Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11887/2022 10.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 89 saylı sərəncamına əsasən qeyri-yaşayış binasının sökülərək, təqdim edilən layihə əsasında yenidən qurulmasına icazə verilmişdir. Bundan sonra layihəyə uyğun qeyri-yaşayış binası yenidən qurulmuşdur. İddiaçı qeyriyaşayış obyektinə dair çıxarışın alınması üçün ərizə ilə cavabdehə müvafiq sənədlərlə müraciət etmiş, lakin, ona imtina məktubu ilə çıxarışın verilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binası sökülərək yerində yenisi inşa edilmiş və qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin, tədqim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə təqdim edilmiş yerləşmə sxemi faktiki sahəyə uyğun deyil və torpaq sahəsi Dövlət mülkiyyətindədir. Həmçinin torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmişdir. Belə ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********33 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, ərazidən 3 metr məsafədən qaz xətti keçir. Həmçinin torpaq sahəsində layihədən kənar 258,0 kv.m 1 mərtəbəli tikili inşa edilmişdir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş“ Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5.-Cİ maddəsinə əsasən tikinti obyektində tikintiquraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir; 6-cı maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi: 6.1.tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli məktubu. - iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın surəti. - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 89 saylı xx.xx.2009-cu il tarixli Sərəncamının surəti. - qeyri-yaşayış sahəsinin Eskiz layihəsinin surəti. - 2278 nömrəli xx.xx.2022-ci il tarixli Müqavilənin surəti. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, qeyri-yaşayış binası sökülərək yerində yenisi inşa edilmiş, lakin tədqim edilmiş layihə əsasən faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə təqdim edilmiş yerləşmə sxemi faktiki sahəyə uyğun deyil və Dövlət torpağıdır, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən qeyri-yaşayış binası “X7 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Belə ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim olunmamışdır. Həmçinin, təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, qeyri-yaşayış binası sökülərək yerində yenisi inşa edilmiş və qeyriyaşayış binasının sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Həmçinin, tədqim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə təqdim edilmiş yerləşmə sxemi faktiki sahəyə uyğun deyil və torpaq sahəsi Dövlət mülkiyyətindədir. Həmçinin torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Bakı Şəhər İcra Hakimiyyətinin “Torpaq sahəsi ayrılması haqqında” 189 nömrəli xx.xx.1994-cü il tarixli Sərəncamına əsasən Binəqədi Rayon İcrra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 01.7/2415 №-li məktubu nəzərə alınaraq Binəqədi Rayon İctimaiiaşə trestinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonunun şimal hissəsində S.S.Axundov küçəsində kafe-dondurma layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2000-ci il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonunun şimal hissəsində S.S.Axundov küçəsində yerləşən daşınmaz əmlak "xxxx" Ko LTD Firmasına satılmış, xx.xx.2001-ci il tarixli Müqaviləyə əsasən isə həmin daşınmaz əmlak "xxxx" Ko LTD Firması tərəfindən İddiaçı satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda istifadədə olan 0.02344 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 89 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı mövcuddur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 89 saylı xx.xx.2009-cu il tarixli “8-ci mikrorayon S.S. Axundov və Ş. Məmmədova küçələrinin kəsişməsində yerləşən vətəndaş X3 məxsus qeyri-yaşayış binasının sökülərək, təqdim edilən layihə əsasında yenidənqurulmasına icazə verilməsi barədə” Sərəncamına əsasən Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov və Ş. Məmmədova küçələrinin kəsişməsində yerləşən vətəndaş X3 məxsus qeyri-yaşayış binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin obyektin təqdim edilən layihə əsasında yenidənqurulmasına icazə verilmişdir. Göründüyü kimi, ünvan 3 ünvanda yerləşən tikili artıq mövcud olmuşdur və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 89 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı ilə qeyri-yaşayış binasının sökülərək, təqdim edilən layihə əsasında yenidənqurulmasına icazə verilmişdir. İş materiallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qeyri-yaşayış binasının layihəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olması, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə təqdim edilmiş yerləşmə sxeminin faktiki sahəyə uyğun olmaması, torpaq sahəsində layihədən kənar 258,0 kv.m 1 mərtəbəli tikili inşa edilməsi, həmçinin sözügedən qeyri-yaşayış binası “X7 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmin dəlillər mövcud qanunvericiliyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün əsas kimi nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında torpaq sahəsinin Dövlət mülkiyyətində olmasını qeyd etsə də, həmin torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin qərarının təqdim edilməməsini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair bələdiyyənin qərarı təqdim edilməsinin tələb edilməsi əsassızdır. Həmçinin, cavabdeh inzibati orqannın tabe olduğu daha yuxarı orqan olan Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin torpaq sahəsi icarə şərti ilə iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifələrindən biridir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır, qeyd edilən dəlillər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Məhkəmə cavabdehin “ərazidən 3 metr məsafədən qaz xətti keçir” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan göstərilənlərə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin ərazinin yaxınlığından qaz xətti keçməsi şərti olaraq qəbul edilsə belə, müvafiq qanunvericilikdə torpaq sahəsindən istifadə edilmənin qaydalarını müəyyən etməklə həmin torpaq sahəsi şəxsin mülkiyyətində qalır. Qeyd edilən hal da həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" Qaydalarının 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, qaz kəmərlərinin mühafizə zonalarına daxil olan daşınmaz əmlakın istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Beləliklə, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” 18 mart 2015-ci il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda), 8.0.10.2-ci və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair icra hakimiyyəti orqanının müvafiq sərəncamının olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, həmçinin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlaka dair müvafiq sərəncamın olması, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması, həmçinin daşınmaz əmlakın layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev