Məhkəmə qərarları › İş №2-1(112)-1192/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1192/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1192/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1996-cı ildən ailə üzvləri ilə birlikdə faktiki yaşadığı ünvan 1 ünvanındakı 3 otaqlı mənzilə dair adına order verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5A saylı evin 23 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1988-ci ildən gənc mütəxəssis kimi güzəştli qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə ailə tərkibinə görə mənzil növbəsinə alınmışdır. Həmin qurumun 15.05.2009-cu il tarixli 3 nömrəli protokolu əsasında rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin birgə qərarı ilə ona 1996-cı ildən ailəsi ilə köçüb yaşadığı Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5A saylı beşmərtəbəli binanın 2-ci mərtəbəsində 3 otaqlı, sahəsi 38,05 kv.m olan 23 saylı mənzilin verilməsi qərara alınmışdır. Qərar təsdiq olunması üçün Cavabdehnə göndərilmiş və həmin mənzilə dair order verilməsi xahiş olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq, mənzilə dair order verilməmişdir. Bunun üçün dəfələrlə Cavabdehnə müraciət etməsinə baxmayaraq, order ala bilməmişdir. O, 13.03.2020-ci il tarixdə Bakı şəhəri Cavabdeh Başçısının adına bu haqda rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın 28.04.2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina edilmiş və bu haqda müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 28.04.2020-ci il tarixli İ-13-091 saylı məktubda qeyd edilir: Sizin yaşadığınız mənzilə order verilməsi barədə rayon icra hakimiyyətinə ünvanlanmış müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 01.10.2009-cıı il tarixindən qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən rayon icra hakimiyyətləri tərəfindən mənzillərə order verilməsi dayandırılmışdır. Müraciətdə qaldırılan məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan "xxxx" ASC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 3 nömrəli 15.05.2009-cu il tarixli protokolunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A, giriş-3, mərtəbə 2, mənzil 23, 3 otaqlı, sahəsi 38,05 kv.m olan mənzilin İddiaçı - 6 nəfərdən ibarət ailə tərkibinə verilməsi qərara alınmışdır. Orderə daxil edilir: İddiaçı – özü, X3 – arvadı, X1 – qızı, X5 – oğlu, X6 – qızı, X2 – oğlu. Həmin protokolda qeyd edilmişdir ki, Azəriqaz nəqliyyat İB-nin 3 iyun 1992-ci il və 48 saylı 13 iyul 1998-ci il tarixli müqavilələri əsasında Səhmdar Cəmiyyətə Lökbatan qəsəbəsi Nizami küçəsi 5 a, giriş-3, mərtəbə 2, mənzil 23, 3 otaqlı, sahəsi 38,05 kv.m olan mənzil ayrılmışdır, İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə 1996-cı ildən yaşayır, 1988-ci ildən gənc mütəxəssis kimi ev növbəsindədir və həmin mənzilin İddiaçı ailəsinə verilməsi təklif edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 25.12.2020-ci il tarixli 858 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin və aidiyyəti struktur təşkilatlarının balansında yoxdur. Həmin bina “Azəriqaz nəqliyyat” İstehsalat Birliyinə məxsusdur. İş materiallarında olan Azəriqaz İB tərəfindən məhkəməyə ünvanlanmış 06.07.2021ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən bina Azəriqaz İB-nin Qaradağ TİX-nin balansında və istifadəsində deyil. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə faktiki olaraq 1996-cı ildən, yəni 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1988-ci ildən gənc mütəxəssis kimi ev növbəsindədir, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5A, giriş-3, mərtəbə 2, mənzil 23, 3 otaqlı, sahəsi 38,05 kv.m olan mənzildə 1996-cı ildən yaşayır. "xxxx" ASC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 3 nömrəli 15.05.2009-cu il tarixli protokoluna əsasən həmin mənzilin iddiaçının 6 nəfərdən ibarət ailə tərkibinə (özü, arvadı, 4 övladı) verilməsi qərara alınmışdır. İş materiallarından da görünür ki, iddiaçı ailəsi ilə birlikdə 1996-cı ildən həmin ünvanda yaşayır və həmin mənzil iddiaçının istifadəsindədir. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildə 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayırlar və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Qeyd olunan mənzil 15.05.2009-cu il tarixdə (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01.10.2009-cu il tarixdən əvvəl) iddiaçıya və onun ailə üzvlərinə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mənzilə ehtiyacı olan şəxs kimi 1996-cı ildən həmin ünvana köçürüldüyü və həmin tarixdən bugünədək həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşadığı üçün 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən özünün icarədar hesab edilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5A saylı evin 23 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar