Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11914/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusuna malikdir və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin imtina imtina verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədilyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydadalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən atası - Qanuni nümayəndə adına verilmiş xx.xx.2004-cü il tarixli AA№ 085793 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə onun Qubadlı rayonundan məcburi kökün düşmə faktı təsdiqlənir. Həmçinin Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sabunçu Rayonu sektoru tərəfindən verilmiş № 2133 saylı, xx.xx.2022-ci il tarixli ayarışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir və ünvan 2 ünvanında sentyabr ayı 1993-cü idən məskunlaşaraq, həmin ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Lakin cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan tez zamanda qərar vermiş və haqsız olaraq imtina vermişdir. Məhz bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçının atası Qanuni nümayəndə “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş ‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. Bildiririk ki, həyat yoldaşınız X5 qeydiyyatı ünvan 3 ünvanında olduğundan istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir”. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (gəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 4i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı anası X6 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı anası X5 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, İddiaçı anası X5 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının anası X5 qeydiyyatının ünvan 6 ünvanında olmasına görə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilərək iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. -AA******* nömrəli şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, iddiaçının atası Qanuni nümayəndə xx.xx.1972-ci ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulmuşdur. Yaşayış yeri ünvan 4i ünvanıdır. -ASAN 5-1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası X6 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 6 ünvanıdır. -ASAN 6 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AA seriyalı, 085793 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. -Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AA seriyalı, 491848 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçının qardaşı X7 məcburi köçkün statusu verilmişdir. -Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2133 №-li arayışın surətindən görünür ki, Nəzərov X9 rayonundan məcburi köçkündür, hazırda ünvan 8 ünvanında məskunlaşmışdır. -Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qanuni nümayəndə 1993-cü ilin avqust ayının 31-ə kimi Qubadlı rayonunda qeydiyyatda olmuş, rayon işğal olunduqdan sonra məcburi köçkün düşmüş, hal-hazırda ünvan 10 ünvanında müvəqqəti məskunlaşmışdır. -Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının qeydiyyatda olduğu Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 03 avqust 2023-cü il tarixli, 11-17/116 saylı arayışına əsasən İddiaçı və qardaşı X11, ataları Qanuni nümayəndə yemək xərci müavinəti alırlar. Qeyd: Anaları X1 qeydiyyatda olmadığı üçün Dövlət tərəfindən verilən aylıq yemək xərci müavinəti almır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı atası 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün statusuna və vəsiqəsinə malikdir. Eyni zamanda cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının qardaşı X7 Qubadlı rayonundan məcburi köçkün kimi məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. İddiaçı hazırda ünvan 2-də ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət alır. İddiaçı hazırkı tələblə bağlı Komitəyə müraciət etsə də, sonuncu iddiaçının anasının qeydiyyatının Bakı şəhərinə olması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: -1.2-ci bəndinə əsasən, işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir və Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. -Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. -1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir... -1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar. -1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. -1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür. -1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir. -2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İddiaçı hazırda məcburi köçkün kimi müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Məhkəmə imtinanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11914/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11914/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver