Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11921/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, (keçmiş Kirov qəsəbəsi) C.Cabbarlı küçəsi, 12 saylı evə dair adıma daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, (keçmiş Kirov qəsəbəsi) C.Cabbarlı küçəsi, 12 saylı evdə ailə üzvlərim ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Hazırda da həmin mənzildə həyat yoldaşı X5, 1975-ci il təvəllüdlü qızı X2, 1977-ci il təvəllüdlü oğlu X6, 1981-ci il təvəllüdlü oğlu X7, 1984-cü il təvəllüdlü X4, 1986-cı il təvəllüdlü X3 və nəvələrindən ibarət ailə üzvləri ilə birlikdə yaşayırlar. Yaşadığı müddət ərzində mənzilin bütün kommunal xidməti haqlarını vaxtlı-vaxtında tərəfidən ödənilib və ödənilir. Bu müddət ərzində o, iyirmi dörd ildir yaşadığı evin çıxarışını adına almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciətlər etsə də, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi (keçmiş Kirov qəsəbəsi) C.Cabbarlı küçəsi 12 saylı evə dair heç bir məlumatın aşkar edilmədiyi kimi məlumat vermişdir. Daha sonrakı müraciətlərində isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə ünvanladığı ərizələri və müraciətləri təmin edilməyib və məhkəməyə müraciət etməyi tövsiyə olunubdur. Ona görə də özünün bu illər ərzində pozulmuş konstitusion və prosessual hüquqlarımı müdafə etmək üçün məhkəməyə müraciət edib.
3. Azərbaycan SSRİ Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid X16 adına ünvan 1 ünvanında yerləşən pasport verilmişdir.
4. İddiaçı xx.xx.1952-ci ildə Ermənistan SSR, Ararat rayonunda anadan olmuşdur.
5. İddiaçının müraciətinə cavab olaraq Dövlət notariat arxivi tərəfindən bildirilmişdir ki, 1988ci ildə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi evinin X17 ilə arasında aparırmış notariat əməliyyatlarına dair sənədlərin surətlərinin və yaxud çıxarışın istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildirilmişdir ki, notariat qaydasında təsdiq edilmiş etibarnamələr arxivə təhvil verilmir və məhv edilənədək həmin dövlət notariat ofisinin arxivində saxlanılır.
6. İddiaçı ailəsi ilə bilikdə ünvan 3 ünvanında qeydiyyatdadır.
7. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, onun ünvan 3 ünvanı ilə bağlı məlumat və surətlərin verilməsinə dair xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, sorğuya əlavə edilən sənəd surətləri əsasında aparılan araşdırma zamanı Bakı şəhəri, keçmiş Kirov qəsəbəsi, C.Cabbarlı küçəsi, 29 saylı evə dair digər şəxsin adına tərtib edilmiş texniki pasport İdarənin arxivində aşkar edilmişdir. Lakin vətəndaş İddiaçı ilə sözügedən fərdi yaşayış evi arasında bağlılığa dair (alqı-satqı, bağışlama, dəyişdirmə müqaviləsi, məhkəmə qərarı və s) sorğuya hər hansı sənəd əlavə edilmədiyindən həmin ünvanla əlaqədar sənəd surətlərinin göndərilməsi mümkün olmamışdır.
8. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, onun ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizəsinə əsasən bildirilmişdir ki, adına fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş texniki pasportda göstərilən fiziki şəxs ilə sizin aranızda əlaqəli sənədlər (alqısatqı, bağışlama, dəyişdirmə müqaviləsi, məhkəmə qərarı və s) aşkar olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycana köçərkən qeyd edilən evi X14 mülki hüquqi əqd əsasında almış və həmin evdə ailəsi ilə birlikdə məskunlaşmışdır.
10. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş edir.
II. İddianın mümkünlüyü
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 1.11-ci bənddə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur.
13. Lakin məhkəmə qeyd edir ki, həmin texniki pasport iddiaçının adına deyil, vaxtilə mülkihüquqi əqd əsasında əldə etdiyi şəxsin adınadır.
14. 1988-ci ilin payız aylarında milli münaqişə zəminində azərbaycanlıların kütləvi olaraq Ermənistandan qovulması hamiya bəlli hadisələrdir.
15. Məhkəmə hesab edir ki, İddiaçı məqsədi qeyd edilən fərdi yaşayış evinə hüquqlarının dövlət qeydiyyatına alınması olduğundan bu məqsədə həmin fərdi yaşayış evinə dair mülki hüquqi əqdin (alqı-satqı, bağışlama, dəyişdirmə) bağlanmış hesab edilməsi qaydasında iddia qaldırmaqla daha sadə yolla nail ola bilər. Bununla bağlı aidiyyəti üzrə Binəqədi rayon ümumi məhkəməyə müraciət olunmalıdır.
16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva