Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11918/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin yenidənqurma işləri nəticəsində cari dəyişikliklərin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş eskiz layihəyə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35L və 35T ünvanlarında inşa edilmiş (cari dəyişikliklərlə) qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı 04.02.2012-ci il tarixli və ********** saylı 20.09.2021-ci il tarixli çıxarışlara əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35 “L” və 35 “T” ünvanında yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/601 saylı 09.03.2012-ci il tarixli məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsi əsasında qeyd edilən ünvanda yerləşən tikililər sökülərək yerində avtomobillərə texniki xidmət mərkəzinin tikintisinə dair icazə verilmişdir. Yenidənqurma işləri 2012-ci ilin mart ayında başlanmış və 2013-cü ilin may ayında yekunlaşmışdır. Tikinti işləri yekunlaşdıqdan sonra Azərbaycan Respubikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin 25/26-00036 saylı 04.01.2014-cü il tarixli məktubu ilə qeyd edilən ünvanda yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin istismara qəbulu ilə bağlı sənədlər razılaşdırılmış və qəbul komissiyasının müvafiq qərarı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda akt tərtib olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin yenidənqurma işləri nəticəsində cari dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ********** saylı 21.10.2021-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. Verilmiş imtina cavabında 35T saylı əmlakın sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində ləğvi ilə bağlı notarial qaydada ərizə təqdim edilmədiyi, sözügedən əmlak kompleksinin yenidənqurma işlərinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/601 saylı 09.03.2012-ci il tarixli məktubu ilə razılaşdırılmış memarlıqplanlaşdırma həlli layihəsinə uyğun olduğu vurğulansa da, imtinaya əsas kimi guya binanın daxilindəki pilləkan və arakəsmələrin yerlərinin dəyişildiyi, qeyri-yaşayış obyektinin yerləşdiyi 4914 kv.m torpaq sahəsindən 32 kv.m-nə dair hüquqmüəyyənedici sənədin olmamasını, təqdim edilmiş istismara icazə sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması”na və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmadığı qeyd olunmuşdur. Aşağıdakılara əsasən verilmiş imtina cavabı tamamilə əsassızdır: 1. 35T saylı əmlakın sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində ləğvi ilə bağlı notarial qaydada ərizə mövcuddur və həmin ərizə iddia ərizəsinə əlavə olunmuşdur. 2. Qeyri-yaşayış obyekti Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/601 saylı 09.03.2012-ci il tarixli məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun inşa edilmişdir. İmtinada qeyd olunan arakəsmə və pilləkanların yerlərinin cüzi dəyişikliyi qeyri-yaşayış obyektinin dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilməz. 3. Əmlak kompleksinin yerləşdiyi torpağın faktiki ölçüləri 4015 kv.m mülkiyyətdə və 579 kv.m istifadədə olan torpaq sahələrinin cəmindən artıq deyildir. 3. İstismara icazə ilə bağlı sənədin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması”na və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmadığı qeyd olunsa da cavabdeh təşkilat nəzərə almamışdır ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Azərbaycan Respubikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü ilin yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35 T ünvanın arxiv texniki pasportuna əsasən A,B,C,D tikililərinin söküldüyü, yerində zirzəmi mərtəbəsi olan 1 mərtəbəli və 2 mərtəbəli qeyri-yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir. Qeyd edilən yeni tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər və qeyd olunan əmlakın sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Digər Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35 L ünvanında olan arxiv texniki pasportuna əsasən bütün tikililər sökülmüşdür. İnşa edilən tikililərin 2012-ci ildə tərtib edilən layihəyə uyğun olsa da, qeyri-yaşayış binasının daxilində pilləkən və arakəsmələrin yerlərinin dəyişildiyi məlum olmuşdur. Bundan əlavə, qeyd edilən ərazinin torpaq sahəsi faktiki 4914 kv.m təşkil edir. Lakin həmin sahənin 4015 kv.m ərizəçinin mülkiyyətdə, 579 kv.m istifadədə, 32 kv.m isə əlavə olaraq istifadəsində olduğu məlum olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.10.2021-ci il tarixli, **********73 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksu kimi müəssisənin yenidənqurma işləri nəticəsində cari dəyişiklillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 21.10.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı Nizami rayonu, Babək prospekti, 35 T ünvanın arxiv texniki pasportuna əsasən A,B,C,D tikililərinin söküldüyü yerində zirzəmi mərtəbəsi olan 1 mərtəbəli və 2 mərtəbəli qeyri-yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir. Qeyd edilən yeni tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər və qeyd olunan əmlakın sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Digər Nizami rayonu, Babək prospekti, 35 L ünvanında olan arxiv texniki pasportuna əsasən bütün tikililər sökülmüşdür. İnşa edilən tikililərin 2012-ci ildə tərtib edilən layihəyə uyğun olsa da, qeyri-yaşayış binasının daxilində pilləkən və arakəsmələrin yerlərinin dəyişildiyi məlum olmuşdur. Bundan əlavə, qeyd edilən ərazinin torpaq sahəsi faktiki 4914 kv.m təşkil edir. Lakin həmin sahənin 4015 kv.m ərizəçinin mülkiyyətdə, 579 kv.m istifadədə, 32 kv.m isə əlavə olaraq istifadəsində olduğu məlum olmuşdur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10.12.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35L ünvanında yerləşən əmlaka (sahəsi 498.0 kv.m) və torpaq sahəsinə (sahəsi 0.4015 ha) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 04.02.2012-ci ildə (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10.12.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35T ünvanında yerləşən əmlaka (sahəsi 340.7 kv.m) xüsusi mülkiyyət hüququ (tam) və torpaq sahəsinə (sahəsi 0.039010 ha) istifadə hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20.09.2021-ci ildə (qeydiyyat nömrəsi **********) qeydiyyata alınmışdır. Qeyd olunan məktubla həmin qeyri-yaşayış sahəsinin bölgü-sxemi də təqdim edilmişdir, tikili 340.7 kv.m, torpaq sahəsi 579.8 kv.m təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən və hazırda sökülmüş 35T nömrəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatının ləğv edilməsinə etiraz etmir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nizami rayon İcra Hakimiyyətinə ünvanlanmış 09.03.2012-ci il tarixli 18/03-8/601 nömrəli məktubdan görünür ki, Nizami rayon İcra Hakimiyyətinin 17.02.2012ci il tarixli, V-l saylı razılıq məktubu nəzərə alınaraq, İddiaçı məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04.02.2012-ci il tarixli, ******* saylı çıxarış) Nizami rayonu, ünvan 11 ünvanda yerləşən mövcud əmlak kompleksinin sökülərək, yerində avtomobillərə texniki xidmət mərkəzinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə baxılıb ("xxxx" Yaradıcılıq İstehsalat MMC-nin işi, memar N.Məmmədov) onu razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 14.03.2012-ci il tarixli V-1 nömrəli məktubdan görünür ki, ünvan 11 ünvanda mülkiyyətində olan 0.4015 ha torpaq sahəsindəki mövcud əmlak kompleksinin sökülərək, yerində avtomobillərə texniki xidmət mərkəzinin tikintisinə dair təqdim etdiyi memarlıqplanlaşdırma həlli layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.03.2012-ci il tarixli 18/03-8/601 №-li məktubu ilə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İddiaçı ünvanlanmış 04.01.2014-cü il tarixli 25/26- 00036 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35L ünvanda avtomobillərə texniki xidmət məntəqəsinin istismara qəbulu ilə bağlı sənədlər razılaşdırılaraq ona göndərilmişdir. İş materiallarında olan Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35L ünvanda yerləşən İddiaçı məxsus avtomobillərə texniki xidmət mərkəzi istismara qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17.09.2021-ci ildə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35T ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin texniki pasportu tərtib edilmişdir, tikinti altı sahə 390.1 kv.m, ərazinin ümumi torpaq sahəsi 579.8 kv.m təşkil edir (sənəd: 04.06.2016-cı il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarış). İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.09.2011-ci ildə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35L ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin texniki pasportu tərtib edilmişdir, tikinti altı sahə 0.07155 ha, ümumi sahə 0.4015 ha, digər sahələr 0.32995 ha təşkil edir. İş materiallarında olan layihədən görünür ki, "xxxx" Yaradıcılıq İstehsalat MMC tərəfindən (sifarişçi İddiaçı) 2012-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 2224-cü məhəllə, Babək prospekti 35L və 35T ünvanlarında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 58-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 31-ci maddəsinə əsasən icra hakimiyyəti başçısının rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək səlahiyyətləri vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35L ünvanında yerləşən əmlaka və torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 04.02.2012-ci ildə qeydiyyata alınmışdır. Həmçinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35T ünvanında yerləşən əmlaka xüsusi mülkiyyət hüququ (tam) və torpaq sahəsinə istifadə hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20.09.2021-ci ildə qeydiyyata alınmışdır. Qeyd olunan ünvanlara dair iddiaçının adına texniki pasportlar da tərtib edilmişdir. Qeyd olunan ünvanlarda iddiaçı tərəfindən mülkiyyətində olan tikililər sökülərək yenisi inşa edilmişdir. Həmin tikililər həmin ünvanda iddiaçının mülkiyyətində (4015 kv.m) və qanuni istifadəsində (579.8 kv.m) olan torpaq sahələrində inşa edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi ("xxxx" Yaradıcılıq İstehsalat MMC-nin işi, memar N.Məmmədov) razılaşdırılmışdır. İş materiallarından da görünür ki, "xxxx" Yaradıcılıq İstehsalat MMC tərəfindən (sifarişçi İddiaçı) 2012-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 2224-cü məhəllə, Babək prospekti 35L və 35T ünvanlarında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib edilmişdir. Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktından da görünür ki, obyektin tikintisi tikinti norma və qaydalarına uyğun aparılmışdır, həmçinin tikinti razılaşdırılmış layihə əsasında aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, tikililərin aparıldığı torpaq sahəsi 4015 kv.m iddiaçının mülkiyyətində, 579.8 kv.m isə iddiaçının qanuni istifadəsindədir. Qeyd olunan torpaq sahəsi uzun müddət iddiaçının qanuni istifadəsindədir. Cavabdeh imtina məktubunda qeyd olunanlardan əlavə, tikilinin aparıldığı sahənin əlavə olaraq 32 kv.m hissəsinin də iddiaçının istifadəsində olduğunu qeyd etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35L ünvanında yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam), eləcə də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 35T ünvanında yerləşən torpaq sahəsinə istifadə hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qeyd olunan ünvanlara dair iddiaçının adına texniki pasportlar da tərtib edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində həmin qeydiyyatlar ləğv edilməmişdir, hazırda qüvvədədir və başqa şəxslər tərəfindən mübahisələndirilmir. Həmin ünvanlarda iddiaçı tərəfindən mülkiyyətində olan tikililər sökülərək yenisi inşa edilmişdir və həmin tikililər həmin ünvanda iddiaçının mülkiyyətində (4015 kv.m) və qanuni istifadəsində (579.8 kv.m) olan torpaq sahələrində inşa edilmişdir. Habelə qeyri-yaşayış sahəsinin tikintisi tikinti norma və qaydalarına uyğun aparılmışdır, həmçinin tikinti razılaşdırılmış layihə əsasında aparılmışdır. Eyni zamanda cavabdeh inzibati orqan qeyd olunan tikilinin və onun yerləşdiyi torpaq sahəsinin digər şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsini, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmasını, digər şəxslər tərəfindən müraciətlərin edilməsini və mübahisələndirilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Təqdim edilmiş eskiz layihəyə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 35L və 35T ünvanlarında inşa edilmiş (cari dəyişikliklərlə) qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-11918/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11918/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver