Məhkəmə qərarları › İş №2-1(112)-1193/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1193/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1193/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 25.02.2020-ci il tarixli, 08.04.2020-ci il tarixli və 08.05.2020-ci il tarixli müraciətlərinə cavab verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, bir neçə dəfə cavabdehə 16 saylı cəzaçəkmə müəssisəsində hədə-qorxu ilə tələb etmə faktı ilə əlaqədar müraciət etmiş, cavabdeh onun müraciətinə cavab verməmiş və ərizələrini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərmişdir. O, bir dəfə də olsun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə çağırılmamış, onu orada sorğu-sual etməmişlər. Cavabdeh tərəfindən də bu günədək müraciətlərinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının bütün müraciətlərinə cavab verilmişdir. İddiaçının dəfələrlə eyni məzmunlu müraciətləri olub, bütün müraciətlərinə də cavab verilmişdir. Ona görə də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təklükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış 08.09.2020 və 09.09.2020-ci il tarixli, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış 02.10.2020-ci il tarixli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış 13.10.2020-ci il tarixli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış 10.11.2020-ci il tarixli, Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 02.10.2020-ci il tarixli, İddiaçı ünvanlanmış 11.11.2020ci il tarixli, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 09.09.2020 və 10.09.2020-ci il tarixli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış 08.09.2020-ci il tarixli məktublarlardan görünür ki, iddiaçının müraciətlərinə cavabdeh tərəfindən baxılmış və müraciətlər baxılması üçün aidiyyəti üzrə göndərilməklə bu barədə iddiaçıya məlumat verilmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. Həmin qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 25.02.2020, 08.04.2020 və 08.05.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciətlər etmiş, cavabdeh tərəfindən də həmin müraciətlərə cavab verilmişdir. iddiaçı həmin müraciətlərinə cavabdeh tərəfindən cavab verilmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktublarından görünür ki, iddiaçının ərizələrinə cavabdeh tərəfindən baxılaraq cavablar verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar