Məhkəmə qərarları › İş №2-1(112)-11864/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11864/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11864/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yetirilmiş maddi ziyan (10 ay ərzində imtina səbəbindən ünvanlı yardım ala bilmədiyi üçün təyin olunan 414 manat məbləği imtinaya səbəb olan cavabdeh qurumlar tərəfindən hesablanması və ödənilməsinə qərar çıxarılması) 4000 manat və 3000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 7000 manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvanlı sosial yardım almaq üçün DSMF-na VEMTAS sistemi vasitsəsilə elektron müraciət etmişdir. Ona DSMF tərəfindən sosial yardım verilməsindən 10 dəfə imtina olunmuşdur. Bununla bağlı DSMF-nin Şamaxı rayon Ərazi İdarəsinə yaxınlaşmış, qəbulda ona bildirmişlər ki, imtinanın səbəbi adına olan əlavə həyətyanı torpaq sahəsini qeyd etməmişdir. Bundan sonra DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə yaxınlaşmış və bunun hansı torpaq sahəsi olduğunu soruşmuş, ona qeyri rəsmi cavab vermişlər ki, onun adına olan fərdi yaşayış evinin torpaq sahəsi əlavə sənəd kimi adında göstərilir. Bu halın necə baş verdiyini soruşanda ona bildirmişlər ki, rəsmi müraciət etsin, ona arayış verilsin və o, həmin arayışı DSMF-yə təqdim etsin. Şamaxı Asan xidmət mərkəzində 14 saylı ərazi idarəsinə yaxınlaşmış və adında olan daşınmaz əmlak haqqında arayış verilməsini xahiş etmiş, dövlət rüsumunu ödədikdən birr neçə gün sora ona təqdim olunan arayışda adına olan eyni ünvanda vahid əmlak göstərilmişdir. Həmin arayışı DSMF-nin Şamaxı rayonunda olan idarəsinə təqdim etmişdir. Qəbulda olan zaman DSMF-nin əməkdaşı ona bildirmişdir ki, bu arayış onlar üçün keçərsizdir və bu arayışla ona kömək edilməsi mümkünsüzdür. Bundan sonra təkrarən o 14 saylı Şamaxı Ərazi İdarəsinə yaxınlaşmış, cavabdeh şəxslər bununla bağlı rəsmi müraciət etməli olduğunu bildirmişlər. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsinə müraciət etmiş, bundan sonra onun adına olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi, yəni onların qeyd etdiyi əlavə sənəd adından silinmişdi. Sosial yardım almaq üçün ilk müraciəti xx.xx.2023-cü ildə olmasına baxmayaraq DSMF ona xx.xx.2024 cü ildə 414 manat məbləğində ünvanlı sosial yardım təyin etmişdir. Bu müddət ərzində 10 dəfə Sosial yardım üçün DSMF-yə müraciət etmişdir. 13 dəfə vətəndaş qəbulunda olmuşdur. 20 dəfə Çağrı Mərkəzinə zəng vurmuş, 8 ərizə yazmışdır. Bütün bunlar hamısı onu maddi və mənəvi cəhətdən xərcə salmış, nəticədə mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətdində göstərmişdir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi"nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxs bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Göstərilənlərə əsasən, iş üzrə cavabdehin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-224301/2024 saylı iddiaya yazılı etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli **********89805 nömrəli müraciətinə əsasən xx.xx.2024-cü il tarixdən aylıq 414,60 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. İddiaçı ərizə-bəyannamədə real məlumatlarla uyğunsuzluq təşkil edən məlumatları göstərmiş, bu səbəbdən də ona əvvəlki müraciətləri üzrə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. VEMTAS tərəfindən daxil edilən məlumatın uyğunluqunun müəyyən edilməsi zamanı iddiaçının mülkiyyətində torpaq sahəsinin qeyd edilməməsi aşkar olunmuş, “Ərizə-bəyannamə”də iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya qarşı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmiş, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, yalnız sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 1.3.-cü maddəsinə əsasən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə dövlət orqanlarının və qurumlarının (bundan sonra-qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Qaydaların 3.2.-ci maddəsinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X3 Sistemi üzərindən bu Qaydaların 1.3cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Qaydaların 3.7.1-ci maddəsinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən İddiaçı münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. Digər tərəfdən cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı aşağıdakı ardıcıllıqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və qeyd olunan əsaslarla imtina almışdır:

1. xx.xx.2023-cü il tarixli **********52801 nömrəli ərizə ilə müraciət etmişdir. Qurumlararası yoxlama zamanı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********72-10301 dövlət qeydiyyatı nömrəli "Fərdi yaşayış evi" əmlakın qeyd edilməməsi, **********72 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi” əmlakın qeyd edilməməsi, ailə üzvü X2 adına **********57-10301 dövlət qeydiyyatı nömrəli "Fərdi yaşayış evi" əmlakın qeyd edilməməsi səbəbindən ünvanlı dövlət sosial .yardımın təyin edilməsindən imtina edilmişdir.

2. 22.09.2023-cü il tarixli **********52802 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan"nın 3.7.7-ci yarımbəndinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olması səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

3. 26.09.2023-cü il tarixli **********52803 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı təhsil alması barədə məlumatların öz təsdiqini tapmaması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumata əsasən "Ərizə- bəyannamə"də ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 adına **********14-10301 dövlət qeydiyyatı nömrəli "Fərdi yaşayış evi" əmlakın qeyd edilməməsi, ailə üzvü X2 adına **********57-10301 dövlət qeydiyyatı nömrəli “Fərdi yaşayış evi” əmlakın qeyd edilməməsi, ailə üzvü İddiaçı adına **********72 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi" əmlakın qeyd edilməməsi səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

4. 12.10.2023-cü il tarixli **********52804 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********72 dövlət qeydiyyatı nömrəli "Torpaq sahəsi” əmlakın qeyd edilməməsi, **********72-10301 dövlət qeydiyyatı nömrəli “Fərdi yaşayış evi" əmlakın qeyd edilməməsi səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

5. 30.10.2023-ci il tarixli **********52805 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" altsistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi, torpaq pay mülkiyyəti sənədinin seriyası düzgün qeyd edilməməsi, torpaq pay mülkiyyəti sənədinin reyester kodu və ya nömrəsi düzgün qeyd edilməməsi, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********72 dövlət qeydiyyatı nömrəli "Torpaq sahəsi" əmlakın qeyd edilməməsi səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

6. 17.11.2023-cü il tarixli **********52806 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” altsistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluqun müəyyən edilməsi, torpaq pay mülkiyyəti sənədinin reyester kodu və ya nömrəsi düzgün qeyd edilməməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********72 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi" əmlakın qeyd edilməməsi səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

7. 07.01.2024-cü il tarixli **********89801 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********72 dövlət qeydiyyatı nömrəli "Torpaq sahəsi" əmlakın qeyd edilməməsi səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

8. 26.01.2024-cü il tarixli **********89802 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.7-ci yarımbəndinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olması səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

9. 26.01.2024-cü il tarixli **********89803 nömrəli ərizə ilə müraciət etmişdir. Ailənin "ərizə bəyannamə"də göstərdiyi faktiki yaşayış ünvanının düzgün qeyd edilməməsi səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Təqdim edilən ailə tərkibi haqqında arayışa əsasən ünvan Ş.Seyidov ev 5-dir.

10. xx.xx.2024-cü il tarixli **********89804 nömrəli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan"nın 3.7.7-ci yarımbəndinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olması səbəbilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsinin qanunsuz olduğunu bildirməklə, hüquqlarının pozulmasına görə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir. Lakin həmin ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən, zərər cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. İşin araşdırılan halları ilə belə bir məcmuu müəyyən edilmir. Belə ki, işin yuxarıda qeyd olunan hallarından müəyyən edilir ki, iddiaçı ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh hər dəfə iddiaçının təqdim etdiyi məlumatları yoxlayarkən uyğunsuzluq aşkar etdiyindən onun müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: - bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. -bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X3 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik məlumatlarda uyğunsuzluq olmasını sosial yardımın təyin olunmasından imtina üçün əsas kimi müəyyən etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin onun müraciətlərinə verdiyi imtina cavabları ilə razılaşmış, həmin imtinaları İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirməmiş, bununla da cavabdehin həmin qərarları qüvvəyə minmişdir. Beləliklə, göstərilənlərə əsasən işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar