Məhkəmə qərarları › İş №2-1(112)-11902/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11902/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11902/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 351 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında 1989-cu ildə iddiaçının adına alınmışdır. Həmin torpaq sahəsinin keçmiş mülkiyyətçisinin mülkiyyət hüquqları müvafiq orqan tərəfindən qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi Ermənistan Respublikasının vətəndaşı olduğuna görə 1989-cu ildə Azərbaycan Respublikasını tərk etmiş və həmin dövrdən torpağı adına özəlləşdirək müvafiq orqan tərəfindən qeydiyyata alınmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən çox olduğu müəyyən edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan xx.xx.1989-cu il tarixli 30/2830 saylı qeydiyyat şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin arxiv qovluğu və evin ilkin müayinə aktı məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri X4 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 32/760 saylı qərarına əsasən ünvan 1 ünvanında, 351 kv.metr torpaq sahəsində yerləşən 4 otaqlı yaşayış evi üzərində X1 şəxsi mülkiyyət hüququ tanınaraq rəsmiləşdirilmişdir. Bakı şəhər Büro Texniki İnventarizasiyasının xx.xx.1988-ci il tarixli aktına əsasən evə yerində baxış keçirilmiş və istismara yaralı olması müəyyən edilmişdir. X1 adına verilmiş 1980-ci il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 351 kv.metr təşkil edir. 15 avqust 1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 tərəfindən iddiaçıya satılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hüquq müəyyənedici sənəd üzrə 109 kv.metr, faktiki sta=215 kv.metr – 2 mərtəbə təşkil edir. Həmin evin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 351 kv.metr, faktiki 448.8 kv.m təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi texniki pasporta əsasən 351 kv.m olsa da, faktiki olaraq 400,7 kv.m təşkil edir. Arxiv texniki pasportu ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Sahənin yaxınlığından 10 m məsafədən elektrik xətti keçir. Göstərilən torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən izahlı baş plan rəyə əlavə olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən hasarboyu 159.0 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir. Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Bundan başqa, arxiv texniki pasportu ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.[daşınmaz əmlak sertifikatıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində” yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)” qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh öz etiraz ərizəsində iddiaçının torpaq sahəsində yerləşən fərdi ev üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etdiyini və ona xx.xx.2023-cü il tarixli məktubla cavab veridlyini bildirmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçının tiroaq sahəsi ilə bağlı da cavabdehə müraciət etdiyi və ona imtina cavabı verildiyi müəyyən edilir. İmtinanın əsasını isə arxiv texniki pasportu ilə faktiki vəziyyət arasında fərq olması və torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. Göründüyü kimi iddiaçının hazırda iddia etdiyi 351 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi ev 1978-ci ildə verilmiş texniki pasport əsasında X3 fərdi ev üzərində mülkiyyət hüququ əldəe dərək həmin evə iddiaçıya satmışdır. Hazırda həmin ev müvafiq qeydiyyat vəsiqəsinə əsasən iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, X1 iradə ifadəsi fərdi evlə birlikdə onun yerləşdiyi torpaq sahəsinin də iddiaçıya satılması olmuşdur. Çünki fərdi ev və yerləşdiyi torpaq sahəsi vahid tamlıq təşkil etməklə mürəkkəb əmlak kateqoriyasına aiddir. “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, mübahisənin predmeti torpaq sahəsi üzərində mülkiyyət hüququdur. Fərdi yaşayış evinin hündürlüyünün şəhərsalma və tikinti normalarına uyğun olub-olmaması isə ayrı hüquqi münasibətlərə aiddir. Tikilinin hündürlüyü ilə bağlı mümkün pozuntu torpaq sahəsinin mülkiyyət hüququnun tanınmasına və ya qeydiyyatına əsaslı maneə hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 351 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 351 kv.metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar