Məhkəmə qərarları › İş №2-1(112)-11930/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11930/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11930/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 3/8, 101 saylı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışa əsasən ünvan 1 (87.33 kv.m.) iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən mənzil halhazırda iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. Hazırda iddiaçı ona məxus ünvan 1 mənzili yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyri- yaşayış sahəsi kimi istifadə edilməsinə dair sərəncam verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olaraq şifahi tapşırığına əsasən 28 fevral 2023-cü il tarixdən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsinin dayandırıldığını əsas gətirərək imtina etmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 3/8 101 saylı mənzili qeyri-yaşayış sahəsi kimi istifadə edir. Binanın birinci mərtəbəsində yerləşən mənzil qeyri-yaşayış sahəsinin bütün tələblərinə cavab verir. Sözügedən məzil yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Bundan əlavə yaşayış sahəsinin girişi ayrıdır, sakinlər üçün səs-küy, iyi-qoxu, partlayış və yanğın təhlükəsi yoxdur, sözügedən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi orada yaşayan sakinlərin yaşayış şəraitini pisləşdirmir. Həmçinin, sözügedən ünvanda kommunal və digər zəruri təminatlarla bağlı dövlət orqanları ilə həmin ünvanla bağlı mənzil kimi yox qeyriyaşayış sahəsi kimi müqvilələr bağlanmışdır. Sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Eskiz Layihəsi Cavabdeh Layihə Smeta bürosu tərəfindən hazırlanmış və təsdiq edilmişdir. Hazırda həmin mənzil qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Həmin ünvanda fəaliyyət göstərən obyektə bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq Lisenziya verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli texniki pasportdan görünür ki, ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşir, otaqların sayı - 4, ümumi sahəsi 87,33 kv. metr, yaşayış sahəsi 63,33 kv.metr təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023cü il tarixli ********** nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 3/8, 101 saylı mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin ümumi sahəsi 87.33 kv.m (4 otaq yaşayış sahəsi 63.33 kv.m) olmaqla **********99-05101-093052 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən mənzilin daxilində rekonstruksiya işləri aparılması nəticəsində mənzildən küçəyə qapı oyuğu açılaraq qeyri-yaşayış sahəsi (diş kabineti) kimi istifadə olunur. Məhkəmə tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 3/8, 101 saylı mənzilə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mənzil 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzilin giriş-çıxışı birbaşa küçəyə açılır. Mənzil dəhliz və sağ və sol tərəflərdə yerləşın otaqlardan ibarətdir. Mənzilin binanın pilləkən meydançasına açılan girişi bağlanmışdır. Giriş-çıxış yalnız küçəyə açılan qapıdandır. Mənzil psixoloji mərkəz kimi fəaliyyət göstərir. Baxış zamanı mənzildə hər hansı yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması müəyyən edilməmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olan şifahi tapşırığına əsasən 28 fevral 2023-cü il tarixdən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin qərarında göstərilmişdir ki, “yoxlama zamanı təqdim olunmuş mütəxəssis və ekspert rəylərinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 3/8-də yerləşən, özünə məxsus 101 nömrəli mənzildə aparılmış işlər insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmamışdır.” Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir (20.1). Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir (20.2). Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir (20.3). Qeyd edilən normaların məzmunundan göründüyü kimi yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün həmin qeyri-yaşayış sahəsinin ayrıca (yaşayış sahələrinə aid olmayan) gediş-gəliş imkanı olmalı, həmin sahə mənzilin tərkib hissəsi kimi qalmamalı, həmin sahənin mülkiyyətçisi tərəfindən yaşayış yeri kimi istifadə olunmamalı, başqa şəxslərin hüquqları ilə yüklü edilməməli, çoxmənzilli binanın tərkib hissəsi olduqda binanın birinci mərtəbəsində yerləşməli, yuxarı mərtəbələrdə yerləşdikdə isə həmin sahənin altında yaşayış sahəsi olmamalıdır. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüququları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Yaşayış sahəsi olsa da faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 3/8, 101 saylı mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin ümumi sahəsi 87.33 kv.m (4 otaq yaşayış sahəsi 63.33 kv.m) olmaqla **********99-05101-093052 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən mənzilin daxilində rekonstruksiya işləri aparılması nəticəsində mənzildən küçəyə qapı oyuğu açılaraq qeyri-yaşayış sahəsi (psixoloji mərkəz) kimi istifadə olunur. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (21.1). Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı (21.2). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir (21.3). Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir (21.4). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır (21.5). İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə qanunla müəyyən edilmiş qaydada cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçının müraciəti əsasında hər hansı araşdırma aparmayaraq ona formal cavab verilmişdir. Mənzil Məcəlləsində göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda (22.1). Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır (22.2). Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər (22.3). Göründüyü kimi cavabdeh iddiaçının müraciətinə imtina cavabı verərkən qanunvericiliyin yuxarıda qeyd edilən heç bir müddəasına əsaslanmamışdır. İddiaçının tələbinin təmin edilməməsi üçün isə qanunda nəzərdə tutulmuş halların hər hansı biri mövcud deyildir. Eyni zamanda iş üzrə mütəxəssis rəyi ilə, həmçinin mənzilə yerində baxış keçirməklə müəyyən edilmişdir ki, mənzildə küçəyə qapı açılmasından əlavə hər hansı yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmamışdır. Göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar