Məhkəmə qərarları › İş №2-1(112)-11880/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11880/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11880/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil,cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasının yenidən hesablanması haqqında” 18 may 2023-cü il tarixli, 3- 17-1/3-3-10769/2023 nömrəli qərarını əsassız hesab edərək ləğv edilməsi və may ayından etibarən qanunsuz şəkildə alınan vəsaitin iddiaçıya geri qaytatılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin iddiaçının pensiyasından tutmaların həyata keçirilməsini, nəzərdə tutan hərəkətlərinin (əmrin, qərarın, sərəncamın) qanunsuz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 18 may 2023-cü il tarixli, 3-17-1/3-3-10769/2023 nömrəli qərarını əsassız hesab edərək ləğv edilməsi və may ayından etibarən qanunsuz şəkildə alının vəsaitin iddiaçıya geri qaytatılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmsinin hazırki iş üzrə qəbul etdiyi 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh DSMF-nin XŞTMF-nin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 18 may 2023-cü il tarixli, 3-17-1/3-3- 10769/2023 nömrəli qərarı tamamilə əsassız və qanunsuz olubdur. Bu özünü Azərbaycan Respublikası Konstitusiyasının, İnzibati icraat, Əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinin pozulmasında, Ölkə başçısının fərman və sərancamları, Nazirlər Kabinetinin qərarlarına riayət edilməməsində göstərir. İş materiallarından görünür ki, 18 may 2023-cü il tarixli qərar heç bir faktla əsaslandırılmamış, işin halları və qanunvericiliyin tələbləri təhrif edilmiş, o cümlədən mübahisəli qərar səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Bu azmış kimi bu günlərədək qərar barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İnzibati icraat haqqında qanunun tələbinə əsasən dinlənilmə hüququ həyata keçirilməmiş və tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt verilməmişdir və s. Bundan başqa pensiya işindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi xx.xx.2009-cu il tarixdə İddiaçı təlimatda göstərilmiş 1 nömrəli Əlavəyə uyğun ərizə alınmış və komissiyanın xx.xx.2009cu il tarixli, 813 nömrəli qərarı ilə 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən hesablanmaqla 1539,42 manat pensiya təyin edilmişdir, tamamilə qanuni olan xx.xx.2009cu il tarixli qərarı ötən illər ərzində heç kəs mübahisələndirməmişdir. Çünki, qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı çıxarılmışdır. İş materiallarına əsasən, qanunvericilikdə edilən dəyişikliklərədək iddiaçının ümumi əmək stajı 25 ildən, xüsusi əmək stajı isə 12 il 6 aydan çox olmuşdur. Pensiya təyin edildiyi dövrlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri qurumun rayon (şəhər) şöbələrinə və pensiya hüququ yaranmış vətəndaşlara qanunvericiliyin izahı və tələblərinə uyğun pensiya təyin edilməsinə dair müvafiq razılıq məktubları göndərmişlər. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (29 iyun 2022-ci ildə dərc edilmişdir) ilə “bu qanuna uyğun olaraq” sözləri əlavə edilmişdir. Əvvəlki variant: Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Son variant: Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi 2022-ci ildən etibarən yeni redaksiyada verilmiş Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək onun 29.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin maddə də məhz Konstitusiyanın bu müddəasına və hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla tərtib edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 15 may tarixli qərarında göstərildiyi kimi, hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyinə əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 33 il 5 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 39,51 manat (33,47 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 61,21 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-03.11,2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12676,32 manat sığorta kapitalına uyğun 88,03 (12676,32:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 234,24 (61,21+88,03+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 318,87 manat). Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 01,02.2017-cı il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 24028,56 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (24028,56 : 72 ay (144 ay-72 ay)=333,73 manat) yenidən hesablanaraq 318,87 manatdan 652,60 manata artırılıb. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 116437,36 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 116437,36 manatın əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəfimizdən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3- 17-1/2-H-98568/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıqödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10769/2023 nömrəli qərar qəbul edilmişdir. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. "Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 04 may 2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktubuna əsasən, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yarandığı üçün 12 may 2023-cü il tarixinədək qəbul mərkəzinə gəlməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-H-140393/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 33 il 5 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 39,51 manat (33,47 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 61,21 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-03.11,2010cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12676,32 manat sığorta kapitalına uyğun 88,03 (12676,32:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 234,24 (61,21+88,03+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 318,87 manat). Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 01,02.2017-cı il tarixində işdən azad olmasi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 24028,56 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (24028,56 : 72 ay (144 ay-72 ay)=333,73 manat) yenidən hesablanaraq 318,87 manatdan 652,60 manata artırılıb. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 116437,36 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 116437,36 manatın əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Əks halda müvafiq tədbirlər görüləcək. Əlavə olaraq əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 970,91 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1113,64 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-10769/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən, iddiaçının pensiya məbləği yenidən hesablanaraq 4966,60 manat-dan 1113,64 manata endirilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə İddiaçı pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 iyul 2023-cü il tarixli Aktına əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra maraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-98568/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə araşdırma zamanı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqında əsasən hesablanaraq təyin edildiyinin aşkar olunduğu barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələr dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyinin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2008-cu ildə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü ildə cavabdeh iddiaçının pensiyası məbləğini yenidən hesablayaraq azaltmışdır. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunauyğun hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Qanununda cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın cavabdeh inzibati orqanın özü tərəfindən yenidən hesablanması(azalması) kimi norma nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları ilə cavabdeh inzibati orqan tərəfindən pensiya təminatı ilə bağlı qəbul edilən qərarların formaları müəyyən edilmişdir, belə ki, qeyd edilən Qaydaların 5 nömrəli əlavəsində pensiya təyin edilməsi qərarın forması, 6 nömrəli əlavəsində isə pensiya təyin edilməsindən imtina edilməsi haqqında qərarın forması göstərilmişdir. Faktiki olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İş materiallarına əlavə edilən iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixinə 25 il 03 ay 21 gün (xx.xx.1972-ci ildən xx.xx.1997-ci ilədək) ümumi, 21 il 0 ay 19 gün isə (xx.xx.1975-ci ildən xx.xx.1997-ci ilədək) güzəştli iş stajı mövcud olmuşdur. İddiaçıya güzəştli şərtlərlə 55 yaşından təyin edilən zaman (2008-ci ilin noyabr ayında) qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 26.2.-ci maddəsinin redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. İş materiallarına əlavə edilən iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçının əmək pensiyasının məbləği müəyyən edilərkən cavabdeh tərəfindən yuxarıda qeyd edilmiş qanun norması tətbiq edilmişdir. Beləliklə, göründüyü kimi iddiaçıya 2008-ci ilin 03 noyabr tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin ediməsi və hesablanması qanun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki,” prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasının yenidən hesablanması barədə qəbul edilmişdir. Cavabdehin iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması haqqında qərarı yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normaları və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 18 may 2023-cü il tarixli, 3-17-1/3-3-10769/2023 nömrəli qərarnın ləğv edilməsi və may ayından etibarən qanunsuz şəkildə alınan vəsaitin iddiaçıya geri qaytatılması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Əmək pensiyasının yenidən hesablanması barədə 18 may 2023-cü il tarixli, 3-17-1/3- 3-10769/2023 nömrəli qərarının ləğv edilməsi və may ayından etibarən qanunsuz şəkildə alınan vəsaitin İddiaçı geri qaytatılması öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar