Məhkəmə qərarları › İş №2-1(112)-11901/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11901/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11901/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) dair cizgi (plan ölçü) və müvafiq komissiyanın rəyinin verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı evdə yerləşən, sahəsi 51,4 kv.metr olan, 106 saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan mənzil DƏDRX-nin ******* nömrəli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən 619 nömrəli, 08 noyabr 2005-ci il tarixli Sərəncam əsasında ona məxsus mənzildən “Ticarət obyekti” kimi istifadə olunmağına icazə verilmişdir. Həmin vaxtdan da mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir və bugünədək də qonşulardan və digərlərindən mənzili “Ticarət obyekti” kimi istifadə etməyi ilə bağlı heç bir şikayət olmamışdır. Qanunvericiliyə uyğun olaraq sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən müvafiq sənədləri toplayarkən cavabdehə müraciət edərək cizgi (plan-ölçü) və müvafiq komissiyanın rəyinin təqdim olunmasını xahiş etmişdir. Cavabdehin 5-18/2-M-356-091/2024 nömrəli,16 iyul 2024-cü il tarixli məktubu ilə ona bildirilib ki, sözügedən mənzil yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən müraciətinin müsbət həlli imkan xaricindədir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, ona məxsus mənzildən “Ticarət obyekti” kimi istifadə olunmağına icazə verildikdən sonra faktiki mənzil yaşayış sahəsi kimi deyil qeyri-yaşayış sahəsi kimi istifadə olunub. Hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşı mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, hazırda iddiaçının iddia etdiyi yaşayış sahəsi faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçının qeyri-yaşayış sahəsinə keçirmək istədiyi mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin bina 9 mərtəbədən ibarət olmaqla panel konstruksiyadan yığılmış binadır. Buna görə də, həmin binada yerləşən hər hansı mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması aidiyyatı qurumlarla razılaşdırılmaq şərti ilə texniki normaların təhlükəsizlik sahəsində qanunvericiliyin ilk növbədə gözlənilməsi şərti ilə aparılmasına yol verilir. Lakin iddiaçı qanunvericiliyin tələblərinə əməl etmədən özbaşına yenidən qurma işləri aparmışdır. Aparılmış yenidən qurma işləri binanın dayanaqlığına, habelə orada yaşayan sakinlərin təhlükəsizliyinə nə dərəcədə cavab verdiyi sual altındadır. İddiaçı heç bir razılıq almadan mənzilə gediş-gəliş üçün yeni qapı açaraq şəhərsalma haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməlidir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 16 iyul 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Cavabdeh başçısının 619 saylı 08 noyabr 2005-ci il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 saylı evin 106 saylı mənzili yaşayış fondundan çıxarılaraq qeyriyaşayış sahəsinə keçirilmədiyindən xahişinin təmin edilməsi imkan xaricindədir. Belə ki, sözügedən sərəncamla iddiaçıya məxsus mənzildən yalnız ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 iyun 2024-cü il tarixli məktubu ilə Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 619 saylı sərəncamının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 08 noyabr 2005-ci il tarixli, 619 nömrəli Sərəncamı ilə vətəndaş X2 Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı evin, 106 saylı mənzilindən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Vətəndaş Q.M.Hüseynova fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq obyektdə sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmasının təmin edilməsi tapşırılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2, mənzil 106 iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 2, mənzil 106ya dair xx.xx.2018-ci il tarixdə texniki pasport tərtib edilmişdir. “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 172 saylı mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 106 saylı mənzil faktiki (Obyekt) qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi göstərilən ünvanda yerləşən “Ticarət obyekti”nin (mənzilin) gediş-gəliş yolu Sülh küçəsi istiqamətindədir. Mövcud gediş-gəliş yolu qonşu mənzil (Obyekt) mülkiyyətçilərinin mülkiyyətlərindən istifadəyə hər hansı maneçilik törətmir. ünvan 2 ünvanında yerləşən 106 saylı mənzilin (Obyektin) bloka açılan qapısı faktiki istifadə olunmur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən tədqiq olunan obyektlə qonşu sırada yerləşən digər mənzillər faktiki qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir (20.1). Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir (20.2). Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir (20.3). Qeyd edilən normaların məzmunundan göründüyü kimi yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün həmin qeyri-yaşayış sahəsinin ayrıca (yaşayış sahələrinə aid olmayan) gediş-gəliş imkanı olmalı, həmin sahə mənzilin tərkib hissəsi kimi qalmamalı, həmin sahənin mülkiyyətçisi tərəfindən yaşayış yeri kimi istifadə olunmamalı, başqa şəxslərin hüquqları ilə yüklü edilməməli, çoxmənzilli binanın tərkib hissəsi olduqda binanın birinci mərtəbəsində yerləşməli, yuxarı mərtəbələrdə yerləşdikdə isə həmin sahənin altında yaşayış sahəsi olmamalıdır. İş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 106 saylı mənzil iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil yaşayış sahəsi olsa da faktiki olaraq qeyriyaşayış sahəsi (obyekt) kimi istifadə olunur. “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli, 172 saylı mütəxəssis rəyində ünvan 2 ünvanında yerləşən 106 saylı mənzil faktiki (Obyekt) qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi göstərilən ünvanda yerləşən “Ticarət obyekti”nin (mənzilin) gediş-gəliş yolu Sülh küçəsi istiqamətindədir. Mövcud gediş-gəliş yolu qonşu mənzil (Obyekt) mülkiyyətçilərinin mülkiyyətlərindən istifadəyə hər hansı maneçilik törətmir. ünvan 2 ünvanında yerləşən 106 saylı mənzilin (Obyektin) bloka açılan qapısı faktiki istifadə olunmur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən tədqiq olunan obyektlə qonşu sırada yerləşən digər mənzillər faktiki qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu göstərilmişdir. Göründüyü kimi həmin sahənin ayrıca giriş-çıxışı da mövcuddur. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (21.1). Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı (21.2). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir (21.3). Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir (21.4). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır (21.5). İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə qanunla müəyyən edilmiş qaydada cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçının müvafiq icazə almadan həmin ünvanda yenidənqurma işlərinin aparılmasına əsaslanaraq ona imtinacavabı vermişdir. Mənzil Məcəlləsində göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda (22.1). Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır (22.2). Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər (22.3). Cavabdeh həmin yaşayış sahəsində özbaşına yenidənqurma işlərinin aparıldığını bildirsə də, həmin yenidənqurma işlərinin nədən ibarət olması və tikinti normaları ilə hansı ziddiyyət təşkil etməsini əsaslandırmamışdır. Eyni zamanda iş üzrə mütəxəssis rəyində göstərilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsi təyinatlı sahəyə dəyişdirilməsi zamanı aparılmış təmir-bərpa işləri binanın xarici görünüşünə, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərinə uyğunlaşdırılmışdır. Mənzilin ön və arxa divarları boyu binanın ümumi texniki parametrlərindən kənaraçıxmalar mövcud deyil. Göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən həmin yaşayış sahəsindən qeyi-yaşayış sahəsi kimi istifadə edilməsi ilə bağlı 2005-ci ildə sərəncam verilmişdir və həmin vaxtdan həmin sahə qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Həmin sahənin qeyriyaşayış sahəsi kimi istifadə edilməsi binanın dayanıqlılığına ziyan vurduğu və digər sakinlərin hüquqlarını pozduğu halda cavabdeh tərəfindən onun qeyri-yaşayış sahəsi kimi istifadə edilm\əsinə icazə verilməzdi. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı evdə yerləşən, sahəsi 51,4 kv.metr olan, 106 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı evdə yerləşən, sahəsi 51,4 kv.metr olan, 106 saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar