Məhkəmə qərarları › İş №2-1(112)-1188/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1188/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1188/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi vərəqədə göstərilən azalmanın təsdiqlənməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən büdcəyə ödənilmiş 226.787,91 AZN məbləğində artıq ödəmənin təsdiqlənməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC uzun müddətdir ki, fəaliyyət göstərir. Həmin fəaliyyət dövrü ərzində İddiaçı MMC tərəfindən heç bir qayda pozuntusuna yol verilməmiş, heç bir vergi borcu və digər borc öhdəliyi yaranmamışdır. Onlara məlum olmayan səbəblərdən 2019-cu ildən etibarən İddiaçı MMC-nin fəaliyyəti Vergilər Nazirliyi tərəfindən dayandırılmışdır. Tərəflərindən rəsmi qaydada dəfələrlə Vergilər Nazirliyinə müraciət etməklərinə baxmayaraq, qeyd olunan məsələlər öz həllini tapmamışdır. Müraciətlərindən sonra xx.xx.2021-ci tarixdə Lokal Vergilər Departamentinə göndərilən şikayətlərinə, qeyri-qanuni olaraq rədd cavabı verilmişdir. Əsas gətirərək verilən cavab bu olmuşdur: Lokal Vergilər Departamentinin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən yeni qüvvəyə minmiş qanunun tələblərinə uygun olaraq əmtəəsiz əməliyyatlar keçirdiyi üçün riskli vergi ödəyicilər siyahısına daxil edildiyi bildirilmişdir. Bu səbəbdən də əvəzləşdirmə qəbul olunmamışdır və artıq ödəmə təsdiqlənməmişdir. Şirkət 2008-ci ildə qeydə alınaraq aktiv şəkildə fəaliyyətini başlamışdır və son əməliyyatları və ödənişləri 2019-cu ilin aprel aylarında həyata keçirilmişdir. Bu zaman bu qanun mövcud olmadığı üçün bunu qanunsuz şəkildə həyata keçirmişdirlər. Sonrada şəxsi hesab vərəqəsində yeni tarixlərlə yaratdıqları saxta borclara düzəliş keçirərək onların hesabına 180 811.11 AZN borc yaratmışdırlar, lakin onların son əməliyyatları 2019-cu ilin aprel ayında baş vermişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, vergi ödəyicisinin fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, bundan əvvəl vergi ödəyicisi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən (riskli vergi ödəyiciləri siyahısından çıxarıldıqdan sonra) xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən 438 417,2 manat (66 877,2 manat ƏDV məbləği) vəsait müxtəlif riskli vergi ödəyicilərin ƏDV sub-uçot hesablarına köçürülmüşdür. İddiaçının vergi orqanına etdiyi müraciətlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli təsdiqlənmiş azalma və ƏDV sub-uçot hesabında olan məhdudiyyətin aradan qaldırılması barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, xx.xx.2018xx.xx.2019-cu il tarixləri ərzində vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına riskli hesab edilməsi ilə bağlı qeydin olmasına baxmayaraq ümumilikdə 66877,22 manat vəsait köçürdüyü müəyyən edildiyi üçün riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin vergi ödəyicisinin ƏDV depozit hesabına ümumilikdə 169692,55 manat vəsait köçürmüş "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MMC (VÖEN: **********) cavab məktubunun verildiyi tarixə riskli vergi ödəyiciləri siyahısında olmuşlar. Eyni zamanda qeyd olunanlarla əlaqədar, əmtəəsiz əməliyyatlar çərçivəsində vergidən yayınma sxeminin iştirakçısı olmaması üçün cəmiyyət tərəfindən aparılan əməliyyatların riskliliyinin öncədən qiymətləndirilməsi vergi ödəyicisinə tövsiyə edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin şəxsi vərəqəsində göstərilən 226.787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin 07 fevral 2022-ci il tarixli icasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vergidən yayınma hallarının qarşısının alınması və şəffaflığın təmin olunması Dövlət Vergi Xidmətinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Eyni zamanda Dövlət Vergi Xidməti tərəfindən mütəmadi qaydada yalan əqdlər bağlayaraq, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətləri müvafiq risk meyarları əsasında təhlil edilir. Vergi orqanının baza məlumatlarına əsasən apanlan təhlillər nəticəsində "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək, "xxxx" MMC (VÖEN: **********) tərəfindən isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək karqo fəaliyyəti (faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən) və ya digər riskli vergi ödəyiciləri ilə ƏDV sub-uçot vasitəsi ilə qarşılıqlı əməliyyaların aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında 265 saylı qərarının 28 iyul 2020-ci il tarixdə imzalandığını nəzərə alaraq, həmin vergi ödəyiciləri tərəfindən aparılmış riskli əməliyyatlar qərarın imzalandığı tarixdən əvvəl aparıldığından vergi ödəyiciləririnin riskli vergi ödəyiciləri hesab edilməsi Baş İdarənin təklifinə əsasən meyarlardan əvvəlki yanaşmaya müvafiq olaraq aparılmışdır. Göründüyü kimi, hal-hazırda cavabdeh inzibati orqanın hərəkətinin qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-nin şəxsi vərəqəsində göstərilən 226.787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı MMC-nin şəxsi vərəqəsində göstərilən 226.787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar