Məhkəmə qərarları › İş №2-1(112)-11900/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11900/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11900/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixdən təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və ona ali təhsil müddətini əhatə edən aylar qismində 1983-2006-cı illərin avqust-sentyabr ayları da nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixdən təyin olunan əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyilması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il təvəllüdlüdür. xx.xx.1990-cı il tarixdən əmək fəaliyyətinə başlamış bugünkü günə qədər qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. xx.xx.1984-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Ümumilikdə 37 ildən çox sığorta stajı vardır. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Texniki Universitetdə ali təhsil almışdır. 1986-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra universitetə davam etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixindən etibarən avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fonduna pensiyanın yenidən hesablanması tələbi ilə bağlı müraciət etmiş, lakin, onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən pensiya yenidən hesablanarkən ali təhsil müddəti düzgün nəzərə alınmamışdır. Belə ki, ali təhsil müddətini əhatə edən aylar qismində yalnız sentyabr-iyun ayları nəzərə alınmış, iyul və avqust ayları isə nəzərə alınmamışdır. Ona görə də, cavabdeh inzibati orqan tərəfindən ali təhsil müddəti tam nəzərə alınmaqla pensiyanın məbləği yenidən hesablanmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya xx.xx.2024-cü il tarixli yazılı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixindən 1111,88 manat məbləğində avtomatlaşdırılmış qaydada əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1984- cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 22 il 1 ay 2 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən tarixdən xx.xx.2023-cü il tarixədək (16 il 9 ay sığorta stajına uyğun olaraq) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 118529.70 manat pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 1149,04 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 1277,72 manata çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək orqanizmin funksiyalarının pozulma faizi 80 faiz müəyyən edilməklə əlillik təyin edilmişdir. İşdən görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, əyani təhsil arayışına və əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1983-xx.xx.2006-cı illərdə ardıcıl fasiləsiz olaraq işləməsi, ümumi stajın 22 il 4 ay 5 gün olması nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya avtomatlaşdırılmış qaydada təyin edilərkən xx.xx.2006-cı il tarixinədək 22 il, 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən 16 il 9 ay sığorta stajına uyğun olaraq 118372, 24 manat pensiya sığorta kapitalı tam şəkildə nəzərə alınmışdır. Aylıq pensiyasının məbləği dəyişmir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-261865/2024 nömrəli məktubundan görünür ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək təhsil dövrləri, xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək hərbi xidmət müddəti, xx.xx.1990-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək 22 il 1 ay 2 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək (16 il 9 ay sığorta stajına uyğun olaraq) 118529,70 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 1149,04 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 1277,72 manata çatdırılmışdır. İddiaçı hazırda cavabdehin bu hesablaması ilə razılaşmayaraq, hərbi xidmətdən qayıtdığı xx.xx.1986-cı ildən Azərbaycan Texniki Universitetinə bərpa olunduğu xx.xx.1986-cı il tarixədək olan bütün dövrün, fasiləsiz olaraq onun sığorta stajına daxil edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 54 nömrəli arayışından görünür ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. SSRİ Müdafiə Nazirliyinin xx.xx.1986-cı il 68№ li əmrinə əsasən SQ-in ehtiyatına buraxılmışdır. Azərbaycan Texniki Universitetinin 0xx.xx.2023-cü il tarixli, 573 nömrəli arxiv arayışından görünür ki, o həqiqətən 125-U(p) nömrəli xx.xx.1983-cü il tarixli əmrə əsasən C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universiteti) Radiotexnika" fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr №333a). 140-U(p) nömrəli xx.xx.1984-cü il tarixli əmrə əsasən növbəli kursa keçirilərək, hərbi xidmətə çağırışla əlaqədar İnstitutun tələbələri sırasından xaric edilmiş (2 kurs), 109-U(p) nömrəli xx.xx.1986-cı il tarixli əmrə əsasən hərbi xidmət müddətin başa çatması ilə əlaqədar İnstitutun tələbələri sırasına (əyanı şöbəsi, qr.№ 335a, 2 kurs) bərpa olmuş. 239-T(s) nömrəli xx.xx.1990-cı il tarixli əmrə əsasən İddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyanı şöbəsinin "Radio rabitəsi və radio verilişi ixtisası üzrə bitirmiş və ona УВ-l № 110205 nomrəli radio rabitəsi və radio verilişi mühəndis diplomu verilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci ıl tarixli Qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.1984-cü il tarixli əmrə əsasən növbəli kursa keçirilərək, hərbi xidmətə çağırışla əlaqədar İnstitutun tələbələri sırasından xaric edilmiş, xx.xx.1986cı ildə hərbi xidmətdən ehtiyata buraxılmış, məhz xx.xx.1986-cı il tarixli əmrə əsasən hərbi xidmət müddətin başa çatması ilə əlaqədar İnstitutun tələbələri sırasına bərpa olmuşdur. Belə olan halda aydındır ki, iddiaçı xx.xx.1986-xx.xx.1986-cı illərdə nə hərbi xidmətdə olmuş, nə də təhsil almamışdır, buna görə də həmin müddətin iddiaçının əmək stajına daxil edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar