Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11922/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı İddiaçı1, İddiaçı2 və X1 Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, qızı İddiaçı2 və nəvəsi xx.xx.2008-ci il təvəllüdlü X4 ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. Bundan əvvəl ünvan 4 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdırlar. Lakin sonra həmin ev söküntü ərazisinə düşmüş, bununla əlaqədar onlara kompensasiya verilmişdir. Bundan sonra onlar Biləcəri qəsəbəsində ev alamağa qərara gəlmişdir. Biləcəri qəsəbəsində indiki yaşadıqları ev Zaur adlı bir şəxsdən 2014-cü ildə almışdır. 2014-cü ildən ailə olaraq birlikdə həmin evdə yaşayırlar. Evə dair bütün kommunal xidmət müqavilələri bağlanmış, məlumatlandırma icraatı qaydasında “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi layihəsi hazırlanaraq iddiaçıya təqdim edilmişdir. Evin reyestr çıxarışı olmadığı üçün qeydiyyata alınmamışdırlar. Ərizə əsasında Binəqədi rayon Polis İdarəsində qeydiyyata alınmışdırlar. Yaşayış sahəsi əvvələr iddiaçının mərhum həyat yoldaşı X3 adında olmuş bütün kommunal xidmət müqavilələri və vergilər onun adından ödənilmişdir. xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Daha sonra fərdi yaşayış evi iddiaçının sahibliyinə keçmiş, müvafiq rüsum və vergiləri, kommunal xidmətlərə görə haqq iddiaçı tərəfindən ödənilmişdir. Qeyd etmişdir ki, həmin fərdi yaşayış evi qazlaşdırılmış, buna dair texniki şərt alınmışdır. xx.xx.2021-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə Müqavilə, “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi və “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilə idiaçı İddiaçı1 ilə bağlanmışdır. Evə dair kommunal xidmətlərin haqqı da tərəflərindən ödənilir. Bütün bunlara baxmayaraq xeyli müddətdir daimi yaşadıqları və sahibliklərində olan ünvan 3 ünvanına qeydiyyat düşə bilmirlər. Əsas problem yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış verilməmiş olmasıdır. İddiaçı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, imtina cavabı verilərək məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu qeyd olunmuşdur. Bu ilin may ayında polis idraəsində qeydiyyatda olan şəxslərin kütləvi şəkildə qeydiyyatdan çıxarılması ilə əlaqədar iddiaçı və ailə üzvləri qeydiyyatdan çıxarılmışdır. Qızı İddiaçı2 və nəvəsi X2 məxsus şəxsiyyət vəsiqələri itirilmişdir. Bununla əlaqədar ASAN xidmətdə yeni şəxsiyyət vəsiqələrinin alınması üçün hətta Binəqdi RPİ-nin QMB tərəfindən onlara müvəqqəti qeydiyyat vəsiqəsi verilərək 1 aylıq müddətə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 6 ünvanına müvəqqəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında X4 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu. - İddiaçı1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - İddiaçı2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçı faktiki olaraq ailə üzvləri ilə ünvan 6 ünvanına yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı faktiki yaşadığı yer üzrə qeydiyyata alınmasını istədiyindən, faktiki yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sənədlərin təqdim olunduğu təqdirdə, yaşayış yeri üzrə qeydiyyata alınmanın mümkün olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan yaşayış evi Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 6, ev 69 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, qeyd edilən ünvanda yerləşən evə dair elektrik enerjisi və qaz təhcizatı ilə təmin olunması barədə müvafiq müqavilələr iddiaçı ilə bağlanılmış, kommunal xidmət haqları da onun tərəfindən ödənilir. Eyni zamanda iş materiallarına əsasən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin QMB tərəfindən İddiaçı2 xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olduğu yer üzrə ünvan 6 ünvanına qeydiyyata alınaraq 242 saylı müvəqqəti qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında görünür ki, “Bakı Torpaq” Lahiyə Smeta Bürosu tərəfindən “Titikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” nə dair İddiaçı1 adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 6 ünvanında yerləşən mənzilin eskiz layihəsi Binəqədi Rayon İcra Hakimiyyəti qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün qanunverici “şəxsin yaşayış yeri” anlayışını həmin Qanunun özündə təsbit etmişdir. Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, qanunvericilik şəxsin “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutduğundan, həmçinin iddiaçının qeyd edilən ünvan üzrə qeydiyyata alınmasına əsas verən sənədi (rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş müvafiq layihə) mövcud olduğundan iddiaçıların hal-hazırda faktiki qeydiyyatsız yaşadığı ünvana qeydiyyata alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiaları təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı2 və X1 Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və X1 Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev