Məhkəmə qərarları › İş №2-1(112)-1188/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1188/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1188/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödəniməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı peşəkar hərbiçi olaraq Azərbaycan Respublikası Müdafiə nazirliyində 23 ildən artıq hərbi xidmət keçmişdir. Belə ki, növbəti hərbi xidməti başa vurduqdan sonra xx.xx.2001-ci il tarixindən 4-cü korpusun 061 nömrəli əlahiddə batalyonunda bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. xx.xx.2002-ci il tarixindən Müdafiə Nazirliyinin “052” nömrəli hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət keçmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar almış olduğu xəsarət nəticəsində 2022-ci ilin aprel ayının 04-də xəstəliyə görə ehtiyata buraxılmaqla tərxis olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək 2002-ci ildən tərxis olunduqları günədək hərbi xidmətdə müxtəlif bölgələrə ezam olunmaları ilə əlaqədar ezamiyyə pulunun hesablanaraq ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Onunla eyni vaxtda müraciət edən X3 müraciətinə isə xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 39.6.3-cü yarımbəndinə istinad edilməkə müraciətin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, ona ezamiyyə xərcləri ödənilməlidir. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmişdir. Sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, İddiaçı ilkin olaraq 2002-ci ildən -xx.xx.2017 ci il tarixədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar), sonradan iddia ərizəsi dəyişdirilərək həmin tarixlərdə ezamiyyə xərclərinin və sonuncu iddia ərizəsinə əsasən 2002-ci ildən - xx.xx.2017-ci tarixinədək ezamiyyə və 2002-ci ildən ehtiyyata buraxılanadək səhra çıxışları ilə əlaqədar ödənişlərin ödənilməsi üçün iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Ordusunun hərbi qulluqçularına ezamiyyə xərclərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında’’ 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin «X2»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-01 nəmrəli Qərarı və Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunan Qərarlara əsasən, Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə “Ezamiyyə vəsiqəsi” və ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına — gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında hesabatı (təsdiqedici sənədlərlə bir yerdə) 3 gün ərzində təqdim etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alınsa, iddiaçının xidmət dövründə, tələblərə uyğun olaraq rəsmiləşdirilmiş və ya ödənilməmiş ezamiyyə vəsiqəsi mövcud olmamışdır əks təqdirdə iddiaçı tələbini ehtiyyata buraxıldıqdan sora deyil xidmət dövründə edərdi. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin «X2»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-01 nəmrəli Qərarının İ fəsilinin 1-ci bəndində qeyd olunduğu kimi “ Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır”. Bu qayda həmçinin Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 38.2-ci maddəsindədə öz əksini tapmışdır (Daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır.). Həmçinin həmin əsasnamənin 38.26-cı maddəsində qeyd olunmuşdur ki, “Ezam edilənə pulsuz yaşayış yeri və yemək verildikdəezamiyyət xərcləri ödənilmir.” Qeyd olunan iddia (səhra (çöl) xərclərinə dair) hissəsi ilə əlaqədar aşağıdakıları bildirirlər: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin «X2»nın təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli Q-01 nəmrəli Qərarının İİ fəsilin 6-cı bəndində qeyd olunduğu kimi “Respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə vəsait ödənilir.” Bu qayda həmçinin Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 38.40-cı (“Respublika ərazisində daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən (gündəlik iş vaxtı başa çatdıqdan sora öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) hərbi qulluqçuların ezamiyyə xərcləri əvəzinə hər gün üçün səhra (çöl) pulu ödənilir.”) maddəsində də öz əksini tapmışdır. İddiaçı iddia ərizəsindən göründüyü kimi o, N və N nömrəli (xüsusi təyinatlı) hərbi hissələrdə xidmət etmişdir. Adından məlum olduğu kimi qeyd edilən hərbi hissələrin hərbi qulluqçuları, o cümlədən İddiaçı öz peşə bacarığını daimi artırmaq və döyüş hazırlığı tapşırığının yerinə yetirilməsi üçün məşqlərin keçirilməsi məqsədilə mütəmadi olaraq səhra çıxışlarına cəlb edilmişdir. Qeyd edilən səhra çıxışları zamanı hərbi qulluqçular xidməti nəqliyyat vasitələri, sutkada 3 dəfə yemək və yataqla tam həcmdə təmin olunurlar. Məlumat üçün bildirirlər ki, xidməti ezamiyyətlərin tərkibinə nəqliyyat, qidalanma və mehmanxana xərcləri daxildir. Xidmət şəraiti, həmçinin onların mütəmadi olaraq səhra çıxışlarına cəlb olunmaları, daima döyüşə hazır olmaları və qarşılarına qoyulan digər tapşırıqların çətinliyi nəzərə alınaraq Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 020 nömrəli əmri (buna qədər xx.xx.2009-cu il tarixli 095 nömrəli əmr) ilə N və N nömrəli hərbi hissələrin hərbi qulluqçularının rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsalları tətbiq olunmuşdur və hal- hazırda tətbiq olunur. Göründüyü kimi, İddiaçı daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığın yerinə yetirilməsi üçün deyil, o xüsusi təyinatlı hərbi qulluqçu kimi öz peşə biliklərini təkmilləşdirmək üçün N və N nömrəli hərbi hissələrin hərbi qulluqçuları ilə birlikdə bölmənin tərkibində səhra çıxışlarına cəlb olunmuşdur. N və N nömrəli hərbi hissələrdən aldıqları məlumata əsasən İddiaçı hərbi hissələrdə ödənilməmiş ezamiyyət vərəqələri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş əsasnamə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni əsasnamənin 39.6.3 maddəsinə əsasən pul təminatının ödənilməsinə əmsallar tədbiq olunan hərbi qulluqçulara Səhra pulları ödənilmir. Nəzərə alınmalıdır ki, səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xürcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarını almış, bu artımların “səhra pullarından” artıq olduğunun fərqində idi və artımların dayandıraraq ona “səhra pullan”nın ödənilməsinə dair cavabdehə heç bir müraciəti daxil olmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar