Məhkəmə qərarları › İş №2-1(112)-11886/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11886/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11886/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı ilə "xxxx" ASC İdarə Heyətinin sədri arasında 30 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə əsasında, "xxxx" ASC-nin Sumqayıt Filialının mikro və aqro kreditlər üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilmiş və bu vəzifədə işləmişdir. "xxxx" ASC-də işlədiyi müddətdə işində heç bir nöqsana yol verilməmiş və bu barədə rəhbərliyin heç bir iradı, töhməti və əmri olmamışdır. Belə ki, başqa qurumlardan gələn daha sərfəli maaş təklifinə görə iddiaçı və Filialın daha dörd əməkdaşı 25 fevral 2022-ci il tarixdə öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə müraciət etmişlər. Lakin həmin müraciətlərdən qısa bir müddət sonra 10 mart 2022-ci il tarixdə rəhbərliyin göstərişinə əsasən Filialda monitorinq keçirilmişdir. Həmin monitorinq zamanı iddiaçıya və digər əməkdaşlara əvvəlki kredit verilişlərinə dair suallar verilmişdir. İddiaçı və digər əməkdaşlar altı ay və daha çox müddət əvvəl bank müştərilərinə verilmiş kredit məslələrinə dair izahatlar vermişlər. Belə ki, monitorinq zamanı araşdırılan kredit verilmiş müştərilərin işləri xeyli müddət əvvəl olduğu üçün, bəzi nüansları tam xatırlaya bilməmişlər. Bu monitorinqdən bir həftə sonra, yəni 10 mart 2022-ci il tarixdə Cavabdeh ASC-nin İdarə Heyətinin 039/K nömrəli əmrinə əsasən iddiaçıyla 30 aprel 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin (ç) bəndini əsas tutaraq 10 mart 2022-ci il tarixdən xitam verimişdir. Həmin əmrə əsas olaraq da, iddiaçının izahatı və monitorinq haqqında aktlar göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 10 mart 2022-ci il tarixli 039/K nömrəli əmri tam əsassızdır və qanunvericiliyə uyğun deyildir. 10 mart 2022-ci il tarixli 039/K nömrəli əmr tamamən ləğv edilməli, həmin əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ləğv edilərək dəyişdirilməlidir. Bu səbəbdən də, iddiaçı bir neçə dəfə "xxxx" ASC-nin İdarə Heyətinə ərizə ilə müraciət etmişdir. Lakin bu müraciətlər cavabsız qalmışdır. Son olaraq ədaləti bərqərar etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Cavabdeh ASC İdarə Heyətinin 10 mart 2022-ci il tarixli 039/K nömrəli əmrinin ləğv edilməsi və həmin əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinin ləğv edilərək dəyişdirilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddianın mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan qiymət verilməsini məğbul bilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, əmək, hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publik xarakter daşımadığından, əmək münasibətlərindən yarandığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Həmin Məcəllənin 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Qanunvericiliyin tələbindən də görünür ki, əmək müqaviləsinin yenilənməsi, işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s fərdi əmək mübahisəsinin predmeti qismində çıxış edir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinə inzibati məhkəmə icraatında yox, mülki məhkəmə icraatında baxıla bilər. Məhkəmənin qənaətinə görə hazırkı halda da tərəflər arasında inzibati münasibətlər olmamış və bu səbəbdən də yaranmış mübahisə inzibati xarakterli deyil. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar