsində tiklilmiş fərdi yaşayış evinin iddiaçının adına sənədləşdirilməsindən ibarətdir. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir (Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). İddiaçının təqdim etdiyi Sərəncam (inzibati akt) forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.1) tələbləri baxımından torpaq sahəsinə və fərdi yaşayış evinə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Belə ki, həmin Sərəncamın qəbul edilməsində məqsəd, “erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidenti xx.xx.2001-ci il tarixdə 562 nömrəli Fərmanınn icrasının təmin edilməsidir. Fərmanın 7 və 8-ci bəndlərində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli Sərəncamından görünüyü kimi, iddiaçıya torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti xx.xx.2001-ci il tarixdə 562 nömrəli Fərmanı və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli Sərəncamın icrası nəticəsində ayrılmış və ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmışdır. Odur ki, cavabdehin iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi barədə imtinası imtinası əsassızdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini 2-1(112)- 2282/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş) hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə qeyd edir ki, mərhum X4 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən 49 saylı fərdi yaşayış evi və 1200 kvadrat metr torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün əsas olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində 49 saylı fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyət hüququ üzrə X5 məxsus olması barədə arayışın onun vərəsəsi İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-11863/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11863/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver