Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11874/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı cavabdehin nümayəndəsi X12 oglunun 3-cü şəxsin nümayəndəsi və vəkili X9 oglunun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (X4 3-cü şəxs) “Bakı şəhəri Səbail X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarının və ondan gələn nəticələrin ləğv edilməsi” tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (X4 3-cü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarının və ondan gələn nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı ilə üçüncü şəxsə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Salyan şossesi 32 ünvanda 600 kvm torpaq sahəsi ayrılmışdır. ünvan 2r 1998-ci il tarixli Sərəncamı ilə Səbail rayonu Badamdar qəsəbəsində 600 kvm torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş X5 ayrılmış, həmin torpaq sahəsinə dair ona mülkiyyət hüququna dair 22.07.2017-ci ildə **********82 saylı çıxarış verilmişdir. X7 həmin torpaq sahəsini iddiaçıya alqı-satqı müqaviləsi ilə satmış, hazırda mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs ona qarşı, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı “çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda X6 da həmin yerdə 600 kv.m. torpaq sahəsi saxta qərarla verilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə Səbail Bələdiyyəsinin sözügedən qərarı ləğv olunmuşdur. Eyni zamanda cavabdeh bir günlük fərqlə həmin yerə hazırki iş üzrə üçüncü şəxsə, yəni 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarla həmin torpaq sahəsini satmışdır. Bu faktlar sübut edir ki, cavabdehin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı qanunsuz və əsassızdır. 2018-ci ilə kimi Bakı şəhərində yerləşən rayonların bələdiyyələrinə dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bakı şəhərinin digər rayonları kimi Səbail Bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair hazırki cavabdehə çıxarış verilməmişdir. Bu səbəbdən də cavabdeh vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Hesab edir ki, cavabdehin sözügedən qərarı, ayırdığı torpaq sahəsi və verdiyi sənədlər qanunsuzdur və saxtadır. Torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində mübahisəli torpaq sahəsinin plan-ölçü koordinatları müəyyən olunmuş, bundan sonra iddiaçıya həmin torpaq sahəsinə dair çıxarış verilmişdir. Üçüncü şəxs Bakı İnzibati Məhkəməsinə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 saylı Qərarı ilə onun iddiası təmin olunmamışdır. Həmin məhkəmə qərarında Səbail Bələdiyyəsinin qərarının əsassızlığı öz təsdiqini tapmışdır. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair alqı-satqı aktının surətindən görünür ki, akt Ə.Hüseynov və Z.Zülfıyev tərəfindən tərtib olunsa da bir nəfər tərəfindən imzalanmış, tərtib olunma tarixi yoxdur, qeydiyyata alınmamışdır. Kassa mədaxil orderinin surətindən görünür ki, ödəniş qərar qəbul edildikdən bir il sonra 21 dekabr 2006-cı ilə edilmişdir. Torpağın alqı-satqı aktında, kassa mədaxil orderində və mübahisələndirilən qərarda imzalar fərqlidir, başqa-başqa şəxslər tərəfindən imzalanmış və həmin sənədlər bələdiyyə kitabında qeydə alınmamışdır. Bu səbəblərdən də sözü gedən bələdiyyə qərarı və ondan irəli gələn nəticələr məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmənin 2-1(112)-11874/2021 saylı 11.11.2021-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçının cavabdeh inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə hərəkətlərini mübahisələndirməməsinə, eləcə də iddiaçıya müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər-hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmə çəkişmələri zamanı məhkəməyə təqdim olunmuş müvafiq sənədlərlə tanış olarkən mübahisələndirdiyi qərardan məlumatlı olmuşdur, buna görə də iddia müddəti ötürülməmişdir. Odur ki, iddianı müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin fərqli ünvanlarda oldugunu, sənədlərin cinayət işi üzrə alındıgını, habelə prosessual müddət ötürüldüyündən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi prosessual müddət ötürüldüyündən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki işdən müəyyən olunur ki, iddia “Bakı şəhəri Səbail X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarının və ondan gələn nəticələrin ləğv edilməsi” barədədir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İddiaçı cavabdehin torpaq sahəsinin ayrılmasına dair üçüncü şəxsin adına verilmiş qərarın ləgv edilməsini tələb edir. Mübahisələndirilən qərar 15 dekabr 2005-ci il tarixdə qəbul edildiyi halda, iddiaçı həmin qərarın verildiyi tarixdən 16 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 16 il əvvəl verdiyi qərarın qanunsuz sayılmasını tələb edir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən qərarı 2005-ci ildə qəbul edilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, qərarın mövcudlugundan məhkəmə çəkişmələri zamanı məhkəməyə təqdim olunmuş müvafiq sənədlərlə tanış olarkən məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının istifadə etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 16 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati orqanın qərarından 16 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının göstərdiyi hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Məhkəmə hesab edir ki, birinci tələb üzrə iddia mümkün sayılmadıgından ondan irəli gələn ikinci tələb “və ondan gələn nəticələrin ləğv edilməsi” üzrə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-11874/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11874/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver