Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11911/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilin onun adına tam mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlər reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21 a, mənzil 73-də yaşayır. Yaşadığı bina əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. Yaşayış yeri olmadığı üçün 1985-cı ildə mənzil növbəsinə dayanmışdır. AR DNŞ-nin rəhbərliyinin xx.xx.2010-cu il tarixli 9 nömrəli protokolunun çıxarışı əsasında uzun müddət mənzilin alınmasını gözləmişlər. xx.xx.2011-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 9 mərtəbəli 21 a saylı binada onlara 5-ci giriş 1ci mərtəbədə 3 otaqlı sahəsi 53,04 kv. olan 73 saylı mənzil verilmişdir. Onun adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 286 nömrəli sərəncamı verilmişdir. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin İdarənin xx.xx.2023-cü il tarixli **********48 saylı məktubu ilə müraciətinə imtina edilmişdir. Hesab edir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəliəşdirilməsinə dair müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazında qeyd olunmuşdur ki, ünvan 1, 73 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyəti Başçısının 286 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 86.5 kv.m. təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X9 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin halları İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı aid 11 may 1981-ci ildə doldurulmuş İT –İ seriyalı ******* №li əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) olan məlumatlara əsasən o, xx.xx.1981-ci ildə xx.xx.2013-cü il tarixədək “Bibiheybətneft (keçmiş 26 Bakı komissarı adına)” NQÇİ-də işləmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2010-cu il tarixli, 9 №-li Protokolundan (notarial qaydada təsdiq olunmuş surəti) müəyyən olunur ki:
42. Siyahı üzrə 42-ci sırada “Bibiheybətneft” NQÇİ-nin işçisi İddiaçıdur. O, xx.xx.1985-ci ildə mənzil uçotuna götürülüb. 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, gəlini, nəvəsi) S.İbrahimxəlilov küçəsi, ev 4, yataqxanada yaşayırlar. 1995-ci ildə Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 4 otaqdan ibarət 50,47 kv. m. yaşayış sahəsi olan mənzil verilmişdir. Həmin mənzil zəbt edildiyindən o, bu mənzilə köçə bilməmiş və mənzil uçotu bərpa edilmişdir. İddiaçı 3 nəfər ailə tərkibi ilə mənzil almaq hüququ vardır. 6 nəfər ailə tərkibi ilə yataqxanada yaşamasını və yataqxananı boşaltmaq şərti ilə növbəlik əsasında siyahı üzrə 42-ci olan İddiaçı bölgüsü aparılan ünvan 3 ünvandan giriş 5, mərtəbə 1, 3 otaqdan ibarət 53,04 kv.m. yaşayış sahəsi olan 73 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. Qərara alındı: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi -21 a nömrəli evin, giriş 5, mərtəbə 1, mənzil 73, yaşayış sahəsi 53,04 kv.m. olan 3 otaqlı mənzil İddiaçı 6 nəfərdən ibarət (özü - İddiaçı, arvadı - X11, oğlu - X6, oğlu - X7, gəlini - X4, nəvəsi - X8) ailə tərkibinə verilsin. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 59 №-li arayışdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, xx.xx.1964-cü il təvəllüdlü X11, xx.xx.1986-cı il təvəllüdlü X6, xx.xx.1991-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 ünvan 3, mənzil 73 ünvanında yaşayırlar. Şəxsi hesab xx.xx.2011-ci ildə açılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ünvan 3, mənzil 73 ünvanında yerləşən mənzilə dair cizgi tərtib edilmişdir. xx.xx.1964-cü il təvəllüdlü X11 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən müəyyən olunur ki, ünvan 3, mənzil 73 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə, reyestrdən çıxarışın alınmasına razılıq vermişdir. xx.xx.1986-cı il təvəllüdlü X6 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən müəyyən olunur ki, ünvan 3, mənzil 73 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə, reyestrdən çıxarışın alınmasına razılıq vermişdir. xx.xx.1991-ci il təvəllüdlü X3 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən müəyyən olunur ki, ünvan 3, mənzil 73 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə, reyestrdən çıxarışın alınmasına razılıq vermişdir. Həm məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, № 3-48-2F/2-05323/2023 saylı məktubu ilə, həm də iddiaçı tərəfindən notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısına ünvanlanmış xx.xx.2011-ci il tarixli, 29-3752BB №-li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixində keçirilmiş birgə iclasının qərarına əsasən mənzil uçotunda olan işçilərin bir qisminin mənzil uçot məsələlərinə baxılmışdır. Qəbul edilmiş qərarın təsdiqlənməsi üçün mənzil uçot qovluqları göndərilmişdir. Mənzillə təmin edilirlər: ........
23. İddiaçı.
Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” xx.xx.2011-ci il tarixli, 286 №-li Sərəncamında göstərilmişdir ki; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 29- 3752 BB saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli birgə iclasının (pr. № 9) qərarına əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə İddiaçı, ..... və qeyrilərinin mənzil ilə təmin edildikləri, mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərə alaraq ..... qərarın təsdiq olunması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli, 29 - 3752 BB saylı məktublarını və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının 02.12.201 1-ci il tarixli rəyini (pr.№ 14) nəzərə alaraq:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublikası Komitəsinin xx.xx.2020-ci il tarixli, 9 saylı protokolu ilə adları aşağıda qeyd edilən mənzil verilmiş, mənzil növbəsindən çıxarılan işçilərin siyahısı təsdiq edilsin.
2. İddiaçı 6 nəfər ailə üzvü ilə (özü, arvadı, iki oğlu, gəlini və nəvəsi) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a saylı evin, giriş 5, mərtəbə 1, yaşayış sahəsi 53,04 kv.m. olan 3 otaqlı, 73 saylı mənzili verilsin. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDKR 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 3-21-3-02/2-Ş-0034-8/2023 №li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, müraciətə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 20 dekabr 2011-ci il tarixli, 286 saylı sərəncamı 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 1 oktyabr 2009-cu il tarixindən sonra dövlət mənzil fondundan verilmiş yaşayış sahələri üzərində yalnız istifadə hüquqları qeydiyyata alına bilər.
Tətbiq olunan hüquq.
Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olduğundan və iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair sərəncamın 2009-cu il tarixdən sonra verildiyini və bu münasibətin xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 286 nömrəli xx.xx.2011-ci il tarixli Sərəncamına əsasən mübahisəli mənzillə əlaqədar ilkin mənzil münasibətləri iddiaçı ilə 2009-cu ildən əvvəl yaranmış, sonradan yenilənərək davam etdirilmişdir. Belə ki, iş materiallarından da müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə mənzil uçotuna götürülmüş, 1995-ci ildə ona Lökbatan qəsəbəsi, 1595-ci keçid, ev 13, 4 otaqdan ibarət 50,47 kv.m yaşayış sahəsi olan mənzil verilmiş və həmin mənzil zəbt edildiyindən o, bu mənzilə köçə bilməmiş və mənzil uçotu bərpa edilmişdir. Nəticədə isə iddiaçı 2011-ci ildə mənzillə təmin olunmuşdur. Ona görə də həmin imtina qanuni sayıla bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 73 saylı mənzilin xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev