Məhkəmə qərarları › İş №2-1(112)-11924/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11924/2024

06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11924/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə qarşı “qətnamənin icra edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4093-2014 saylı 10 iyun 2014-cü il tarixli qətnaməsinin tam şəkildə icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-4093-2014 saylı mülki iş üzrə 10 iyun 2014-cü il tarixdə qətnamə qəbul edilmişdir. Həmin qətnamə aliment öhdəliyinin icra edilməsi hissəsində Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə göndərilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, 30 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün X1 hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qeyd edilən qətnamə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinə göndərilsə də tam şəkildə icra edilməmişdir. İddiaçı halhazırda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən də azyaşlı uşağın normal şəraitdə saxlanılması üçün aliment öhdəliyinin tam şəkildə icra edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4093/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilmişdir. X2 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsində 554 nömrəli akt qeydi ilə bağlanılmış nikah pozulmuşdur. Qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. xx.xx.2012ci il təvəllüdlü X3 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı yanında qalması müəyyən edilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün X1 hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Alimentin tutulma müddəti xx.xx.2014-cü il tarixdən müəyyən edilmişdir. Qalan hissədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 2-5/2-23240/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, aliment ödənilməsinə dair tərəf olduğu iş üzrə məhkəmə qərarının icra edilmədiyini, bununla bağlı müraciət etməsinə baxmayaraq səmərəli tədbir görülmədiyini bildirmiş, məsələnin araşdırılmasını və hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, huquq pozulması halları müəyyən edildiyi təqdirdə, aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 2-5/2-31347/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Aliment ödənilməsinə dair tərəf olduğu iş üzrə məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığınız şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə əlaqədar Ədliyyə Nazirliyinə tapşırıq verilmişdir. Verilmiş cavabda bildirilmişdir ki, Nəsimi rayon İcra şöbəsində başlanılmış icraat zamanı ərizəniz nəzərə alınaraq icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsi ilə xx.xx.2015-ci il tarixdə məhkəməyə qaytarılmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin icra olunmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4093-2014 saylı 10 iyun 2014-cü il tarixli icra sənədinin icrası ilə bağlıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar