Məhkəmə qərarları › İş №2-1(112)-11890/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11890/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11890/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Hazırlıq icraatının gedişində Bakı İnzibati Məhkəməsinin 02.11.2021-ci il tarixli 2-1(112)-11890/2021 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Süleymanova (Əmiraslanova) Fəridə qızı və X8 arasında 27.02.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, 3/33 saylı evdə yerləşən yaşayış sahəsi 29.7 kv.m olan, iki otaqlı, 20 saylı mənzilə dair notarial qaydada təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* №-li Çıxarışına əsasən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Lakin mənzildə X6 qeydiyyatda qalmışdır. “BŞİH- 33” Mənzil-tikinti kooperativi tərəfindən verilmiş arayışdan da görünür ki, X1 mənzildə qeydiyyatda olmasına baxmayaraq 10 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Belə ki, iddiaçıya məxsus həmin mənzildə X4 qeydiyyatda olması sahiblik, istifadə və sərəncam vermək hüquqlarının tam olaraq həyata keçirilməsinə mane olur. Dəfələrlə ona müraciət edilməsinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu səbəbdən də cavabdehə rəsmi qaydada müraciət edilmiş, lakin aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçının əri və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh olan inzibati orqan məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 2 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 13.10.2021-ci il tarixli arayışdan görünür ki, X6 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, ev 3/33, 20 saylı mənzildə qeydiyyatdadır. - Bakı Şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26.10.2021-ci tarixli 059-39996S-3221 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X4 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. - İddiaçıya məxsus AZ-İ № 781222 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 24.08.2012-ci il tarixdə nikah bağladıqdan sonra Süleymanova soyadını qəbul etmişdir. - Bakı şəhər 11 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 27.02.2009-cu il tarixli, 4Ə/1-35 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 27.02.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, 3/33 saylı evdə yerləşən yaşayış sahəsi 29.7 kv.m olan, iki otaqlı, 20 saylı mənzili Süleymanova (Əmiraslanova) Fəridə qızına satmışdır. Satıcı 3 ay ərzində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. - “BŞİH-33” Mənzil-tikinti kooperativi tərəfindən verilmiş arayışdan görünür ki, X6 ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq 10 ildən çoxdur ki, həmin mənzildə yaşamır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət X5 MH ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsində istifadədə olan 0.1192 ha torpaq sahəsində yerləşən 3/33 nömrəli, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, - kv.m ümumi, 29.7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 905 nömrəli reyestr kitabının 84134 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.11.2021-ci il tarixli **********40 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi, ev 3/33, 20 saylı mənzil Bakı şəhər 11 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 27.02.2009-cu il tarixli, 4Ə/1-35 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 04.06.2009-cu il tarixində X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, ünvan 2 üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. Üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxsin uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 28 və 80-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7DRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar