Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11871/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə (üçüncü şəxs X3) qarşı “nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Rav 4” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X1 xx.xx.2023-cü ildə TOYOTA RAV 4 MİNİK markalı **-CS-*** dövlət nömrə nişanlı avtomaşın almış, həmin avtomaşını hazırkı vaxtadək heç bir mübahisə olmadan istifadə etmişdir. Hazırkı vaxtadək avtomaşını etibarnamə əsasında idarə etmişdir. Avtomaşını öz adına rəsmiləşdirmək məqsədilə xx.xx.2024-cü ildə Azərbaycan Respublikası DİN BDYPİ-ə müraciət etmiş, lakin avtomaşının onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 hazırkı inzibati iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan AB №411995 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2007-ci il buraxılışlı, **-CS-*** qeydiyyat nişanlı “Toyota Rav-4 minik” markalı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X4 “Toyota Rav-4 minik” markalı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri qeydiyyata salmaq, qeyiyyatdan çıxrmaq, ərizə vermək kimi səlahiyyətlərini İddiaçı etibar etmiş, etibarnamənin müddəti 1 il müəyyən olunmuşdur. İddiaçı hazırda bu etibarnaməyə istinad edərək, “Toyota Rav 4” minik markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair onun adına qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialarını araşdırdıqda aydın olur ki, hazırkı iş üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin: -2.6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -2.6-1-ci bəndinə görə nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. -2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. -2.8-1-ci bəndinə görə nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı dövlət qeydiyyatını həyata keçirən orqanlara internet vasitəsilə elektron formada müraciət edə bilər. -2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı; komisyon və ticarət təşkilatları ilə bağlanılmış alqı-satqı müqaviləsi; vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı; qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X5-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir; müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Sadalanan normalardan görünür ki, nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən qeydiyyat hərəkətləri aparan orqana müraciət əsasında müvafiq sənədlər təqdim edilməklə aparılır. Hazırkı iş üzrə **-CS-*** qeydiyyat nişanlı “Toyota Rav-4 minik” markalı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İddiaçının adına verilmiş etibarnamə ilə ona nəqliyyat vasitəsinin idarə edilməsi və nəqliyyat vasitəsi ilə bağlı hüquqi hərəkətlərin mülkiyyətçinin (təmsil edilənin) adından edilməsi ilə bağlı səlahiyyətlər etibar edilmişdir. İddiaçı hazırkı iddia ilə nəqliyyat vasitəsi üzərində onun adına dair qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Halbuki iddiaçı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən şəxs olmuşdur, onun apardığı bütün hüquqi əməliyyatlar etibar edənin adına və onun mənafeyi üçün aparılmalıdır. Dolayısı ilə iddiaçı nəqliyyat vasitəsinin öz adına qeydiyyatını tələb edə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. - Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. - Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Eləcə də hələ baş tutmamış alqı-satqı və ya hər hansı əmlakı özgəninkiləşdirmə barədə müqavilə olmadan qeydiyyat hərəkətləri aparıla bilməz. Yalnız qanunla müəyyən edilmiş qaydada bağlanmış və təsdiq edilmiş alqı-satqı, dəyişdirmə və ya bağışlama müqaviləsi əsasında nəqliyyat vasitəsini əldə edən şəxs həmin nəqliyyat vasitəsinin öz adına qeydiyyat hərəkətlərinin aparılmasını tələb edə bilər ki, hansı ki, hazırkı iş üzrə mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı belə bir əməliyyat baş verməmişdir, həmçinin iddiaçı əmlakın mülkiyyəçisi olmamaqla bu cür tələb hüququna malik şəxs statusunda çıxış etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11871/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11871/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver