Məhkəmə qərarları › İş №2-1(112)-11895/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11895/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11895/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə (bundan Xəzər RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. O, xx.xx.2004-cü ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra X3 özünə məxsus başqa evdə yaşamış və üçüncü şəxs 2004-cü ildən 2023-cü ilədək başqa ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Lakin 2023-cü ildə X2 qeydiyyata düşməyə ünvanı olmadığından, onun ərizəsi əsasında, nikaha daxil olmazdan əvvəl əldə etdiyi mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Lakin 2023-cü ildən hal-hazırkı vaxtadək X2 ona məxsus mənzildə yaşamamış, hal-hazırda da yaşamır. Qeyd olunan şəxsin onun xüsusi mülkiyyətində olan evə dair hər hansı hüququ istifadə və ya sahiblik hüququ yaranmamışdır. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Qeyd edilən üçüncü şəxs X2 onun xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdır. Həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Xəzər RPİ-yə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47ci maddəsinə uyğun olaraq məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xəzər RPİ-nin və üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, üçüncü şəxs isə gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 30/8501 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8 B-2, 40 saylı mənzil İbrahimova (hazırda Qurbanova) Samilə Böyük-Ağa qızının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə “Asan 5” tərəfindən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 ünvan 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ № 102733 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X3 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağılanması haqqında akt qeydləri kitabında 2023-cü ilin iyul ayının 04-cü günündə 378 № ilə qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş; Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 1668/2024 nömrəli məktubundan görünür ki, vətəndaş X1 xx.xx.2023-cü il tarixdə sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, ünvan 2 ünvanına X1 yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir. Xəzər RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45/2-20521/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1944-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda ünvan 2 ünvanının hazırda İddiaçı xüsusi mülkiyyətində olduğu və həmin ünvan üzərində X1 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar olunmadığı göstərilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Xəzər RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-45/2-Q-135xx/xx/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının anununun 5-ci maddəsinə əsasən məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının hüquqi marağı ailə üzvü (əri - X3) olmaqla üçüncü şəxsin mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. İstinad olunan həmin qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun normalarında şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq göstərilmişdir. Həmin normaya əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Nəzərə almaq lazımdır ki, yaşayış sahəsindən çıxarılmaya dair qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun mövcud olmadığının müəyyən edildiyi təqdirdə qəbul olunur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub, orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün sonuncunun yaşayış sahəsindən çıxarılması barədə müvafiq məhkəmədə iddia qaldırmalıdır. Şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas qismində çıxış edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X3 ilə iddiaçı X4 arasında xx.xx.2024-cü il tarixdə nigah bağlanmışdır. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində isə İddiaçı xüsusi mülkiyyət hüquqları 2003-cü ildə qeydiyyata alınmışdır. X3 xx.xx.2023-cü il tarixdə mübahisəli ünvanda yerləşən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İşin hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və əri olan üçüncü şəxs X1 isə həmin mənzilə istifadə hüququ vardır. Yuxarıda qeyd olunan normaların təhlilində görünür ki, X1 ünvan 2 ünvanına istifadə hüququ yaranmışdır və göründüyü kimi, X3 iddiaçının ailə üzvü (əri) olmaqla, onun mübahisəli yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi təqdim olunmamışdır. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Beləliklə məhkəmə hesab edir ki, adı çəkilən üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar