Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11913/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “təmir işlərinin dayandırılması və qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək zirzəmidə aparılan təmir işlərinin dayandırılması, çəkilmiş, təsdiq olunmuş razılıq alınmadan qanunsuz sxem-plan, çertyoj və qeydiyyat sənədlərinin ləğv olunması, Bakı şəhər departamentinin rəhbərliyinə belə hallara yol verməmələri haqda xəbərnamə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəcəf Nərimanov 5A ünvanında yerləşən mənzil- 1, 2 və 3 saylı mənzillər iddiaçının şəxsi mülkiyyətindədir. Beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən üç mənzilin alt hissəsindəki zirzəminin qeyri-yaşayış sahəsinin zəbt olunmasına dair qanunsuz, onun razılığı olmadan sənəd verilmişdir. Nəticədə iddiaçının yaşam rifahı pozulmuşdur. Nəcəf Nərimanov 5, 5A və 7 saylı binalar bitişik və uzununa halda olan köhnə binadır. Orada 5 və 7 saylı binanın zirzəmisi qeyd olunaraq vətəndaşa verilmişdir. Ona görə də, iddiaçının 1, 2 və üç saylı mənzilləri yerləşən 5A nömrəli binanın alt zirzəmisində qeyri-yaşayış sahəsində aparılan tikinti dayandırılmalı, qeydiyyatdan keçirilib reyestrə salınmış bu kimi plan-sxemlər ləğv olunmalıdır. Cavabdehə gələcəkdə çıxarılan qanuni qətnamə əsasında əhalinin rifahının hər şeydən önəmli olması xəbərdarlığı olunmalıdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia tələbinə münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı səbəblərdən iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 311 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon MKTB-nin balansında olmuş 474.8 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 6353 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X1 icarəsinə verilmişdir. Daha sonra X4 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 474.8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2008-ci il tarixli, 337 nömrəli sərəncam verilmiş və Komitə ilə Cavid Qasımov arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 2812 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən qeyd olunan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmişdir. Bildirilir ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyriyaşayış sahəsinə dair Komitə tərəfindən qeyd olunan sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahə üzərində hər hansı hüququ mövcud olmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, on altı il ərzində mübahisə predmeti olan əmlak Cavid Qasımovun icarəsində, daha sonra mülkiyyətində olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu bildirilmişdir. Qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının digər tələblərinin Əmlak Məsələləri Dövlət Xidmətinə hər hansı aidiyyəti olmadığından, həmin tələblər üzrə Xidmət cavabdeh qismində çıxış edə bilməz. Beləliklə, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 196491 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5”a”, mənzil 3 iddiaçı X2 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ÖM seriyalı, 218327 №-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5”a”, mənzil 2 iddiaçı X2 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ÖM seriyalı, 218404 №-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5”a”, mənzil 1 iddiaçı X2 adına qeydiyyata alınmışdır. -Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 6353 №-li icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2007-ci il tarixli, 311 saylı sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 474.8 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə “İcarəçi” – X1 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Nərimanov rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (5/zirzəmi) barədə X4 ilə icarə müqaviləsi bağlanmışdır. -İcarəçilərə 100 faiz dəyəri ilə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əmlakının siyahısından görünür ki, Nərimanov rayon MKTB-nin balansında olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisi xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında X3 icarəyə verilmişdir. -xx.xx.2008-ci il tarixli, 2812 №-li İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “Alıcı” X1 Komitə ilə bağladığı xx.xx.2007-ci il tarixli, 6353 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü qeyri-yaşayış sahəsi “Satıcı” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ona birbaşa satılmışdır. -Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X3 verilmiş xx.xx.2008-ci il tarixli, 004097 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamənin surətindən görünür ki, o, həqiqətən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətində olmaqla, paylı mülkiyyətdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qeyri-müəyyəndir. Bununla bağlı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi və vəkilinə tələbin dəqiqləşdirilməsi və iddiaçının subyektiv hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin çatışmazlıqlar aradan qaldırılmamışdır. İddianın məzmunundan görünür ki, iddiaçı Nəcəf ünvan 6 ünvanında yerləşən mülkiyyətində olan 1, 2 və 3 saylı mənzilin alt hissəsindəki qeyri-yaşayış sahəsinin reyestrdə qeydiyyata alınmasının qanunsuz hesab edilməsini və həmin qeyri-yaşayış sahəsində aparılan tikinti işlərinin dayandırılmasını tələb edir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçüncü şəxs X1 paylı mülkiyyətindədir. Lakin iddiaçı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və digər əlaqəli sənədləri mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyini əsaslandıra bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırkı halda iddiaçının mövcud iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsində aparılan tikinti işlərinin onun rifahını pozduğuna görə dayandırılması ilə bağlı tələbi qonşuluq hüququ münasibətlərindən irəli gəldiyindən və mübahisə mülki xarakterli olduğundan iddiaçının ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi üçün müvafiq tələblə iş üzrə üçüncü şəxsə qarşı aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək imkanı vardır. Beləliklə, aparılmış qiymətlənidrmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11913/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11913/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver