Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11867/2025 14.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bağlar təsərrüfatının inşişafı və istismarı Birliyi ilə arasında 09 avqust 2001-ci il tarixdə bağlanmış 30072 saylı Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən, qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi 0,12 ha təşkil edən 425 saylı bağ (torpaq) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə X2 zəruri cəlbetmə qaydasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 425 saylı bağ sahəsi X3 və istismarı Birliyi tərəfindən verilmiş 30072 saylı 09 avqust 2001-ci il “Bağın icarəyə verilməsi haqqında Müqavilə"yə əsasən istifadəsinə ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan fasiləsiz olaraq sahiblik və istifadəsindədir. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəldi. Bunun üçün cavabdeh təşkilata ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etdi. Ərizəsinə cavab olaraq hüquqların qeydiyyata alınması əvəzinə xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-34146/2024 (**********46) nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş” verildi. Bildirişdə imtina səbəbləri olaraq aşağıdakılar qeyd edilmişdi: "müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən ərizəçinin əvvəlki müraciəti ilə hazırki müraciəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, əvvəlki müraciət zamanı hazırki torpaq sahəsindən kənarda fərqli sahə göstərilmişdir. Həmçinin ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmadığından və qeyd olunan torpaq sahəsinə dair arxiv cizgisi olmadığndan göstərilən sahənin 425 saylı bağın ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd oluna əraziyə digər şəxsin müraciəti olmuşdur. Əlavə olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman qeyd olunan sahəyə keçidin qonşu torpaq sahəsindən olduğu müəyyən edilmişdir. Hesab edir ki, imtina bildirişi tamamilə əsassızdır, bildirişdə qeyd olunanların bir hissəsi həqiqətə uyğun deyil, bir hissəsi isə vətəndaş olaraq onun səlahiyyətlərinə və məsuliyyətinə daxil olan məsələləri olmadığından imtina üçün əsaslı səbəb hesab edilə bilməz. Əvvəlki müraciət zamanı fərqli sahənin göstərilməsi barədə qeyd edilənlərlə əlaqədar, bəhs edilən torpaq sahəsi faktiki olaraq iki qonşu sahədən - 425 və 425a saylı bağ sahələrindən ibarətdir. Aralarında sərhəd şərti olmuşdur. İlk dəfə torpaq sahəsi göstəriləndə iki torpaq sahəsinin sərhəd nöqtələrini dəqiq göstərmək mümkün olmamış, daha doğrusu torpağı ölçülməsi üçün təqdim edən şəxs dəqiq nöqtələri göstərməkdə çətinlik çəkmişdir. İkinci müraciətdə belə bir problem olmamışdır. Bunun imtina səbəbi kimi göstərilməsi gülüncdür. Arxiv cizgisinin olmaması ilə bağlı göstərilənlər inandırıcı deyil, belə ki, bağ sahəsi Ləhiş bağ massivində ilkin olaraq 0.25 ha ölçüdə ayrılmış ən köhnə bağ sahələrindəndir. Belə olan halda sxemin olmaması inandırıcı deyil. Böyük ehtimalla sxem torpaq sahəsinin ilk ayrılma ölçülərinə, yəni 0,25 ha ölçüyə uyğundur ki, bu da iki bağ sahəsini - 425 və 425a saylı bağları əhatə edir. Digər şəxsin müraciəti ilə bağlı göstərilən səbəbi qəbul etmir. Belə ki, həmin digər şəxsin hüquqları da qeydiyyata alınmamışdır əks halda bu barədə Bildirişdə məlumat verilməli idi. Onun qənaətinə görə isə göstərilən “digər şəxs” ümumiyyətlə mövcud deyil. Keçidin qonşu torpaq sahəsindən olmasına dair göstərilənlər də həqiqətin təhrif olunmasıdır. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi ilk olaraq 0,25 ha ölçüdə ayrılmışdır. Sonradan bağ sahələrinin ölçülərinin maksimum həddi 0,12 ha müəyyən edildiyindən iki hissəyə bölünmüş və 100 kv.m. torpaq sahəsi də arxa bağa yol kimi nəzərdə tutulmuşdur. Yola nisbətdə arxa sahəyə düşən bağ sahəsi onundur və yola yaxın bağ sahəsindən oraya 100 kv.m. ölçüdə yol nəzərdə tutulmuşdur. Bu xüsusatı cavabdeh təşkilat "keçidin qonşu torpaq sahəsidən olduğu" kimi göstərməkdə haqlı deyil. Beləliklə pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı.
4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, “elektron kadastr məlumatına əsasən ərizəçinin əvvəlki müraciəti ilə hazırkı müraciəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, əvvəlki müraciət zamanı hazırki torpaq sahəsindən kənarda, fərqli sahə gösterilmişdir. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və qeyd olunan torpaq sahəsinə dair arxiv cizgisi olmadığından göstərilən sahənin “425” saylı bağın ərazisi olub-olmadığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan əraziyə digər şəxsin müraciəti olmuşdur. Əlavə olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman qeyd olunan sahəyə keçidin qonşu torpaq sahəsindən olduğu müəyyən edilmişdir.”
5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən iddiaçının idarəyə əvvəlki müraciəti ilə sonuncu müraciəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, əvvəlki müraciət zamanı hazırki torpaq sahəsindən 2200 metr kənarda, fərqli sahə göstərilmişdir. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və qeyd olunan torpaq sahəsinə dair arxiv cizgisi olmadığından göstərilən sahənin “425” saylı bağın ərazisi olub-olmadığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan əraziyə digər şəxsin (X2) müraciəti olmuşdur. Əlavə olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman qeyd olunan sahəyə keçidin qonşu torpaq sahəsindən olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsinin sərhədləri 1 tərəfi (424 s/b bağ tərəfi) 2 daş hündürlüyündə. mişar daşı ilə hasar olan hissəsi, faktiki sahədə torpaq hamarlama işləri aparıldığından özləri tərəfindən uçurulub, 2 tərəfi qonşunun metal torla və şiferlə çəpəri,1 tərəfi isə şərtidir. Tikili yoxdur. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1237 kv.m.
7. Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyi xx.xx.2001-ci il tarixli, 30072 saylı müqaviləsinə əsasən, İddiaçı Ləhiş qəsəbəsində 0,12 ha torpaq sahəsi olan 425 nömrəli bağ ayrılmışdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İddia mümkündür.
İİ. Məhkəmənin mövqeyi
15. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyinin xx.xx.2001-ci il tarixli, 30072 saylı müqaviləsi ilə İddiaçı Ləhiş qəsəbəsində 0,12 ha torpaq sahəsi olan 425 nömrəli bağ ayrılmışdır. İddiaçı tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.
16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
17. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
18. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
26. Cavabdehin imtinanın əsas dəlili ondan ibarətdir ki, ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və qeyd olunan torpaq sahəsinə dair arxiv cizgisi olmadığından göstərilən sahənin “425” saylı bağın ərazisi olub-olmadığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan əraziyə digər şəxsin (X2) müraciəti olmuşdur.
27. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyinin xx.xx.2001-ci il tarixli, 30072 saylı müqaviləsi ilə İddiaçı Ləhiş qəsəbəsində 0,12 ha torpaq sahəsi ayrılmışdır.
28. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “425” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
29. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Məhkəmə cavabdehin qeyd olunan əraziyə digər şəxsin (X2) müraciətinin olması dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin qərardadı ilə həmin şəxs inzibati məhkəmə icraatına cəlb edilmişdir və onun nümayəndəsi (həmçinin iddiaçının da nümayəndəsi və vəkilidir) iddiaçının iddia etdiyi torpaq sahəsinə heç bir iddiasının olmamasını qeyd etmişdir. Üçüncü şəxsin iddiası iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən 424 saylı bağ sahəsinədir və inzibati iş 2-1(112)-11880/2025 nömrə altında Bakı İnzibati Məhkəməsinin icraatındadır.
32. Cavabdehin digər dəlili ünvana texniki baxış keçirilən zaman qeyd olunan sahəyə keçidin qonşu torpaq sahəsindən olduğu müəyyən edilməsidir. Məhkəmə bu dəlili də əsassız hesab edir. Belə ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən iddiaçının adına bağ sahəsinin ayrılmasına dair sahəyə keçidin qonşu torpaq sahəsindən olduğu irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.
33. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair müqavilə qüvvədədir, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
35. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
36. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. X3 və İstismarı Birliyinin tərəfindən verilmiş 09 avqust 2001-ci il tarixli, 30072 saylı Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi 0,12 ha təşkil edən 425 saylı bağ (torpaq) sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verlməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva