Məhkəmə qərarları › İş №2-1(112)-11873/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11873/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11873/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 17 iyul 2024-cü il tarixli №3-36- 3/2-İ-90xx-xx/2024/9245 nömrəli imtinasının əsassız sayılması və ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, atası, X8 06 dekabr 1979-cü ildə Sumqayıt şəhərində, anası isə xx.xx.1976-cı ildə Füzuli rayonunda anadan olmuşdurlar. Onlar 1993cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdürlər. Atası ilə anası, X9 2003-cü ildə rəsmi nigaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2006-cı ildə iddiaçı, İddiaçı anadan olmuşdur. 2024-cü ilin iyun ayında məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin Komitənin 17 iyul 2024-cü il tarixli №3-36-3/2-1-90xx-xx/2024/9245 nömrəli məktubu ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə Qaydaları”ın 2.6-cı bəndinə istinad edilərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtina edilmişdir. Komitənin imtina ərizəsində istinad etdiyi təqdim olunmamaş sənədlər nənəsi ilə bağlı olan məsələdir ki, o sənədi də tapmaq mümkünsüzdür. Belə ki, nənəsi 1980-ci ildə azyaşlı övladlarından imtina etmiş, onlar babasının himayəsinə qoyub getmişdir. Artıq 44 il keçib və nənəsi ilə bağlı heç bir məlumatı yoxdur, əlaqəsi olmayıb. Həyatda olması, ünvanı, kimliyi haqqında məlumatsızdırlar. Nənəsinin adı Ətirə olmuşdur. Komitə həmçinin qeyd edirki icra hakimiyyəti arayışında nənəsinin haqqında da məlumat qeyd edilsin, nənəsinin sənədləri əlavə olunsun. Hesab edir ki, təqdim olunan sənədlərdə nənə haqqında məlumatın olmaması ona məcburi köçkün statusunu təstiq edən vəsiqəsinin verilməsindən imtina olunması üçün əsas ola bilməz. Atası, X8 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüş və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən rəsmi sənədlərdə məcburi köçkün olduğu qeyd olunur. Həm atasına, həm də anasına komitə tərəfindən xx.xx.2013-ci il və xx.xx.2014-cü ildə məcburi köçkün vəsiqəsi verilmişdir. Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan yararlanırlar, həmçinin o və ailə üzvüləri yemək xərci müavinəti alırlar. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.6 bəndinin tələblərinə əsasən “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Bildirilmişdir ki, məcburi köçkün olduğunu təsdiq edən zəruri sənədləri təqdim etmədi təqdirdə övladlarına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi qeyri mümkündür. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Diqqətinizə çatdırırıq ki, İddiaçı X3 övladına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə və onun aidiyyəti struktur bölməsinə zəruri sənədləri təqdim etməmişdir. Həmçinin iddiaçının X3 iddia ərizəndə qeyd edir ki, “Komitənin imtina ərizəsində qeyd elədiyi təqdim olunmayan sənədlər məhz nənəmlə bağlı olan məsələdir ki, onun sənədin tapmaq mümkünsüzdür. Çünki, nənəm 1980-ci ildə azyaşlı övladlarından imtina edərək, babamın himayəsinə qoyub getmişdir. Artıq 44 il keçib və nənəmlə bağlı heç bir məlumatımız və əlaqəmiz olmayıb. Həyatda olmağı, kimiliyi haqqında məlumatsızıq”. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4-ci bəndində göstərilri ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Qaydaların 2.6-ci bəndinə görə “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Əslində iddiaçı müvafiq olaraq sənədləri Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların tələblərinə uyğun şəkildə Komitəyə təqdim edərsə, müvafiq araşdırma aparılmaqla iddiaçıya məcburi köçkün statusu və statusu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı daha dolğun nəticəyə gəlmək mümkündür. Komitə tərəfindən iddiaçıya verilən cavabda isə qeyd edilir ki, “məcburi köçkün olduğunuzu təsdiq edən zəruri sənədləri təqdim etmədiyiniz təqdirdə övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi qeydi-mümkündür”. Son olaraq qeyd ediri ki, iddiaçı Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4-ci bəndində göstərilən sənədləri toplayaraq Komitəyə təqdim etməsi tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdeh etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ №733836 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası X5r. AZE 14792529 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atası xx.xx.1979-cu il təvəllüdlü X1 rayonu, Füzuli şəhəri, R.Əliyev küçəsi, ev 40 ünvanında qeydiyyatdadır. AA №301492 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X8 1993cü ildə Füzuli rayonundan qaçqın düşmüşdür. Hazırda məskunlaşdığı ünvan Yasamal rayonudur. AZE 09456801 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası xx.xx.1976-cı il təvəllüdlü X2 rayonu, Füzuli şəhəri, R.Əliyev küçəsi, ev 40 ünvanında qeydiyyatdadır. AA №308327 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X9 1993cü ildə Füzuli rayonundan qaçqın düşmüşdür. Hazırda məskunlaşdığı ünvan Yasamal rayonudur. Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsi Qaradağ rayonu Lökbatan Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 1124 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Füzuli rayon sakini İddiaçı ondan ötrü ki, o, həqiqətən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən “Qobu park 1” yaşayış kompleksi, bina 7, mənzil 14 ünvanında məcburi köçkün qəsəbəsində müvəqqəti yaşayır. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 iyul 2024-cü il tarixli 5-43-11/2-602/2024 nömrəli arayışında qeyd edilmişdir ki, verilir Füzuli şəhər sakini R.Əliyev küçəsi 40 saylı evdə qeydiyyatda olan İddiaçı ondan ötrü ki, onun ailə tərkibi aşağıda qeyd olunan kimidir: atası, X8 (müavinət alır), anası, X9 (müavinət alır). Hal-hazırda o, məcburi köçkün kimi ünvan 5 ünvanında yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-48/2-14315/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı 11867895 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən, qeyd olunan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının göndərilməsi mümkün olmamışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmamışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələrinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci hissəsinə görə, Komitənin Əsasnamə ilə məyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalardan biri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmədən ibarətdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 2.6. “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları təsdiq etmişdir. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.6-cı bəndində “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edildiyi qeyd edilmişdir. Hazırkı işdə iddiaçıya münasibətdə 4.1-ci maddənin şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır, onun atası və anası məcburi köçkün statusuna malikdirlər. Cavabdehin imtinasının əsas dəlili iddiaçının Qaydaların 2.6-cı bəndində nəzərdə tutulan şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. İş materiallarından görünür ki, iddiaçının X3na AA №301492 nömrəli məcburi köçkün vəsiqəsi, anası X6 AA №308327 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi Məlumatlarına əsasən onların məcburi köçkün statusuna malik olmaları barədə məlumat əldə edilmişdir. Lakin cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılmamış, tələb edilən sənədlərin iddiaçıdan sorğu edilməsi və ya məhz hansı sənədin təqdim edilməməsi ilə bağlı mövqeyini əsaslandıran sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Odur ki, cavabdehin imtinasının dəlilləri əsassız olduğundan iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə iddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulur. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: Bakı şəhəri, N.Vəzirov 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar